• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin “Haber Global” kanalında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə dair süjet yayımlanıb

Türkiyənin “Haber Global” kanalında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə dair süjet yayımlanıb

Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində 15 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə həsr edilən geniş süjet yayımlanıb. 
“İlham Əliyev ilə 15 il” adlı yeddi dəqiqəlik süjetdə dövlət başçısının hakimiyyətdə olduğu dövrdə mühüm uğurların qazanıldığı qeyd edilib. Həmçinin İlham Əliyevin 2003-cü ildə səsvermə günü verdiyi müsahibədə dediyi “Bu seçkilərin Azərbaycanın inkişafı, Azərbaycan xalqının rifahının artması və Azərbaycan dövlətinin güclənməsi yolunda mühüm addım olacağına inanıram” sözləri diqqətə çatdırılıb. 
Süjetdə müstəqilliyin əvvəllərində Azərbaycanın bütün sahələrdə dərin böhran içində olduğu qeyd edilib, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dinamik inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində on illər ərzində əldə edilə biləcək nailiyyətlərin qısa müddətdə qazanıldığı xüsusi vurğulanıb. Bildirilib ki, postsovet ölkələri arasında bazar iqtisadiyyatına sürətlə keçid edən ilk respublika olan Azərbaycan regionun güclü ölkəsinə, dünyada söz və nüfuz sahibinə çevrilib. 
Süjetdə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərdən geniş söhbət açılıb. Qeyd edilib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 2003-cü ildəki 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. Bu illərdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya yatırılıb. 
Diqqətə çatdırılıb ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanı enerji sahəsində önəmli ölkəyə çevirib. Prezident İlham Əliyevin liderliyi ilə nəhəng enerji və nəqliyyat layihələri reallaşdırılıb. Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri istifadəyə verilib. Dəyəri 40 milyard dollardan çox olan “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi başa çatmaq üzrədir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində dünyanın ən nüfuzlu enerji şirkətləri ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.
Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi nailiyyətlər arasında ötən il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyəti süjetdə xüsusi vurğulanaraq, bunun beynəlxalq yükdaşımalarda önəmi diqqətə çatdırılıb. 
Qeyd edilib ki, İlham Əliyevin prezidentliyi dövründə inkişaf etdirilən ən mühüm sahələrdən biri də yüksək texnologiyalar sahəsidir. Ölkədə 2010-cu ildə “Azərkosmos” ASC qurulub. Bundan sonra - 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”, 2014-cü ildə “Azersky”, keçən ay isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.
Süjetdə Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu sırasına daxil olduğu qeyd edilib. Azərbaycan Ordusunun 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Ermənistanın növbəti təxribatlarının qarşısını qətiyyətlə alaraq, torpaqlarımızın bir hissəsini işğaldan azad etdiyi qeyd olunub.  
Bildirilib ki, hərbi sahədəki uğurlar diplomatiya sahəsində də davam etdirilib və Azərbaycan Ermənistanı dünyada işğalçı ölkə kimi tanıtmağa nail olub. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi torpaqları boşaltması üçün qərar və qətnamələr qəbul ediblər. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Süjetdə qeyd edilib ki, dünyada sabitlik və əmin-amanlıq diyarı kimi tanınan Azərbaycan son illərdə bir sıra mötəbər tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, dünyada ilk dəfə keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil olunub. 2016-cı ildən etibarən Bakıda hər il Formula 1 yarışları keçirilir. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək.
Süjetdə ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə əsası qoyulan Azərbaycan-Türkiyə qardaşlığının Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da inkişaf etdiyi, ölkələrimizin birlikdə nəhəng layihələr həyata keçirdikləri bildirilib. Belə layihələrdən birinin – SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun yaxın günlərdə istifadəyə veriləcəyi qeyd olunub. 
Reportajda Azərbaycanın inkişafında Prezident İlham Əliyev ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezidentin qızları Leyla və Arzu mədəniyyət və təhsil sahələrində bir çox layihələrin təşəbbüskarlarıdır. Prezident İlham Əliyevin oğlu, babasının adını daşıyan Heydər hazırda həqiqi hərbi xidmətdədir. 

AZƏRTAC

16 Oktyabr 2018 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin