Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatı

Ermənistanın silahlı qüvvələri elan olunan humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 24-də səhər saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya­dan atəşə tutulub.

Saat 10 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Bundan başqa, saat 09 radələrində Goran­boy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qaf­qaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi evlərə külli miqdarda ziyan dəyib.

Həmçinin oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007- ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq, oktyab­rın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

* * *

Azərbaycan Respublikasının Baş Prokurorluğu sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan müraciətdə qeyd olunub ki, Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa televiziya ilə müraciətlərində və düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza dövlətimizin başçısının sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə mütəmadi məlumatlar verilir.

Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiya­ların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə edilir. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə mövcud müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

* * *

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tut­ması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb. Onların 18-i qadın, 10-u uşaqdır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdar­da ziyan dəyib.

“Xalq qəzeti”

25 Oktyabr 2020 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə