Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tezliklə COVID–19-a da qalib gələrik, erməni işğalçılarına da...

Azərbaycanda epidemioloji durum pisləşərsə, koronavirusla əlaqədar yeni lokal qapanmaların olması ilə bağlı qərarlar verilə bilər. Çünki lokal qapanmalar koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərdən biridir. Bu fikirləri respublikanın baş infeksionisti Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, lokal qapanmaya o vaxt gedilir ki, hansısa bir ərazidə yaşayan inasanlar arasında infeksiyaya yoluxma halları digər ərazilərdən əhəmiyyətli dərəcədə çox olur. Bu, həmin ərazi üçün görülən vacib tədbirlərdən biri hesab edilir. Əgər bu kimi tədbirlər effektli olmasa, daha sərt tədbirlərə başlanıla bilər. Belə addımlar atılmırsa, deməli mövcud vəziyyətə nəzarət etmək mümkündür.

Baş infeksionist əlavə edib ki, mütəxəssislər tərəfindən epide­mioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Lakin əvvəlcədən hansı qərarın və hansı bölgə üzrə veriləcəyini proqnozlaşdırmaq çətindir. Əhali arasında yoluxma hallarının artması, yoluxmanın ərazi cəhətdən genişlənməsi və son nəticədə belə halların ordumu­za da sirayət etməsi ilə nəticələnə bilər.

Baş infeksionist, həmçinin bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbiçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür. Çünki, hərbi xidmətə gedənlərin yola salınma mərasimlərində istər-istəməz yaxın təmaslar olur: “Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın olar. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu, baş verməsin, kütləvi hal al­masın. Çünki bu məsələ müharibə vəziyyətində olan ordumuzun döyüş qabiliyyətinə təsir etməklə, ölkənin təhlükəsizliyini müəyyən edir.

Azərbaycanda son həftələr hər gün yoluxma təhlükəsinin artdığı bir vaxtda “COVID --19-a yolux­maq riskini necə azaltmaq olar?” – sualına müxtəlif cavablar verən mütəxəssislər bildirirlər ki, bunlar­dan birincisi stresə qarşı dayanıqlı olmaqdır. Ondan sonra digər vacib şərtlər gəlir ki, bu tələblərə mütləq əməl edilməlidir:

Əlləri sabunla 20 saniyə ərzində yumaq, virusu demək olar ki, 100 faiz aradan qaldırır. Əllərinizi daim yuyun, xüsusilə də küçədən qayıdandan sonra və yeməkdən əvvəl. Gündə 10 dəfədən çox əlləri sabunla yumaq, koronavirusa yoluxma riskini 55 faiz azaldır. Əl yumaq üçün antiseptiklərin əlavə edilməsinin effektivliyi müəyyən edilməmişdir. Sabun kifayətdir.

Sabunla yuyulmamış əllərinizlə ağzınıza, gözünüzə və burnunuza toxunmayın.

95 nömrəli maskaları virusun 99,98 faizini bloklayır. Bu maska­nı taxmaq koronavirusa yoluxma riskini 91 faiz azaldır.

Tibbi maska aerozollarda viru­sun 95,15 faizə qədərini bloklayır. Tibbi maska taxmaq koronavirusa yoluxma riskini 68 faiz azaldır.

Əlcəklərin istifadəsi koronaviru­sa yoluxma riskini 57 faiz azaldır.

Digərlərindən daha uzaq dayan­maq – 2 metr ara məsafəsi saxla­maq vacibdir.

Stresi azaldın. Bunun üçün stres mənbələrindən, informasiyala­rından uzaq durun, sakitləşdiricilər için. Bunun üçün alman preparatı olan Neyroxan, Valerian, Valerian­hell prepatları qəbul edin.

Yuxu çatışmazlığını aradan qaldırın. Yuxu pozulması və çatış­mazlığı immun sisteminin funksiya­sını azaldır. Bərpaedici yuxu olana qədər, hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə immuniteti azaldır.

Yuxunun azaldılması xəstəliyə qarşı spesifik immunitetin meydana gəlməsini bloklayır, uzun müddət yuxunun itirilməsi şərti -- patogen bakteriyalar tərəfindən törədilən sistemli infeksiya və sepsis səbəbindən ölümlə nəticələnir.

Gündəlik olaraq virus haqda məlumatlar, karantin şərtləri və s. insanlarda gərginliyə, stresə, yuxu­suzluğa səbəb olur. Stres – daxili və xarici qeyri-qənaətbəxş amillərin təsirindən yaranmış disharmoniya vəziyyətidir. Müsbət stres – eust­res adlanır. Hansı ki, sağlamlığa, motivasiyaya, fəaliyyətə və emo­sional rifaha faydalı təsir göstərir. Bu zaman streslə əlaqəli bioloji şəbəkələr və onların mediatorları­nın tez requlyasiyası bədəni stresin zərərli təsirindən qoruyur.

Mənfi stres-distres adlanır, çox tez-tez baş verdikdə (stres orqanizmə dəfələrlə təsir etdikdə) və disrequlyasiya olduqda, bütün orqanizmə kompleks mənfi təsir edir. Bu zaman streslə əlaqəli şəbəkələrin və onların mediatorla­rının disrequlyasiyası, patofizioloji dəyişikliklərə və müxtəlif psixi və fiziki pozulmaların yaranma riskinə səbəb olur.

Davamlı stres insan sağlamlığında yaranan pozulma­ların böyük bir qismində mühüm rol oynayır. Eyni zamanda stres-stres hormonlarını artırır. Onlar isə immuniteti zəiflədir. İmmunsistemin zəifləməsi infeksiyalara yoluxma riskini artırır.

Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman əlimizdə deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.

Bütün deyilənlərdən o nəticəyə gəlmək olur ki, hələ virusla qarşı­laşmazdan öncədən yoluxmaya səbəb olan amillərdən qaçmaq lazımdır. Düşüncəmizdə ancaq yaxş məlumatlara yer verək, neqativ xəbərləri yaxın burax­mayaq. Sonra isə COVID –19-la mübarizəyə qalxaq. Operativ qərargahın mart ayından etibarən qoyduğu tələblərə əməl edək. Eyni zamanda, hər kəs bu işdə fəallıq nümayiş etdirməlidir. İnsanların çox toplaşdığı məkanlardan uzaq qaç­maqla kifayətlənməməli, həmçinin belə şərait yarananda, hər kəsin maskadan istifadə etməsinə nəzarət gücləndirilməlidir. İctimai nəqliyyata maskasız daxil olana irad bildirilməli, dayanacaqlarda hər kəsin maskada olmasına diqqət yetirilməlidir.

Hazırda məktəblərdə, ümumiyyətlə, bütün tədris müəssisələrində tətil elan edilib, bağçalar bağlanıb. Küçələrdə de­zinfeksiya işlərinə başlanıb. Buna səbəb koronavirusa yoluxmanın artmasıdır. Oktyabrın 22-də 825 nəfərin yoluxması həyəcan siqnalı çalmağın vaxtı çatdığını bildirir.

Qorunmaq lazımdır, vacibdir. Özü də qorunmaq mümkün olduğu halda buna əməl etməmək heç cür anlaşılan deyil. Nə maska taxmaq çətindir, nə də əl yuyub, insanlar arasında məsafə saxlamaq. Bəs niyə bu sadə həqiqətə əməl etmi­rik? Özünüzü düşünmürsünüzsə, soyuqda, yağışda meşələrlə, dağlarla irəliləyən hərbçilərimizi düşünün. Axı ölkədəki gündəlik məlumatları onlar da dinləyirlər. Barı arxa cəbhədən nigaran qal­masınlar ki, daha böyük əzmlə tor­paqlarımızın azad edilməsi yolunda hünərlə irəliləsinlər.

İnşallah, tezliklə COVID –19-a da qalib gələrik, erməniyə də. Onda bütün elliklə “Qarabağ Azərbaycandır!” – deyərik!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə