Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan həqiqətləri dünya mediasında

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, yeni işğal cəhdləri ilə davam edən Dağlıq Qarabağ müharibəsi dünya mediasının da gündəmindədir. Transmilli televiziya kanallarında, beynəlxalq informasiya agentliklərində, müxtəlif ölkələrin informasiya saytlarında Ermənistan–Azərbaycan müharibəsi xüsusi işıqlandırılır.

Azərbaycan dövləti informasiya müharibəsində də ardıcıl, prinsipial, da­vamlı mübarizə aparır, informasiya texno­logiyalarının verdiyi imkanlarla xarici me­dia nümayəndələrini, jurnalistləri Qarabağ həqiqətləri ilə operativ məlumatlandırır. İnternetin, innovativ informasiya texnolo­giyalarının sayəsində baş verən hadisələr anındaca dünya mediasının gündəminə düşür. Artıq Ermənistan mifi, erməni lobbisinin yaratdığı informasiya bloka­dası yoxdur. Erməni lobbisinin xüsusi mövqeyə malik olduğu Rusiya kütləvi informasiya vasitələrində də hər nə qədər ikili standartlar, qərəzli yanaşma olsa da, Azərbaycan ziyalılırının haqq səsi eşidilir. Bu kontekstdə Azərbaycan Prezidentinin Rusiyanın aparıcı televiziya kanalları­na, dövlət informasiya agentliyə verdiyi müsahibələr Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hü­quqi, siyasi aspektlərdən xarici auditoriya­ya çatdırılmasında, müəyyən ictimai rəyin formalaşmasında müstəsna rol oynayır.

Prezident İlham Əliyevin bu müsahibələri təkcə ölkə mediasının deyil, dünya kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Moldovanın “NOİ.md” informasiya portalında Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri dərc edilib. Məqalədə Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, vasitəçi dövlətlər olan Rusiya və Fran­sanın Ermənistana açıq dəstəyi ilə bağlı fikirləri işıqlandırılır. Rusiyanın Ermənistana qeyri-qanuni silah verməsi vasitəçi bir dövlətin ststusuna uyğun deyil. Azərbaycan Prezidentinin müsahibəsində bu məsələlər xüsusi qeyd edilir.

Prezident İlham Əliyevin ikili standart­la fəaliyyət göstərən həmsədr dövlətlər haqqında haqlı iradları, arqumetli fikirləri yazıda öz əksini tapıb: “Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Na­zirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, yeri gəlmişkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaq­malçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırması­na inanmağımız çətindir”.

Artıq dünyanın bir çox mətbu orqanla­rı, televiziya kanalları, informasiya saytları Azərbaycan reallıqlarına dair informa­siyaları jurnalistikanın etik dəyərləri çərçivəsində – dəqiq, qərəzsiz, mövqesiz əks etdirə bilirlər. “Əl-Cəzirə” informasi­ya agentliyinin saytında müəllif Robert Kulterin “Dağlıq Qarabağda alovlanmanın arxasında nə durur? Və bunu necə həll etmək olar?” sərlövhəli yazısı öz obyektiv­liyi ilə maraq doğurur. Müəllif haqlı olaraq göstərir ki, indiki münaqişənin mənşəyi Ermənistanın suveren Azərbaycan ərazilərini işğalı ilə bağlıdır.

Döyüşlərdə məğlub olan Ermənistan münaqişənin regional, qlobal müstəviyə çıxması üçün bütün riyakarlıqlara əl atır. Ermənistan ərazisindən Azərbaycanın dö­yüş bölgəsindən kənarda yerləşən şəhər və rayonlarının raket hücumuna məruz qalması məhz dövlətimizin buna cavab verdiyi təqdirdə düşmənin hərbi müttəfiqi olan Rusiyanın müharibəyə cəlb olunma­sına hesablanıb. Digər tərəfdən, ermənilər Azərbaycan Ordusunun, guya Şuşadakı kilsəni ağır artilleriya ilə dağıtmasına dair yalan informasiyanı tirajlayaraq xristian dövlətlərin diplomatik və hərbi dəstəyini almağa çalışır. Ermənistanın siyasi eti­kaya sığmayan bu strateji piarını Robert Kulter ifşa edir: “Ermənistan “xristian kartı” müsəlman Azərbaycanla “sivilizasiyaların toqquşması” kimi təsvir edərək oyna­mağa çalışıb. Ancaq bu təbliğat xətti o qədər də yaxşı satılmır. Münaqişənin dini fərqliliklərdə heç bir əsası yoxdur”.

Məqalədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğı­cına, böyük toqquşmalara – 1905–1907, 1918–1920-ci illərə tarixi ekskurs edilir, 1920-ci ilə qədər Azərbaycanın bir bölgəsi olan Qarabağa muxtariyyətin sovetlər dövründə verildiyi qeyd olunur. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını sübut edən faktlar müəllifin geniş araşdırmasını göstərir. Qarabağ bölgəsi ilə bağlı Stalinin əmrini dünya auditoriya­sının xüsusi diqqətinə yönəldən Kulter, ermənilərin torpaq iddialarının əsassız olduğunu sübut edir: DMV-nin yaradıl­masına dair qərarda deyilir ki, bölgə Azərbaycanın tərkibində “qalmalıdır” – yəni bölgənin başlanğıc olaraq ölkənin bir hissəsi olduğu nəzərdə tutulur”. Yazıda 1988-ci ildə seperatçı ermənilərin Qara­bağda keçirdikləri referendumun qanınsuz olduğu da faktlarla isbat edilir.

Müəllif beynəlxalq birliyin Dağlıq Qa­rabağı Azərbaycanın ərazisi kimi tanıdı­ğını, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də kağız üzərində qaldığını bildirir. Ermənilərin Xocalıda törətdikləri soyqırımı faktlarına toxunur.

Ermənistanın indiki baş nazirinin Madrid prinsiplərini tanımaması, işğalçı ölkənin müdafiə nazirinin “yeni torpaq­lar uğrunda yeni müharibə “ çağırışı 30 il diplomatik yolla həll olunmayan münaqişənin gərginləşməsinə səbəb oldu. İyul, sentyabr hərbi təxribatları dondurul­muş müharibənin yenidən alovlanmasına zəmin yaratdı. Butun bunları təfərrüatı ilə şərh edən jurnalist 2019-cu ilin avqust ayında 1990-cı ilin əvvəlindən bəri heç bir erməni siyasətçisinın etmədiyini edən Paşinyanın Azərbaycanın işğal etdiyi əraziləri Ermənistanın ayrılmaz hissəsi elan etməsini münaqişənin kulminasiya nöqtəsi kimi qiymətləndirir.

“Bu gün işğal altında olan ərazilər xaricində Bakı, Gəncə və digər Azərbaycan şəhərlərində minlərlə erməni yaşayır”. Məqalədə göstərilən bu fakt Azərbaycan xalqının humanist, sülhpərvər mövqeyini, nasist Ermənistandan fərqli dövlətimizin tolerant siyasətini xarakterizə edir.

Robert Kulter dövlətimizin ərazi bü­tövlüyünün bərpası uğrunda mübarizəsini yüksək qiymətləndirir, münaqişənin hərbi yolla həllində Azərbaycanın haqlı möv­qeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır: “Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə məqsədi ilə hərəkət etmək hüququ vardır. Bu, Bakının münaqişəyə baxışı üçün çıxış nöqtəsidir”.

Xarici jurnalistlərin diqqətini cəlb edən əsas məqam həm də insan fak­torudur. O, insanlar ki, 30 ildir ki, öz vətənlərində məcburi köçkün statusu daşıyırlar. İsveçrənin tanınmış jurnalisti, postsovet məkanı üzrə araşdırmaçı və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Unudul­muş münaqişə” kitabının müəllifi Andre Vidmer məhs belə insanların həyatı ilə tanış olur, “Frankfurter Allgemeine Zeitung” qəzetində “Onlar atəş altında geri dönmələrini gözləyirlər” başlıqlı məqaləsində Tərtərdə məskunlaşmış 1100 məcburi köçkünün Vətən həsrətindən bəhs edir.

Bu gün beynəlxalq hüququn özünümüdafiə prinsipinə əsaslanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycana atəşkəs çağırışı edən dünya birliyi Qarabağdakı etnik ermənilərin təhlükəsizliyindən narahatlıq keçirir. Lakin dünya bir milyondan çox qaçqı­nın taleyinə biganə qalmaq bir yana, onların varlığını belə unudub. Dağlıq Qarabağda etnik cəhətdən ermənilər azərbaycanlılara nisbətdə çoxluq təşkil etsə də, işğal edilən ətraf yeddi rayonun əhalisinin 90 faizinin azərbaycanlılardan ibarətdir. Dağlıq Qarabağ və 7 rayo­nun bir milyondan çox əhalisi bu gün də köçkün həyatı yaşayır. Təəssüf ki, beynəlxalq birlik 30 ildə bu insanların hüquqlarının bərpası istiqamətində heç bir nəticə əldə edilməyib. Məqalə məcburi köçkünlərin pozulmuş hüquq­larının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Məcburi köçkünlərin fikirlərinin də yer aldığı yazıda gün ərzində partlayışla­rın eşidildiyi, tez-tez raket atəşlərindən evlərin pəncərələrinin və tavanlarının yararsız vəziyyətə düşdüyü və Tərtərin Marquşovan (Şıxarx) adlı məcburi köçkun qəsəbəsinin əhalisinin gecələr hava hücumundan qorunmaq üçün anbarlarda gecələdikləri bildirilir.

A.Vidmer 1994-cü ildə atəşkəs imzalanmasını, lakin münaqişənin həll olunmadığını, 30 000-ə yaxın insanın həlak olduğunu, 800 000 azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur qaldığını və Azərbaycan Respublikasının beynəlxalq şəkildə tanınmış ərazisinin 20 faizə yaxın hissəsinin Ermənistanın nəzarəti altına düşdüyünü qeyd edir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi İtaliya mediasının da gündəmindədir. İtaliyanın “Giornale Diplomatico”, “KmetroO”, “Politicamen­te Corretto” xəbər saytları və “Agenzia Nova” informasiya agentliyi “Ermənistan tərəfindən azərbaycanlı diplomatlara qarşı terror təhdidləri” başlıqlı xəbərlər dərc edib. Bu informasiyalarda son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların yayılması bildirilir. Məlumatlar bir daha ermənilərin radikal, terrorçu xislətini əks etdirir.

Qətərin kütləvi informasiya vasitələrində də ermənilərin dinc əhaliyə terror xarakterli hərbi hücumlarına dair informasiyalar verilir. Bu ölkənin ərəb dilində nəşr olunan “Əl-Raya” qəzetində Ermənistanın Gəncə şəhərinə raket hücü­mu nəticəsində şəhərin mərkəzində yaşa­yış binalarının dağıdılması, mülki əhalinin məhv edilməsi ilə bağlı xəbər dərc edilib.

Gəncədə baş verən erməni ter­roru Almaniya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin “TRT De­utsch” xəbər portalında dərc olunan məqalədə Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış atəşkəsin Ermənistan tərəfindən pozulduğu vurğu­lanır. “Azərbaycan: Ermənistan atəşkəsə əməl etmir” sərlövhəli yazıda bildirilir ki, Ermənistan Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşinə tutub, nəticədə çox sayda mülki şəxs həyatını itirib.

Məqalədə, həmçinin Ermənistanın işğal etdiyi Qarabağın beynəlxalq hüquqa əsasən, Azərbaycana məxsus olması xüsusi vurğulanır. Ermənistanın işğalçı dövlət olmasını təsdiq edən tarixi faktlar təqdim edilir.

Sevindirici haldır ki, xarici kütləvi informasiya vasitələrində Azərbaycan- Ermənistan müharibəsi zəminində yayımlanan məlumatlar təkcə xəbərdən ibarət deyil. Bu məlumatlar arasında analitik şərh, təhlil, araşdırma xarakterli yazılar hadisələrə obyektiv baxış, ba­lanslı yanaşma ilə diqqəti cəlb edir. Belə yazılardan biri – “Frans 24” televiziya kanalının saytında gedən “Azərbaycan ilə Ermənistan arasında açıq müharibə” başlıqlı analitik yazı obyektivliyi ilə maraq doğurur. Məqalədə bildirilir ki, oktyab­rın 10-da Rusiya səlahiyyətliləri hər iki tərəflə cəsəd və əsir mübadiləsi etməsinə imkan verən humanitar atəşkəs barədə razılığa gəldilər: “Ancaq həm Dağlıq Qarabağdakı separatçı erməni qüvvələri, həm də Azərbaycan Ordusu qarşı tərəfi atəşkəsi pozmaqda və bombardmanları bərpa etməkdə günahlandırdı”. Burada diqqətçəkən məqam “müqqədəratını təyin etmək istəyən etnik ermənilərin” hamisi olan Fransa siyasi rəhbərliyinin mövqeyinə əks olaraq, Dağlıq Qarabağ­dakı döyüşçülərin məhz separatçı erməni qüvvələrinin olduğu haqqında ifadənin yer almasıdır.

Yazıda Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində yaşayış evlərinin tamamilə dağılması, mülki əhalinin öldürülməsi faktları yer alır. Xüsusi vurğulanır ki, bu hücumlar yalnız mülki şəxslərə qarşı yönəldilib. Məqalədə 22 yaşlı Gəncə sakini Əmrah Cəfərovun hadisə ilə bağlı təəssüratlarına əsaslanan müəllif göstərir ki, Azərbaycan xalqı 30 ilə yaxındır ki, müharibə vəziyyətindədir. Xal­qın iradəsi münaqişənin uzanmasını deyil, ərazi bütövlüyünün bərpasını istəyir.

Belarusun tanınmış jurnalisti, icti­mai xadim Aleksandr Zimovski “Howto news” saytına verdiyi müsahibədə Ermənistan– Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsini dini, regional, bəzən də qlobal zəmində təhlil edən qərəzli siyasi şərhçilərdən fərqli olaraq, Dağ­lıq Qarabağ məsələsinin iki ölkənin işi olduğunu bildirir: “Qarabağ problemini ATƏT-in Minsk qrupunun otuz ilə ya­xın davam edən uğursuz vasitəçiliyinin göstərdiyi kimi, siyasi bir həll yolu olmayan Ermənistan–Azərbaycan problemidir”. Problemin diplomatik həll yolunun mümkün olmadığını bildirən Aleksandr Zimovski münaqişənin yalnız hərbi yolla bitəcəyini qeyd edir. “Və bu, yalnız uzunmüddətli əsasda piya­daların qüvvələri ilə mümkündür. Əks təqdirdə, burada pilotsuz təyyarələr, MLRS, təyyarələr və hətta tanklar kömək etməyəcək, əsgərlərə çox və uzun müddət ehtiyac var”. Müsahib bildirir ki, əraziyə nəzarət üçün canlı hərbi qüvvənin sayı çox önəmlidir. Ermənistan ordusunun belə hərbi potensialı yoxdur.

“Əl-Cəzirə” agentliyinin saytında yer alan növbəti yazıda Ermənistan- Azərbaycan müharibəsində son vəziyyət təhlil olunur. “Dağlıq Qarabağ: Yeni atəş; rəqiblər danışıqlar üçün “ABŞ-a doğru gedirlər” sərlövhəli yazıda xarici işlər nazirlərinin ayrı-ayrı görüşlərdə Pompeo ilə danışıqlar aparmaları, cəbhə bölgəsində hücumların daha da intensivləşdiyi qeyd olunur. Material­da Prezident İlham Əliyevin “Twitter” səhifəsində Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı paylaşımı da yer alıb.

Leyla RƏŞİD “Xalq qəzeti”

25 Oktyabr 2020 00:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə