Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbiətin sərvəti, təbabətin qüdrəti

“Tanrı bu yerləri cənnət kimi gözəl yaratdı. Sonra dün­yanın hər yerindən insanların bura axışdığını görəndə, hər birinin qəlbinə Vətən, yurd sevgisini saldı...” Zərdüştiliyin baş kitabı olan “Avesta”nın bu günümüzə salamat şəkildə gəlib çatan səhifələrindən götürülmüş bu fikirlər Azərbaycan məmləkəti barədə deyilmişdir. Vətənimiz, doğrudan da, cənnət timsallıdır, torpağının üstü də, təki də qiymətli sərvətlərlə zəngindir. Dünyada mövcud olan 12 iqlim qurşağından on birinə Azərbaycanda rast gəlmək mümkündür. Elə bu səbəbdəndir ki, dünya xəlq ediləndən bəri bu torpaqlar uğrunda saysız-hesabsız ölüm-dirim savaşları gedib, adlı-sanlı cahangirlər burada qılınc çalıb, at oynadıblar...

Nəyi yoxdur Azərbaycanımızın? Başı qarlı, dumanlı – çiskinli uca dağ­ları, yaşıl ormanları, yaşıl meşələri, barlı-bərəkətli torpaqları, əsrarəngiz mənzərə yaradan çayları, gölləri, müalicəvi bulaqları, qoynunda dün­yanın ən nadir balıqlarını yaşadan, təkində isə zəngin karbohidrogen ehtiyatları – neft-qaz yataqları olan Xəzəri... Hansını deyəsən, saymaqla bitib-tükənmək bilmir.

Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycan zəngin təbii sərvətləri, o cümlədən min bir dərdin dərmanı olan bulaqları, təbii palçıq vulkanları, müalicəvi təbiəti ilə də diqqəti cəlb edir. Belə zəngin sərvətləri olan Azərbaycanda təbii üsullarla müalicənin kökləri də, şübhəsiz ki, çox qədimlərə gedib çıxır. Bun­ları dərk etmək üçün Abşeronun əsrarəngiz təbiətinə, Naftalan neftinin, Naxçıvan bulaqlarının, Kəlbəcər “İstisu” suyunun, Qala­altı suyunun möcüzələrini yada salmaq kifayətdir. Bunlardan istifadə edərək, ölkəmizdə sanato­riya-kurort sisteminin inkişafı üçün müəyyən işlər görülmüşdür.

Azərbaycanda sanatoriya-kurort sisteminin elmi əsaslar üzərində inkişafından 95 il ötür. İnsanların sağlamlığı üçün kurort­ların əhəmiyyəti nəzərə alınaraq, 1925-ci ildə Azərbaycan SSR Səhiyyə Komissarlığının nəzdində kurort bölməsi yaradılmışdır. Üç il sonra isə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlığı Şurası tərəfindən respublikamızda müalicəvi yerlərin (kurortlar) təşkili barədə qərar qəbul olunmuşdur. 1926-cı ildə respub­likada Naftalan neftindən müalicə məqsədilə istifadə edilmiş, 1927-ci ildə İstisu kurortu fəaliyyətə başla­mış, 1928-ci ildə Xankəndi və Şuşa dövlət əhəmiyyətli kurortlar elan olunmuş, Abşeron yarımadasında kurort zonaları yaradılmışdır.

Şübhəsiz, bu kurortların yaradılmasının, orada aparılan müalicənin, Naftalan neftindən və mineral sulardan düzgün istifadənin elmi əsaslar üzərində aparılmasını təşkil etmək üçün elmi-tədqiqat ocağının yaradılmasına ehtiyac duyulurdu.

Respublika rəhbərliyi elmi əsaslar üzərində kurort ehtiyatları­nın öyrənilməsi və kurort sisteminin yaradılması barədə 1925-ci ildə qərar qəbul etsə də, elmi-tədqiqat institutunun təşkili ləngiyirdi. Yalnız 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində o vaxtkı SSRİ məkanında ən böyük Balneofizio­terapiya İnstitutu təşkil olundu. Bir il sonra öldürülmüş S.M.Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə bu instituta onu adı verildi. 1936-cı ildə isə bu elmi-tədqiqat müəssisəsinin əsasında Azərbaycan Dövlət Kurortologiya və Fizioterapiya İnstitutu təsis edildi. İnstitut 1940-1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Amillərlə Müalicə İnstitutu, 1988-1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutu adlandırılmış, o vaxtdan isə indiki kimi Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur. Bütün bu addəyişmələrə baxmayaraq, institut kollektivinin əsas amalı respublikada yeni kurort amillərini aşkarlamaq, onun fiziki-kimyəvi xüsusiyyətlərini, müalicəvi təsirlərini öyrənmək, sanatoriyalarda xidmət üçün kadrlar hazırlamaq, kurorto­logiya və fizioterapiya xidmətinin təşkilini təkmilləşdirmək, kurortlarda müalicə işinə elmi-metodik rəhbərlik etməkdir.

–Belə bir nadir elmi-tədqiqat müalicə ocağının Azərbaycanda yaradılması və az sonra İttifaq miqyasında şöhrət tapması heç də təsadüfi deyildi. Azərbaycanın müxtəlif guşələrindəki minbir dərdin dərmanı olan mineral bulaqlar, müalicəvi Naftalan nefti və palçıq vulkanlar dövri-qədimdən insan­ların diqqətindən yayınmamış, onlar bu əvəzsiz nemətlərdən istifadənin yollarınə öyrənmiş və şəfa tapmışlar... – Bu fikirləri mənə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu nevrologiya şöbəsinin elmi rəhbəri vəzifəsində işləyən, tibb elmləri namizədi Rafiq Zeynalov dedi. Rafiq həkimi 1990-cı ildən tanıyı­ram. O vaxt burada müalicə alarkən həkimim olmuşdu. Son 30 ildə rastlaşmasam da, bu qayğıkeş və xeyirxah insanı unutmamışdım.

Rafiq həkimin həyat və fəaliyyəti, demək olar ki, bu institut­la bağlıdır. 1970-ci ildə Tibb İnstitu­tunu bitirdikdən və təyinat yerində – Astara və Neftçalada üç ilədək işlədikdən sonra – 1973-cü ildə bu institutun nevrologiya şöbəsində fəaliyyətə başlamış və indiyədək buradadır. Bu müddətdə aspirantu­ranı bitirmiş, dissertasiya müdafiə edərək, tibb elmləri namizədi olmuşdur. Mərkəzi və perferik sinir sistemi xəstəliklərinin müalicə və reabilitasiyası məqsədilə tətbiq olunan yerli fiziki amillərin təsir mexanizminin öyrənilməsində, yeni üsulların işlənib hazırlanma­sında, respublikada fizioterapiya xidmətinin təkmilləşdirilməsində, kurort və sanatoriyalarda bu işlərin təşkilində fəal iştirak edən R.Zeynalov 120-dək elmi məqalənin müəllifidir. Ümumdünya Ağrı Cəmiyyətinin, Avropa Nevro­loqları Assosiasiyasının və digər qurumların üzvü olan Rafiq Zeyna­lov dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyə, Almaniya, Avstriya və Rusiyada keçirilən dünya elmi konfranslarda nafta­lan neftinin müalicəvi əhəmiyyəti barədə məruzələrlə çıxış etmişdir. O, bu barədə danışarkən dedi:

–Allah-təala xalqımıza nadir nemətlər bəxş edib. Onlardan biri də Naftalan neftidir. Yerli əhali onun möcüzələrinə hələ qədimlərdən bələd idi, necə bilirdilərsə, elə də istifadə edirdilər. Arxiv məlumatlarına görə, 1873-cü ilədək Naftalan nefti qazılmış dayaz quyulardan çıxarılıb. 1890-cı ildə alman mühəndis-konsessiya sa­hibi E.J.Yeqer Naftalandan torpaq sahəsi alıb, quyu qazdırır. Quyunun dərinliyi 250 metrə çatanda oradan çıxan neftin tərkibini yoxlayarkən çəkdiyi xərcə və əziyyətə görə peşman olur: bu neft qarışığı­nın tərkibində benzin yox idi və yanmırdı. Yeqer bankrot olacağını düşünərkən görür ki, ətraf yaşayış məskənlərindən çox sayda insan gələrək həmin neft qarışığını tuluq­lara, qablara dolduraraq daşıyır. Maraqlanır, soruşub öyrənir ki, bu neft neçə dərdin dərmanıdır. Alman sahibkar fürsəti fövtə verməyib orada kiçik bir fabrik yaradır. Daha sonralar gəlib-gedənlər çoxalır, burada yaşayış məskəni salınır...

Naftalan neftinin şöhrətlənməsi və xəstələrin buraya kütləvi axını sovet dövründə və xüsusən Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra olub. Burada 4 min çarpayı yeri olan 6 sanatoriya tikilib, bir o qədər də “kursovka” ilə gələnlərə xidmət etmək mümkündür. Naftalana şəhər statusu verilib...

Şübhəsiz, Naftalan neftinin tərkibinin və onun müalicəvi xüsusiyyətlərinin öyrənilməsində Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu kollektivinin danıl­maz xidmətləri olub. Həm də təkcə Naftalan neftinin yox, respublika­mızın digər yerlərində çıxan minbir dərdin dərmanı olan suların, palçıq­ların fiziki-kimyəvi tərkibi, müalicəvi təsirləri öyrənilir və elmi-metodik tövsiyələr verilir.

Məsələn, Şuşa və İstisu bulaqlarının, Suraxanı və Şıx ərazilərindəki, Lənkəran – Astara, Quba –Xaçmaz (Xaltan, Qonaqkənd) bölgələrindəki mineral suların, Böyük Şor və Masazır lil palçıqlarının, respublikamızın müxtəlif yerlərində çıxan duz-turşulu-yod-bromlu mineral suların, Kürdəmir rayonundakı kükürdlü, Naxçıvandakı mərgümüşlü mi­neral suların, vulkan palçıqla­rının... fiziki-kimyəvi tərkibi və müalicəvi xüsusiyyətləri, kurort­ların iqlim amilləri öyrənilmiş və Azərbaycanda geniş sanator-kurort şəbəkəsinin yaradılmasının elmi tövsiyələri hazırlanmışdır. Onu da qeyd etmək lazımdır ki, institutun ilk 20-30 ildə kurortologiya sahəsində qazandığı uğurlarda akademik M.Qaşqayın, alim-həkimlərdən A.Qarayevin, K.Yeqorovun, T.Paşayevin, Ş.Həsənovun, A.Feyzullayevin və başqalarının danılmaz xidmətləri olmuşdur.

Respublikada kurort və fizio­terapiya işinin müasir səviyyəyə qaldırılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə – 1969-1982-ci illərə təsadüf edir. Bu dövrdə respublikada kurortologiya işi daha da yaxşılaşmış, xidmətin səviyyəsinin yüksəldilməsinə dair dövlət qərarları çıxarılmışdır. 1982- ci ildə “Azərbaycan SSR Xəzər dənizinin qərb sahilində Ümumit­tifaq əhəmiyyətli kurort zonaları yaradılması tədbirləri haqqında” SSRİ dövlətinin qəbul etdiyi qərarın təşəbbüskarı da məhz ulu öndər olmuşdur.

Təbiidir ki, zaman keçdikcə institutun fəaliyyəti, məqsəd və vəzifələri dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilmiş, fəaliyyət sahələri müasirləşdirilmişdir. Azərbaycan Elmi-Tədqiqat Tibbi- Bərpa İnstitutu daim kurortolo­giya sahəsinin elmi-praktik və metodik mərkəzi kimi fəaliyyət göstərmiş, fizioterapiya xidmətinin təkmilləşdirilməsində fəal rol oynamışdır. Nəticə etibarilə “Naf­talan”, “Bilgəh, “Günəşli”, “Abşe­ron”, “Şıx”, “Suraxanı”, “Darıdağ”, “Qalaaltı” və sair sanatoriya və müalicəxanalar vətəndaşlarımıza və əcnəbilərə xidmət göstərmiş və bu gün də fəaliyyətlərini uğurla davam etdirirlər. İnstitut alimlərinin tədqiqatlarının nəticələri Azərbaycanda və xarici ölkələrdə (Türkiyə, Almaniya, İngiltərə, Avstri­ya, Rusiya və s.) keçirilən konfrans, simpozium və qurultaylarda tibb ictimaiyyətinin nəzərinə çatdırılmış­dır.

İnstitutda aparılan tədqiqatlarən nəticələri əsasında Azərbaycanda kurortların perspektiv inkişafına dair elmi konsepsiya hazırlanmış­dır. Həmin konsepsiyanın əsas müddəaları “Azərbaycan Respubli­kasında 2009-2018-ci illərdə kurort­ların inkişafının Dövlət Proqramı”na daxil edilmişdir.

– Son illərdə müasir tibb müəssisələrinin yaradılması, möv­cud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Pre­zident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Səhiyyə sistemində apa­rılan ardıcıl islahatlar nəticəsində bu gün səhiyyənin inkişafı yeni, müasir mərhələyə qədəm qoyub. Bu cür müasir səhiyyə ocaqlarının yara­dılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır... – Bu barədə həmsöhbətim Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi, tibb elmləri namizədi Nizami Nəbiyev bildirdi. Nizami həkim də ömrünün 30 ilindən çoxunu bu kollektivə bağ­lamış cəfakeş alim-pedaqoqlardan­dır. Şəxsi keyfiyyətləri və qabiliyyəti ilə baş həkim vəzifəsinədək yüksəlmişdir. O söhbətinə davam edərək dedi:

–İnstitutumuzun binası unikal memarlıq abidəsidir. Ötən əsrin əvvəllərində Parisdə “Qran-pri”yə layiq görülmüş layihə əsasında tikilmiş bu binada həm II Dünya müharibəsindən əvvəl, həm də sonra insanların sağlamlığı və müalicəsi üçün burada faydalı işlər görülmüşdür. Müharibə dövründə isə binadan hərbi hospital kimi istifadə olunmuşdur. Bura həm də təbii müalicə üsulunu seçən pasiyentlərin həvəslə üz tutduğu və şəfa tapdığı müalicə ocağıdır. Uzun illər boyu əsaslı təmir görməyən müalicəxana 2013-cü ildə təmirə dayandı, yüksək səviyyədə təmir aparıldı və 2018-ci ilin axırla­rında – dəqiq desək, dekabrın 18-də institut binasının əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Fərəhli haldır ki, həmin mərasimdə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak etdilər...

Səhiyyə naziri Oqtay Şirəliyev institutun tarixi və in­kişaf mərhələləri, habelə əsaslı yenidənqurmadan sonra yaradılan şərait barədə dövlət rəhbərlərinə məlumat verdi.

İnstitutun kollektivi ilə görüşdə çıxış edən Prezident İlham ƏLİYEV demişdir:

– Bu gün biz Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açılışını qeyd edirik. Bu münasibətlə institutun kollek­tivini ürəkdən təbrik edirəm. Bu gözəl hadisə münasibətilə bütün xalqımızı təbrik edirəm. Çünki bu institutun Azərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzinin yenidənqurmadan sonra indi ikinci həyatı başlayır. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müva­fiq göstəriş verilmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir. Siz – burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutun ölkəmizin səhiyyə sistemində xüsusi yeri var. Bilirəm, təmir zamanı vətəndaşlar gözləyirdilər ki, bu institut tezliklə açılsın və onun imkanlarından istifadə olunsun. Əlbəttə ki, bu gün burada yaradılan müasir şərait ən yüksək standartlara cavab verir. Həm təmir-tikinti işləri çox böyük peşəkarlıqla, zövqlə aparılıb, həm də burada quraş­dırılan müasir avadanlıq, əlbəttə, xəstələrə ən yüksək səviyyəli xidmət göstərəcəkdir. Bu gün öz sağlamlı­ğını bərpa etmək istəyənlər mütləq buraya gəlib şəfa tapacaqlar...

Gözəl memarlıq abidəsi olan insitut binasının həm xari­ci görünüşü, həm daxili dizaynı göz oxşayır. İnstitut 14 min 600 kvadratmetr sahədə yerləşir. Ayrı-ayrı şöbələrə və müalicə kabinetlerinə baş çəkirəm. İnstitut­da konsultativ poliklinika, stasio­nar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri var. Diaq­nostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb. Kliniki-im­munologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə isə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti, habelə oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub.

İnstitutun elm bölməsində 43 elmi işçi, klinika bölməsində 43 həkim, 76 tibb bacısı və 118 nəfər digər işçi olmaqla, bura­da ümumilikdə 280 nəfər çalışır. İşçilərin 20 nəfəri fəlsəfə doktoru, 3 nəfəri tibb elmləri doktoru, 2 nəfəri professor, 1 nəfəri isə professordur.

Otuz il əvvəl burada gördüyüm tanış simalarla rastlaşıram. Dox­sanıncı illərdə institutun direktoru işləmiş qayğıkeş həkim, tibb elmləri namizədi Sevda Nəsrullayeva indi direktorun elmi işlər üzrə müavini­dir. Prezident İlham Əliyevin institu­ta göstərdiyi qayğıdan, yaradılmış ideal şəraitdən razılıq edir.

Masaj şöbəsində otuz il əvvəlki kimi böyük şövqlə işləyən Xalidə Cabbarova, Xuraman İsmayılova kimi veteranlar bu gün gənc masaj­çılara nümunə göstərirlər. Fiziotera­piya şöbəsində isə gənc tibb bacısı Nurlanə Dadaşovanın xidmətindən razılıq etdilər. Heç iki il deyildir ki işləməsinə baxmayaraq həm kollektivdə, həm də pasiyentlər arasında nüfuz qazanıb...

Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda gördüklərim ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqətin təzahürüdür. Təsadüfi deyil ki, son 15 il ərzində ölkədə təqribən 650 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün hər bir şəhərdə, ra­yonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qo­yulan investisiyalar bir məqsədi gü­dür ki, Azərbaycan vətəndaşları sağ­lam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Bildiyiniz kimi, son illərdə bütün ölkə üzrə 5 milyon­dan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olu­nur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir.

Bu, o deməkdir ki, insanların sağlamlığı, gənc nəslin sağlam böyüməsi dövlətimiz üçün ən vacib meyarlardan biridir. Bu, dövlətimizin siyasətidir.

Qüdrət PİRİYEV,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”

25 Oktyabr 2020 00:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə