Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslamabadda “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir

İslamabadın ən böyük “Centaurus” ticarət mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhalinin məqsədli şəkildə raket atəşinə tutulması nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşa­yış məntəqələrində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini anmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən aksiyada erməni terrorunu özündə əks etdirən posterlər, şəkillər və şüarların yer aldığı guşə nümayiş etdirilir.

Azərbaycanın Pakistan­dakı səfirliyinin təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi Ermənistanın xain üzünü açmaqdan, şəhər və kəndlərimizin raket atəşinə tutulması, evlərində yatmış mülki əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi haqqında Pakis­tan ictimaiyyətinə məlumat verməkdən ibarətdir.

Hər gün orta hesabla 35 min adamın gəldiyi bu ticarət mərkəzində quraşdırılan bö­yük ekranda Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilən çox­saylı raket hücumlarının acı nəticələri nümayiş olunur.

Pakistanın bir sıra rəsmi şəxsləri, Azərbaycanın Pa­kistandakı səfiri Əli Əlizadə və səfirliyin kollektivi, Pakis­tan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət zamanı onun qarşısına gül-çiçək və oyuncaqlar qoyaraq, həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.

Guşənin ziyarətçisi olan minlərlə paytaxt sakini dinc əhaliyə qarşı Ermənistanın qəddar əməllərindən heyrətləndiklərini bildirib və insanlığa qarşı olan bu hərbi cinayəti qına­yıblar. Ziyarətçilərin çox­saylı təklifləri, sualları və Azərbaycanla həmrəylik bildirən fikirləri səfirlik əməkdaşları tərəfindən gün ərzində dinlənilir və cavab­landırılır.

AZƏRTAC

25 Oktyabr 2020 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə