Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Həsən Seyidbəyli – 100” adlı viurtual sərgi

Bu il Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Həsən Seyidbəyli uzun və genişşaxəli yaradıcılıq yolu ilə sənət tariximizdə xüsusi yer tutub. Həsən Seyidbəyli milli kinomuza Nəsiminin bədii obrazını gətirməklə kino tariximizi zənginləşdirdi. İlk dəfə kinomuzda Nəiminin, Teymurləngin, Şirvanşah İbrahimin bədii obrazlarını yaratdı.                                                                                                 

Həsən Seyidbəylinin ömür yolu mədəniyyətimizlə, incəsənətimizlə, ədəbiyyatımızla sıx şəkildə bağlıdır. Onun bədii əsərləri, filmləri tariximizin əsl bədii salnaməsidir. Bu əsərlərdə təlqin olunan ideyalar ömür yolumuza işıq saçır, bizi mənəvi dəyərlərimizə daha həssas yanaşmağa səsləyir. Kinorejissor kimi də, yazıçı kimi də çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəyli yaradıcılığı sevilərək minlərlə insanların diqqətini cəlb etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Həsən Seyidbəyli – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, fotolar, mükafatlar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.                                               

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Hesen_Seyidbeyli_100/index.htm linkindən istifadə edə bilərlər.                

Qeyd edək ki, Milli Kitabxana “Həsən Seyidbəylinin 100 illik yubileyi” ilə əlaqədar tədbirləri davam etdirəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Oktyabr 2020 10:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə