Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan “Ria Novosti”də də pat vəziyyətə düşdü

Sentyabrın 27- də Ermənistan ordusu tərəfindən başlanan genişmiqyaslı təxribatlar getdikcə daha da alovlandı və müharibə həddinə çatdı. Artıq bütün dünyanın nəzər-diqqəti Ermənistan–Azərbaycan müharibəsinə yönəlib. Bu müddət ərzində işğalçı ölkə iki dəfə ağ bayraq qaldıraraq rəşadətli ordumuz qarşısında davam gətirə bilmədiyini etiraf edib və sülh danışıqlarına razı olduğunu bildirib. Hər iki humanitar atəşkəs rejimini yenə də təcavüzkarlar pozublar. Necə deyərlər, yalvaran da, atəşkəsi pozan da özləridir. Atəşkəsə baxmayaraq, mülki insanlara hücum edən Ermənistan silahlı qüvvələrinə qəhrəman Azərbaycan Ordusu layiqli cavab verməkdə davam edir.

Dünyanın aparıcı televiziya kanalları dövlətimizin başçısın­dan müsahibə almaq üçün sanki növbəyə dayanıblar. Ermənistanın baş nazirini isə heç itirib-axtaran da yoxdur. Fikirləşirlər ki, həm işğalçı, həm də məğlub tərəf olan Ermənistanın baş naziri nə deyəcək ki, tamaşaçılar üçün də maraqlı olsun. Bunu Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Rusi­yanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi media qrupu­nun baş direktoru Dmitri Kiselyovla müsahibələri də təsdiqlədi.

“Ria Novosti” agentliyi tərəfindən hər iki dövlət başçısına eyni suallar verilib və cavab vermək üçün hər ikisinə bərabər imkan yaradılıb. Digər televiziya kanallarının və dünyanın aparıcı kütləvi informasi­ya vasitələrinin verdiyi suallardan boyun qaçıran Nikol Paşinyan, necə deyərlər, köhnə vərdişlərinə sadiq qaldığını yenə də nümayiş etdirdi. O, digər müsahibələrində olduğu kimi, bu dəfə də aparıcının sualları qarşısında gözlərini döyə - döyə qalmışdı və suallardan yayınma­ğa çalışırdı. İşğalçı və məğlub ölkə başçısından bundan artıq nə gözləmək olardı? Paşinyan işğalçı, azərbaycanlı mülki əhalinin qətlə yetiriliməsində təşkilatçı olduğunu, nasizmə rəğbət bəslədiyini necə dana bilərdi? Bunların hamısı danıl­maz faktlardır.

Gəlin, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın aparı­cının verdiyi suallara cavablarına diqqət yetirək. “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” – sualına cavab olaraq dövlətimizin başçısı bildirdi ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb: “Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. Ancaq işğalçı tərəf öz çirkin məqsədinə çatmamış və böyük itkilərlə üzləşmişdir. Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə, erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur”.

Möhtərəm Prezidentimiz hərbi qulluqçular arasında itkilərin münaqişənin qaynar fazası başa çatandan sonra elan ediləcəyini bildirdi: “Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə, hətta, 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir”.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun bu günə qədər qazandığı uğurlar barəsində məlumat verərək dedi ki, onlar­ca yaşayış məntəqəsi (bu gün artıq işğaldan azad edilən yaşa­yış məntəqələrinin sayı yüzdən çoxdur S.İ), o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib: “Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk”.

Paşinyan isə bu məğlubiyyətin qarşısında aciz qaldığını ört- bas­dır etmək istəsə də bacarmadı. Həmişəki kimi, bu dəfə də dili do­laşa-dolaşa dediyi sözləri nə özü, nə də tamaşaçılar başa düşdü. O, yenə də özünü və ölkəsini gülünc vəziyyətə qoydu. Bu, birinci hal deyil. Paşinyan həmişə ona ünvan­lanmış suallara “cavab verəndə” belə gülünc vəziyyətə düşür. Ona görə də Ermənistanın siyasi xadimləri haqlı olaraq deyirlər ki, hələ bu ölkənin tarixində Nikol Paşinyan kimi savadsız, qəddar, siyasi dünyagörüşü zəif olan ikinci bir dövlət başçısı olmayıb.

Paşinyan və havadarları Azərbaycanın qələbəsini guya ölkəmizin ordusunda “muzdluların olması ilə” əlaqələndirirlər. Rusiya televiziya kanalının əməkdaşının bu məsələ ilə bağlı sualını cavab­landıran möhtərəm Prezidentimiz həmin mövzuda dəfələrlə danışdı­ğını bildirdi. Konkret olaraq qeyd etdi ki, Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur: “Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı qüvvələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir”.

Erməni hərbi texnikasının məhv edilməsindən söhbət açan dövlətimizin başçısı bu kadrların internetdə də yer aldığını diqqətə çatdırdı. Dedi ki, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur: “Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübarizə aparıb. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən, bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

Bəs Ermənistanın baş na­ziri bu suala necə cavab verdi? Necə deyə bilərdi ki, Ermənistan ordusunda muzdlu döyüşçü yoxdur? Axı, hələ təxribatlara başlamazdan əvvəl Livandan və Suriyadan gətirilən silahlı terrorçu dəstələr dinc ailələr adı altında Şuşada və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırılırdı. Əslində, bu, terrorçuların yerləşdirilməsi idi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirir, Dağlıq Qarabağ və ətraf rayon­ların təbii resurslarının talan edir və onlardan qazanc məqsədilə istifadə edir, Suriyadan olan erməni əsilli “qaçqınların” məqsədyönlü şəkildə Azərbaycan ərazisində yerləşdirərək demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Livanın ASALA erməni terror təşkilatının yarandığı, inkişaf etdiyi ölkə olduğu beynəlxalq ictimaiyyətə də bəllidir. Livandakı Beyrut limanı ermənilərin dünyaya açılan qa­pısı hesab edilir. Bu terrorçuların Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı vuruşma­sı dəfələrlə öz təsdiqini tapıb. Bunu Paşinyan da etiraf etmək məcburiyyətində qaldı.

Telekanalın aparıcısının digər sualları qarşısında pat vəziyyətinə düşən Nikol Paşinyan, eyni za­manda, Prezident İlham Əliyevin dəqiq və faktlara əsaslanan ca­vabları qarşısında da çaş-baş qal­mışdı. “Ria Novosti” də təsdiqlədi ki, dünya ictimaiyyəti Prezident İlham Əliyevin simasında təcrübəli siyasi xadim, praqmatik düşüncəli dövlət başçısı, dərin siyasi dünyagörüşə malik, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür. Digər tərəfdə isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, dili topuq vuran, nə da­nışdığını özünün də dərk etmədiyi avantürist fərziyyələr və uydur­malar səsləndirən, cılız və miskin Nikol Paşinyan durur.

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

25 Oktyabr 2020 00:26 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə