• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Frankofoniya sammiti Ermənistanın diplomatik uğursuzluğunun növbəti ifadəsi oldu

Frankofoniya sammiti Ermənistanın diplomatik uğursuzluğunun növbəti ifadəsi oldu

Son illərdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, görünür, Ermənistanı da yuxudan oyadıb. O da Azərbaycanın yerişini yeriməyə çalışıb. Amma Ermənistan Azərbaycanın yerişini yeriyə bilməz. Odur ki, bu günlərdə Ermənistanda keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti böyük biabırçılıqla başa çatdı. Fransa və Kanada arasında gedən Frankofoniya uğrunda gərgin mübarizə burada özünün kuliminasiya nöqtəsinə çatdı və partladı. Bunu Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdo arasında mübarizə kimi də başa düşmək olar. 
Dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürmüş Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin Azərbaycanın 20 faiz ərazisini otuz ilə yaxın böyük bir müddətdə işğal altında saxlayan, iyirminci əsrin axırlarında Xocalı qətliamını törədən Ermənistan kimi təcavüzkar və terrorçu bir ölkədə keçirilməsi qərarının özü əvvəldən yanlış idi. Çünki Ermənistan kimi mənfi beynəlxalq imicə malik və forpost bir dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Ona görə də dünyada sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı gözlənilsə də, bunun əvəzində Fransa Prezidenti Makronla təşkilatın baş katibi Mişel Jan arasında amansız qarşıdurma meydana çıxdı. Bu isə sırf hakimiyyət hərisliyi məsələsi idi. Belə ki, əslən Kanadadan olan Mişel Jan sənaye dövləti olan Kanadanın Frankofoniya vasitəsilə güddüyü Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək məqsədini müdafiə etməyə çalışırdı. Makron isə Fransanın geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya təşkilatına nəzarəti əldən verə bilməzdi. 
Beləliklə, maraqların toqquşması təşkilatın baş katibi Mişel Janın zirvə toplantısının keçirildiyi günlərdə təşkilatın ölü olduğunu, şəxsi məqsədlərə xidmət etdiyini bəyan etməsi ilə nəticələndi. Bu isə diplomatiya tarixində görünməmiş bir hadisə idi. 
Sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və yaranmış qarşıdurmanı zalda oturaraq izləyən Ermənistan rəhbərliyi üçün də Frankofoniya təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş olmadı. Halbuki, rəsmi İrəvan bunu “uğurlu xarici siyasət” kimi sadə ermənilərin beyninə yeritmək niyyətində idi. Təşkilata yeni üzv olan Ermənistan, eyni zamanda, bu vasitə ilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Amma son nəticədə məlum oldu ki, Ermənistan bunu bacarmadı və yenə də Azərbaycan diplomatiyasının arxasınca sürünməyə məhkum oldu.

Günel SƏFƏROVA, 
“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru

16 Oktyabr 2018 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin