Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anar Eyvazov: Hazırda Azərbaycan Ordusunun bölmələri cəbhəboyu döyüşləri davam etdirir

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmən əməliyyat sahəsindəki qoşunlarımızı, həmçinin Ağdam, Tərtər, Ağcabədi rayonlarını tanklar, minaatanlar və toplardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 25-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirib və işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi atəş zərbələri endirərək onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə döyüş mövqelərini düşməndən təmizləyib. Ağdərə və Xocavənd istiqamətlərində yerləşən düşmən bölmələri ordumuzun cavab tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə itirib.

Qeyd edilib ki, artıq Ermənistan tərəfində döyüş sursatının tükəndiyi və artilleriya qurğularının sıradan çıxdığı məlum olub. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnika baxımından itkilər verərək geriyə qayıdıb. Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Hərbi hava qüvvələrimizin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində düşmənin üç tankını, iki sığınacağını və dörd dayaq məntəqəsini dəqiq zərbələrlə sıradan çıxarıb.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 3 tankı, 2 piyada döyüş maşını, 6 artilleriya qurğusu, 1 “Qiasint-B” topu, 2 “Qrad”, 1 komanda idarəetmə məntəqəsi, 9 avtomobil texnikası və bir neçə atəş nöqtəsi məhv edilib.

“Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir. Hərbi hava qüvvələrimizin döyüş aviasiyası düşmənin hərbi infrastrukturlarını hədəfə alır. Ümumi olaraq qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən havadan və qurudan darmadağın edilir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.

25 Oktyabr 2020 20:21 -

Köhnə versiyamızdan xəbərləri izlə