Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcavüzkar Ermənistan dövləti layiqli cəzasını almaqdadır: İşğal olunmuş torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edilir

əvvəli http://xalqqazeti.com/az/news/61008

Azərbaycan Respublikası­nın Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948- 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır. Fərmanda göstərilirdi ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr ta­rixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948- 1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin möv­cud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qar­şı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində işti­rakı da az rol oynamamışdır. Təəssüf ki, 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”.

Ermənistanın 1988-1992- ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdla­rından qovulmuş və Azərbaycana gəlmişdir. 1988-ci ildən başlaya­raq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən də soy­daşlarımızın çıxarılması baş verdi. Erməni silahlı qüvvələrinin 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regio­nunun ətrafındakı 7 rayonun 750 mindən çox sakini də öz yaşayış yerlərindən qovularaq respublika­nın 62 şəhər və rayonunda, 1600- dən çox məskunlaşma obyektində məcburi köçkün həyatı yaşamağa başladı. XX əsrin sonlarında Еrmənistаnın Аzərbаycаnа növbəti təcаvüzü nəticəsində Аzərbаycаn tоrpаqlаrının 20 faizdən çох hissəsi, bаşqа sözlə 17 min kv.km-dən yuхаrı ərаzi işğаl оlunmuşdur. Аzərbаycаnın, təхminən, 900 yаşаyış məntəqəsi qаrət оlunmuş və məhv еdilmişdir. 20 mindən yuхаrı аzərbаycаnlı həlаk оlmuş, 50 mindən çох sоydаşımız isə yаrаlаnmış və yа хəsаrət аlmışdır ki, nəticədə, оnlаr əlil və şikəst оlmuşlаr. Bir nеçə min nəfər itkin düşmüşdür. İşğаl оlunmuş ərаzilərdə аzərbаycаnlılаrın məhkəməsiz və istintаqsız kütləvi qətli, əsirlərin və mülki əhаlinin döyülməsi, işgəncələr və оnlаrlа qəddаr, qеyri-insаni rəftаr, аzərbаycаnlı əhаlidən Еrmənistаndа və Аzərbаycаnın işğаl оlunmuş ərаzilərində ən аğır işlərdə məcburi istifаdə аdi hаlа çеvrilmişdir.

Bütün bu faciələr məhz ümummilli lider Heydər Əliyevin ermənipərəst M.Qorbaçov tərəfindən sovet dövlətinin rəhbərliyindən istefaya göndərilməsindən dərhal son­ra baş vermişdir. Akademik Ziya Bünyadov bununla bağlı yazırdı: “Heydər Əliyev hələ Sovet İttifaqının rəhbərlərindən biri olarkən, bizə o qədər də xeyirxahlıq göstərməyən bəzi müsəlman ölkələrində belə, onu yüksək nüfuza malik bö­yük siyasi xadim kimi tanıyırdı­lar. Deyirdilər ki, müsəlmanın Kremldə yüksək vəzifə tutması fövqəladə hadisədir… Heydər Əliyev Kremldə işlədiyi illərdə ermənilər özlərinin millətçi se­paratçılıq siyasətini, o cümlədən də Azərbaycanda həyata keçirə bilmirdilər”.

Dövlətçiliyimizə və ərazi bütövlyümüzə qarşı törədilən silahlı təcavüzlə mübarizə hələ xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlan­mışdır. Bu gərgin, hərtərəfli iş, Ermənistanın bu cinayətə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılması ilə bağlı strategi­ya bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 de­kabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı ata-baba yurd­larından zorla köçürülməsinin, Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdır.

Bundan bir müddət son­ra – 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayan ulu öndər Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüqu­qi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparıl­mış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Fərmanda göstərilirdi ki, “Azərbaycan Res­publikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqı­na qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırı­mını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Na­zirliyi nəzdində xüsusı qurum ya­radılmışdı. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaq­larımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində bolşeviklərin hakimiyyəti qəsb etməsi nəticəsində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş və nəticədə, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində isə ermənilər istər dünyaya səpələnmiş böyük diasporları vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma “soyqırı­mı” kampaniyasına geniş vüsət vermişlər.

1988-ci ildən başlayаn Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. 6 min nəfər azərbaycanlının yaşadığı bu şəhər bir gecə ərzində məhv edildi. Xocalının yer üzündən tamamilə silinməsində erməni silahlı qüvvələrinə sovet ordusu­nun 366-cı alayı da yardım etdi. Nəticədə, 613 nəfər qətlə yetiril­di, 150 nəfər itkin düşdü. Qanlı faciədə 1000 nəfər dinc sakin şikəst oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmi faciələri ilə eyni səviyyədə durur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycan ətrafında yaradı­lan informasiya blokadasının aradan götürülməsi idi. Dahi şəxsiyyətin xarici ölkələrə hər bir səfəri ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin açıqlanmasında, dünya ictimaiyyətinə çatdırılma­sında əhəmiyyətli rol oynayırdı. Tarixi faktlar əsasında bəyan edildi ki, ermənilərin özlərinə saxta tarix yazıb, apardıqları yalan təbliğatın əksinə olaraq, soyqırımına məruz qalan onlar yox, məhz azərbaycanlılardır. Ulu öndər Heydər Əliyev ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımından geniş bəhs etməklə, belə bir reallığı ortaya qoydu ki, yalan üzərində qurulan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola bilməz. Baxma­yaraq ki, Ermənistanda “erməni soyqırımı” abidəsi ucaldılaraq, bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu ölkəyə səfər edən hansısa dövlət rəsmisinin abidəni ziyarət etməsi “erməni soyqırımı”nın tanıdılması kimi təqdim edilir.

Təbii ki, bu məsələdə də dün­yanın ikili siyasəti öz problemlərini yaratmaqdadır. Dünyanın iri güc mərkəzlərindən olan Fran­sa dövlətinin heç bir araşdırma aparmadan “erməni soyqırımı”nı tanıması, hətta digər ölkələri də bu addımı atmağa sövq etməsi ikili yanaşma deyilmi? Rəsmi Bakı daim dünyanın ikili siyasətinin ya­ratdığı problemləri diqqətə çatdırır və bəyan edilir ki, nə qədər ki, bu yanaşma mövcud olacaq, hansı­sa məsələnin ədalətli həllindən danışmaq mümkünsüzdür. Lakin dünyanın bu yanaşması bizi ruhdan salmamalı, daim mövqe­yimizin müdafiəsi istiqamətində səylərimizi artırmalıyıq.

Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev hazırda uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istis­na deyil. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə baş­ladığı ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” - deyərək erməni işğalçılarına qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki – həm canlı qüvvə və həm də texnika sarı­dan – verərək geri çəkilmişdilər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirmiş və üçrəngli bayra­ğımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalan­dırmışdılar. Artıq işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində insanlar məskunlaşmışlar. Dövlətimizin hərtərəfli qayğısı və dəstəyi sayəsində burada soydaş­larımız üçün hər cür şəraiti olan evlər tikilmiş, insanlarımız bütün zəruri vasitələrlə təmin edilmişlər.

Bütün bunlar digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığını sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və formalaş­dırdığı Azərbaycan Milli Ordusu hazırda dünyanın güclü ordula­rından biri hesab edilir. Bu ordu işğal altında olan torpaqlarımızın tamamilə azad edilməsi üçün bütün zəruri vasitələrlə təmin edilmişdir, Vətənin ərazi bütöv­lüyünün bərpa edilməsi naminə döyüşə atılmaq üçün böyük ruh yüksəkliyinə malikdir və bunu 2016-cı ilin aprel döyüşləri də, bu il sentyabrın 27-dən davam edən uğurlu döyüş əməliyyatları da sübut etdi. Möhtərəm Prezi­dentimiz İlham Əliyev ulu öndərin siyasətinə sadiq qalaraq, torpaq­larımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xalqımızın heç vaxt yol verməyəcəyini qətiyyətlə bəyan etmişdir.

Lakin azğın düşmən atəşkəs dövründə daim təxribatlar törətməkdə, dinc sakinləri gülləbaran etməkdə davam etmiş­dir. Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. İyulun 13-14- də Tovuz rayonu istiqamətində şiddətli döyüşlər zamanı düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-ə qədər can­lı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib. Ali Baş komandan İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” telekanalına müsahibə verərkən demişdir: “Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleri­yadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konven­siyanı kobud şəkildə pozur. Biz ərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa im­kan yaratmaq üçün mandatı olan vasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruk­tiv yanaşma nümayiş etdirmək əvəzinə Ermənistan iyul ayında bizə qarşı hərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik”.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərildi. Avqustun 23- də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edildi. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü. Diversiya qrupu başçısının ifadələrinə əsasən, bu qrup Azərbaycana terror aktları törətmək üçün göndərilmişdi.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Or­dusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. 30 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar masası arxasında, beynəlxalq hüquq əsasında ədalətlə həll olunması üçün səylə çalışan Azərbaycan Respublikası məhz sentyabrın 27-nə qədər bu istiqamətdə fəaliyyət göstərdi. Lakin düşmənin bütün cəbhə boyu genişmiq­yaslı hücuma keçməsi, baş nazir N.Paşinyanın son vaxt­lar verdiyi sərsəm bəyanatlar və Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin hərbi yolla həllindən başqa heç bir yol qalma­dığını sübuta yetirdi. Düşmən hücumunun ilk günü, sentyabrın 27-də ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində bir sıra kəndlər ermənilərdən təmizləndi. Oktyabrın 3-də Mada­giz də mənfur düşmən tapdağın­dan qurtuldu və onun əvvəlki adı – Suqovuşan bərpa edildi.

Torpaqlarımızı işğaldan qur­tarmaq naminə canını və qanını belə, əsirgəməyə hazır olan igid Azərbaycan əsgərinin şücaəti sayəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi 27 ildən sonra düşməndən azad edildi. Ali Baş Komandan cənab İlham Əliyev bu münasibətlə xalqa müraciətində demişdir: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ tor­pağı bizim əzəli tarixi torpağımız­dır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq”.

Ermənilərin 290-dan çox tank və zirehli texnikası, 230-a yaxın artilleriya qurğuları, 250-yə yaxın nəqliyyat vasitələri, 4 ədəd S-300 zenit-raket qurğusu, “Uraqan” yaylım atəşli reaktiv sistemləri, “OSA” zenit-raket kompleksləri və BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, piyadala­rın döyüş maşınları və məhv edilib; bu rəqəmlər günbəgün dəyişərək artır. Qəhrəman əsgər və zabitlərimiz şəhərlərimizi, kəndlərimizi işğaldan azad edib, strateji yüksəklikləri, idarəetmə məntəqələrini və Murovdağ yüksəkliyini ələ keçirib. İşğalçı erməni ordusu, öz torpağında döyüşməyən erməni əsgər və zabitləri silah-sursatı, nəqliyyat vasitələrini, döyüş bayrağını, rəsmi sənədləri ataraq qaçırlar.

Ali Baş Komandan, Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində möhtəşəm qələbələri nəticəsində artıq azad olunmuş kənd və şəhərlərdə Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahi­movun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta da həmçinin Azərbaycan Bayrağı sancılmışdır. Sentyab­rın 27-də cəsur hərbçilərimizin əks-hücumları başlayandan sonra demək olar ki, hər gün yeni yaşayış məskənlərimizin azad edilməsi və strateji yüksəkliklərin ələ keçirilməsi barədə məlumat alırıq. Bu, bütün xalqımızda və döyüşçülərimizdə böyük ruh yüksəkliyi oyadır, Azərbaycan əsgəri qısa vaxt ərzində bü­tün işğal olunmuş ərazilərimizi mənfur düşməndən təmizləmək əzmindədir və bunu edəcək.

Lakin ermənilər öz ənənəvi xislətlərinə sadiqdirlər: onlar cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirlər. 4 oktyabr, 11 oktyabr, 17 oktyabr 2020-ci il tarixlərində döyüş bölgəsindən xeyli uzaq­da – 60 km məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, strateji sənaye əhəmiyyəti daşıyan Mingəçevir şəhərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutulmuşdur, nəticədə dinc sakinlərdən ölən və yaralananlar olmuşdur. Bu yırtıcı hücumlar nəticəsində indiyə qədər 61 nəfər həlak olub, 298 nəfər xəsarət almışdır. Erməni həyasızlığı heç bir sərhəd tanımır; düşmən Gəncənin raket zərbələri ilə dağıdılmış görüntülərini yayaraq, bunu azərbaycanlıların dağıt­dığı erməni şəhəri kimi qələmə verir! Erməni qəsbkarları Tərtər, Beyləqan və digər şəhərlərimizi atəşə tutmaqdadır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqların­da Cinayət Məcəlləsinin 100.1-ci (təcavüzkar müharibəni planlaş­dırma, hazırlama və ya başlama), 116.0.7-ci (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8-ci (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hü­cum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başla­nıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bü­tün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən ya­ralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Ermənistanın baş naziri dinc yaşayış məntəqələrinə raket zərbəsi vurmaq əmri verməklə öz terorçu mahiyyətini göstərsə də Azərbaycan prezidenti İlham Əliyev ən mürəkkəb anlarda belə soyuqqanlığını, beynəlxalq hüquqa, konvensiyalara sadiqliyini saxlayaraq “Biz onların cavabını döyüş meydanında veririk, gü­nahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq ...” bəyanatını verərək dövlət başçısı kimi xalq ilə bir olduğu­nu, Azərbaycan dövlətçiliyinin, ölkəmizin ərazi bütövlüyünün keşiyində möhkəm durduğunu bir daha sübuta yetirdi.

Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq si­lahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uy­ğun fəaliyyət göstərir. Ermənilərin Gəncə şəhərini atəşə tutması nəticəsində erməni əsilli şəhər sakini – yaşlı qadın yaralanmış və o, xəstəxanaya yerləşdirilmişdir.

Xalqımız tam əmindir ki, iqtisadi və diplomatik sahədə davamlı uğurların fonunda yeganə problemimiz olan Ermənistan – Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsi tezliklə, lap bu günlərdə həll ediləcək, torpaqla­rımız düşmən tapdağından azad olacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, dünya birliyində yeri və rolunu günbəgün artıran Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcəkdir. Bütün bu uğurların təməlində düzgün müəyyənləşdirilən siyasət dayanır. Gündən-günə qüdrətlənən, zənginləşən, müasirləşən Azərbaycan harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Vətənidir.

Fikirlərimi xalqımızın sevim­lisi, milli ordumuzun tarix yazan görkəmli sərkərdəsi, Ali Baş Komandan, ölkəmizin rəhbəri möhtərəm cənab İlham Əliyevin elə öz sözləri ilə başa çatdırmaq istəyirəm: “... Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xal­qı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sıra­sında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Onu da qeyd etməyi la­zım bilirəm ki, tariximizin şanlı səhifəsini yazan, əzəli tarixi torpaqlarımızı böyük iradə ilə, qüdrətlə, rəşadətlə işğaldan azad edən, dövlətçiliyimizin keşiyində möhkəm duran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı xalqımızın böyük və sevimli oğlu cənab İlham Əliyevdir!

İradə HÜSEYNOVA,
tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri

25 Oktyabr 2020 00:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə