Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaqlarımız işğaldan azad edildikcə düşmənin mənəvi soyqırımına da son qoyulur

Milli Məclisin deputatı Fatma Yıldırım Ermənistanın Azərbaycana təcavüzünü – Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinin, beynəlxalq hüquqla tanınan ərazilərimizin 20 faizinin işğal olunmasının dağıdıcı, antibəşəri nəticələrindən daha biri olan milli yer adlarımızın heç bir əsas olmadan erməniləşdirilməsinə kəskin münasibətini belə ifadə etmişdir:

– Şanlı Ordumuz torpaqlarımızı bir-bir işğaldan azad etdikcə, təcavüzkar Ermənistanın bu yerlərdə necə vandalizm törətməsinin öz gözlərimizlə bir daha şahidi oluruq. Bu illər ərzində torpaqlarımızda yaşayış evləri, məktəblər, uşaq bağçaları, mülki infrastruktur barbarcasına darmadağın edilib. Şəhərlərimizin ruhu məhv edilib. Bu mənzərə bizi çox sarsıdıb. Əvvəlki abad, cah-cəlallı yaşayış məntəqələrimizdən əsər-əlamət qalmayıb. Bununla yanaşı, tarixi-dini abidələrimiz də yer üzündən silinmişdir. İşğalçı Ermənistanın apardığı vandallıq siyasətinin bir göstəricisi də əzəli torpaq­larımızda toponimlərimizə qarşı törədilən soyqırımıdır.

Xatırladım ki, hələ keçmiş SSRİ dövründə indiki Ermənistan ərazisində tarixi yer adlarımızın çox hissəsi dəyişdirilmişdi. Bu çirkin əməllərlə bizim o qədim tor­paqlarda əzəli varlığımızın təsdiqi olan yer adlarının izlərini yox etmişlər. 1988-ci ildə azərbaycanlıların doğma torpaq­larından son deportasiyasından sonra bütün toponimlərimiz dəyişdirilərək erməniləşdirildi. Görünən odur ki, Dağlıq Qarabağda da eyni siyasət davam etdirilib.

Münaqişə uzun illərdir dondurulmuş hesab olunsa da, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Dağlıq Qara­bağın qondarma xunta rejimi beynəlxalq hüquqa zidd olaraq yaşayış məntəqələrimizin adlarını dəyişdirib, qədim məskənlərimizə uydurma, eybəcər adlar veriblər. Onlarda bu cəsarət hardandır, bu haqqı onlara kim verib?! Acınacaqlısı isə odur ki, danışıqların davam etdirildiyi vaxtda ATƏT-in Minsk qrupunun həmsədrləri bu özbaşınalıqlara göz yumublar və lazımi etirazlarını bildirməyərək müvafiq tədbirlər görməyiblər.

Belə həssas məsələdə ikili standartlara əsaslanıb bu faktları görməzliyə vurmaq müəyyən mənada Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçı siyasətini 30 ilədək bir müddətdə açıq-gizli dəstəkləmək olmuş­dur. İşğalçı Ermənistan bilsin ki, tarixi dəyişdirmək onların düşündüyü qədər də asan və bağışlanan deyil. Bizim əsrlər boyu yaşadığımız bu torpaqlarda əcdadlarımızın bizə miras qoyduğu tarixi-mədəni irsimiz həmişə hər bir azərbaycanlının ürəyində və yaddaşında yaşamaqdadır. Bu gün yeni nəslin Qarabağ torpaqlarının azad olunma­sı uğrunda aparılan döyüşlərdə göstərdiyi şücaət bunun bariz nümunəsidir.

Əgər işğalçı Ermənistan, həqiqətən, sülh tərəfdarı idisə və işğal etdikləri torpaqları geri qaytaracaqdılarsa, nə üçün toponimlərimizi erməniləşdiriblər? Nə üçün tarixi abidələrimizi, məscidlərimizi məhv ediblər? Görünən odur ki, onlar heç vaxt torpaqlarımızı xoşluqla geri qay­tarmaq fikrində olmayıblar. Nəhayət, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edir və ölkə Prezidenti düşməndən geri alınan yaşayış məntəqələrinin tarixi adlarını da özünə qaytarır. Cənab Prezidentin tarixi qərarları ilə Madagizin adının dəyişdirilərək Suqovu­şan, Xocavəndin Vəng kəndinin isə yenidən Çinarlı adlandırılması bunu təsdiqləyir.

Ölkə başçısının bu qərarlarını xalqı­mız böyük sevinclə qarşılayır. Əminik ki, tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz bütün dədə-baba torpaq­larımızı tezliklə işğaldan tamamilə azad edəcək. Bununla da milli varlığımıza qənim kəsilmiş erməni vandallarının xalqımıza qarşı mənəvi soyqırımına son qoyulacaq, tarixi toponimlərimiz də bərpa ediləcək!

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə