Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin cavabları həqiqətin təntənəsidir

Azərbaycan ordusu hərb meydanında müzəffər şəkildə irəliləyir, öz xilaskarlıq missiyasını uğurla həyata keçirir. Ardıcıl olaraq, yeni zirvələr, yeni kənd, qəsəbə və şəhərlərimiz azad edilir. Diplomatlarımız xarici həmkarları ilə diplomatik-siyasi cəbhənin əsgərləri kimi davamlı danışır, görüşürlər. Bilirik ki,  Vətənə xidmətdə keçən ömür ömürlərin ən yaxşısıdır. Ən vətənpərvər insan öz işini yaxşı görən insandır prinsipini unutmamaq lazımdır.

Bəli, hərbçilərimiz öncəbhədə, diplomatlarımız diplomatik-siyasi cəbhədə mübarizə aparır. Hər iki cəbhədə mübarizə aparan Azərbaycan oğullarının ilham aldığı, örnək götürdüyü və inandığı ən birinci insan Ali Baş Komandanımızdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Böyük Vətən Müharibəsinin (yaxud müharibənin həlledici fazasının) başladığı 27 sentyabrdan sonra ard-arda verdiyi  müsahibələr əsgər və diplomatlarımızın mübarizəsinin tərcümanıdır. Dövlət başçısının nüfuzlu xarici media orqanlarına verdiyi müsahibələr yalnız bu gün üçün deyil, gələcəkdə də müraciət ediləcək bir salnamədir. Ermənsitan --Azərbaycan elanolunmamış mühari­bəsinə, 2020-ci ilin payızında yaşananlara və qələbəmizə dair mötəbər fikir axtaranlar o müsa­hibələri bir-bir incələ­yə­cəklər.

Prezidentin Yaponiyanın “Nikkei”, Fransanın “Fiqaro” qəzetlərinə və Amerikanın “Fox News” televiziya kanalına yeni müsahibələrinə dair qənaətlərimizi bölüşməmişdən öncə, başqa bir ölkənin nüfuzlu qəzetinin baş redaktorunun fikirlərinə qısaca diqqət edək. – “Nezavisimaya Qazeta”nın sahibi və baş redaktoru Konstantin Remçukov, Azərbaycan Prezidentinin son müsa­hibələrini əsas gətirərək deyib: “Son həftə ərzində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir”.

Daha sonra Remçukov Türkiyənin münaqişədəki hazırkı roluna toxunaraq qeyd edib ki, Ermənistan Türkiyənin Avropa Birliyi ölkələri, Yunanıstanla konfliktləri, eləcə də Yaxın Şərqdə apardığı siyasətə görə tənqid olunmasından istifadə edərək, onu münaqişədə tərəf kimi göstərməklə, beynəlxalq sferada dəstək qazanmaq istəyir. Yəni, nüfuzlu rus nəşrinin baş redaktoru Türkiyənin Azərbaycana hərbi dəstəyi və muzdlular göndərməsinə dair yalanların Ermənistan tərəfindən məhz bu məqsədlə yayıldığını düşündüyünü bildirib. “Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfər­rüatı ilə və səlis izah edirsiniz”.  “…Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq”. – Bu isə ABŞ-ın “Fox News” televiziya kanalının müxbirinin sözüdür. Deməli, “Nezavisimaya Qazeta” baş redaktorunun, “Fox News” əmək­daşının da vurğuladığı kimi, Azərbaycan Prezidentinin müsahibələri bey­nəlxalq ictimai fikri qidalandırır, streotipləri dəyişir, həqiqətləri tirajlayır. Birmənalı şəkildə deyə bilərik ki, Prezidentin xarici media orqanlarına müsahibələri günümüzün ən ciddi ictimai-siyasi hadisələrindəndir.

Yapon, fransız qəzetləri və Amerika televiziya kanalına müsahibələr bir daha göstərdi ki, jurna­listlərin ön cəbhədə yaşananlardan savayı, Türkiyə haqqında da sual vermədən keçinə bilmirlər. Açığı, Türkiyə haqqında sualların intensivliyi, israrı bir neçə məqamla şərtlənir. Birincisi, “yenilməz erməni ordusu” mifinin belə sürət və keyfiyyətlə darmadağın edilməsini təkba­şına Azərbaycanın uğuru hesab etməyə çətinlik çəkirlər. İkincisi, türk SİHA-larının xarüqalər yaratması bir çoxlarının kürkünə birə salıb. Üçüncüsü, Türkiyə Cümhurbaşqanı, TBMM başqanı, Türkiyə Xarici işlər naziri, Türkiyə Müdafiə naziri və başqalarının gündəliyində Qarabağın, Azərbaycanın 1 nömrəli mövzu olması, Azərbaycana dəstəyi gur səslə və dəfələrlə bəyan etmələri bəzilərinin yuxusuna haram qatıb. Dördüncüsü, əlbəttə ki, Azərbaycan Prezidentinin Türkiyə Cümhurbaşqanının, Türkiyənin şəninə dediyi səmimi, qibtədoğuracaq sözlər və bu sözlərin təsbiti olan gerçək əməllər erməniləri və tərəfdarlarını razı salmayacaqdı… Mövlud Ça­vuşoğlunun “Biz “bir millət, iki dövlətik”, gərəkirsə, “bir millətin bir dövləti kimi də hərəkət edərik”…” möhtəşəm fikrinin yalnız söz olmadığını, köz olduğunu hər kəs dərk edir...   

Beləliklə, kimin və nə məqsədlə sual verməsindən asılı olmayaraq, Tür­kiyə ilə bağlı Azərbaycanın cavab verə bilməyəcəyi bir məqam yoxdur.  Cənab Prezidentin öz sözlərinə müraciət edək:

-Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır.Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

Bəli, artıq istəyən də, istəməyən də qəbul edir ki, Ermə­nistan - Azərbaycan elan olun­mamış müharibəsinin nizamlanması prose­sində Türkiyənin fəal iştirakı qaçılmazdır, qardaş ölkənin buna həm hüquqi, həm coğrafi, həm də beynəlxalq nüfuz baxımından tam haqqı çatır.

Cənab Prezidentin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında neçə türk SİHA-sının olmasınadək dəqiqlik tələb edən suallarla bağlı “Fiqaro”ya cavabı çox ibrə­tamizdir: “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukray­nadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütöv­lüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tə­rəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”. Yəni heç kəs iz azdırmağa çalışmaqla bir şeyə nail ola bilməyəcək. Kimlərinsə bizim qardaş ölkəyə qarşı əsilsiz nifrətini yenidən qaynat­mağına imkan verə bilmərik. 

Digər qonşumuz Gürcüstanla mövcud strateji tərəfdaşlığı, iki ölkə hökuməti arasında mükəmməl bağlar, qarşılıqlı səmimi dəstək, dostluq və yaxın qonşuluq, Ermənistanın guya “xristianlığın Qafqazda son qalası” kimi səfsəfəsini sıfırlamaq üçün yaxşı dəlildir. Əgər bir “son qala” la­zımsa, niyə o, Gürcüstan deyil də, Ermənistan olmalıymış?! Bəli, Azərbaycanla Gürcüstan birlikdə bölgənin və daha geniş coğrafiyanın inkişafını şərtləndirən önəmli enerji və nəqliyyat layihələri gerçəkləşdirib. Bunların arasında Bakı - Tiflis - Ceyhan, Bakı - Tiflis - Ərzu­rum, TANAP, Bakı - Tiflis - Qars və s. xüsusi önəmə malik layihələri xatırlatmaq ye­tərlidir. Yetərlidir, deyək ki, Azərbaycan və Türkiyə Gürcüstanda iki ən böyük investor, iki ən böyük vergi ödəyicisidir.

Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr gerçəkləş­dirir. Elə burdaca vurğulayaq ki, əgər Ermənistan əsassız torpaq iddiaları ilə çıxış etməsəydi, işğal siyasəti yürütməsəydi, terror dəstək verməsəydi, minimum qonşuluq, birgəyaşayın normalarına əməl etsəydi, indi Gürcüstan kimi firavan dolanırdı. Ermənistan həm özünə, həm bütün bölgəyə problemlər yaradaraq aldada bildiklərini də öz problemlərinə, yalanlarına ortaq etmək istəyir.

Jurnalistlərin verdikləri suallar ictimai fikri düzgün qidalandırmağa borclu olan medianın mətbəxindəki ab-havanı öyrənməyə yetərlidir: “Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?”. “Hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?”. “Nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”.  “Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təy­yarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər”. “Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevril­məsindən qorxmursunuz?”. “Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız?”. “Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh Ermənistan və Azər­baycana nə verə bilər? Çünki Ermənistan dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər?”…

Dövlət başçımız az qala hər gün bu qədər əsassız suallara cavab verir, təmkinlə izah edir, doğrulara dəvət edir, həqiqətləri qəbul etdirir… Artıq Qarabağda qatarın çoxdan getdiyini başa düşənlər başqa suallar ver­məyə başlayıb, ölkədaxili məsələləri qabartmaq, oradan hansısa ipucu tapmaq niyyətini nü­mayiş etdirirlər. Belə sualların sual dövriyyəsinə daxil edilməsinin təsadüfi olma­dığını başqa bir təvafüq məqam da sübut edir: işğalçı orduya, işğalçılara, Xocalı suçlularına qarşı mərhəmətlilər, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının müzəffər yürüyüşünə öz ağıl­larınca kölgə salmaq istəyənlərin adda-budda səsi duyulmağa başlayıb. Çox açıq şəkildə deməliyik: dövlət başçısının, bu iqtidarın tarixi qələbə qazanmasını sinirə bilmirlər! Bununla da, tarixin qara ləkəsini öz üzərlərinə götürmüş olurlar. Çünki ya bu müzəffər irəliləyişi qəbul etməlisən, ya da işğalın davamında maraqlısan.

Fikirlərimizi cənab Prezidentə verilmiş suallardan birinə möhtəşəm və qürurverici cavabla yekunlaşdıraq.  “Nikkei”:

- Dağlıq Qarabağı geri qaytarandan sonra Siz “Madrid prinsipləri”ndə qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verə­cəksinizmi?

- Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insan­ların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə vermə­yə­cəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt! –

Bu, cavabların ən gözəlidir. Bu, tam bir müəyyənlikdir. Bu, dosta da, düşmənə də ismarıncdır.  Bu, ən çətin situasiyalarda belə dəyişməyən Azərbaycan səmimiyyətidir. Bu, Prezident qətiyyətidir. Bu, Azərbaycan dövlətçilik ləyaqətinin ifadəsidir!

Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

26 Oktyabr 2020 12:04 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Noyabr 2020 | 00:35
Ömür vəfa etsəydi...
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya

Köhnə versiyamızdan xəbərləri izlə