Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun BAYRAMOV: Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi

Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə Ermənistan tərəfindən “Skad” raketləri atıldı. Gecə saatlarında və təxliyəyə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədən, hücum edilərək evlər və günahsız ailələr hədəf alındı. On dörd mülki şəxs həlak oldu; digər 40 nəfər ağır yara­landı. Bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun “The Washington Times” qəzetində dərc olunmuş “Dağlıq Qara­bağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsində deyilir.

AZƏRTAC məqaləni təqdim edir.

Bu ikinci hücum üçüncü ola bilərdi. Hərbi kəşfiyyat keçən həftə Ermənistan tərəfindən bir raket batareyasının şəhəri vurmaq məqsədilə Azərbaycan ilə sərhədə doğru gətirildiyini bildirmiş­di. Ermənistan Müdafiə Nazirliyindən xüsusi icazə tələb olunaraq planlaşdı­rılan hücum - əvvəlki kimi - yalnız ölkə rəhbərliyinin birbaşa əmri ilə həyata keçirilə bilər.

Raket batareyasını məhv etməkdən başqa bir seçim yox idi. Yalnız hərbi hədəfi vurmaq və məqsədyönlü şəkildə uzun mənzilli “Skad” raketi ilə günahsız mülki insanları hədəf almaq arasında böyük bir fərq var. Gəncə işğal altındakı Dağlıq Qarabağdan 60 km məsafədə yerləşir, bu bizim müharibəyə qayıtma­ğımızın səbəbidir.

Bu münaqişənin necə təqdim edildiyi və reallıqda necə olduğu arasında da bir fərq var. Buna sərhəd mübahisəsi deyi­lir; hətta bəzilərinin görmək istədiyi kimi, rəqib dünya gücləri arasındakı proksi müharibə kimi qələmə verilir. Əslində isə bu, Azərbaycan ərazisində baş verən müharibədir. Bu müharibə Ermənistanın işğalı və iyirmi ildən çoxdur ki, Dağlıq Qarabağı və onun ətrafındakı yeddi ərazini işğal etməsindən qaynaqla­nır. Gəncə şəhərinə davamlı şəkildə edilən hücumlar isə onu göstərir ki, bu müharibə artıq Azərbaycan ərazilərinə yayılır, hansı ki münaqişə zonası deyil və heç vaxt da olmayıb.

Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə nəticələnən 1988-94-cü illərin müharibəsindən bəri sülh yolu ilə geri qaytarılması üçün ölkəmiz 30 ilə yaxın danışıqlar apardı. Çox məyusedici haldır ki, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn aliliyinin tətbiq edilməsində uğursuzluq ilə nəticələnən işğalçı ölkəyə rahatlıq verən bir yanaşmanı qəbul edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ikinci bir Ermənistanın - qondarma “Dağlıq Qarabağ respublikası”nın heç bir gələcəyi yoxdur. Bu, fikir de­yil, həqiqətdir: bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ardıcıl şəkildə qəbul edilmiş dörd qətnaməsi vasitəsilə beynəlxalq hüquq­da təsbit edilib.

ABŞ-dan Rusiyaya kimi, hətta Ermənistanın özü də - hər bir ölkə Azərbaycanın ərazi bütövlüyünün qanu­niliyini və Dağlıq Qarabağı onun ayrıl­maz tərkib hissəsi kimi tanıyır. Bundan əlavə olaraq, Azərbaycan sülh əldə edil­diyi təqdirdə Dağlıq Qarabağa mümkün olan ən yüksək muxtariyyət verilməsi barədə öhdəliyini dəfələrlə bildirib.

Beləliklə, separatçılarla danışıq­lar aparacaq heç bir məsələ yoxdur: legitim olaraq Dağlıq Qarabağı ev adlandıra bilən hər bir şəxsin ehtiyacı nəzərə alınmalı - istər erməni etnik mənsubiyyətinə, istərsə də 1988-94-cü illərin müharibəsi dövründə evlərindən didərgin düşmüş bir milyona yaxın azərbaycanlı qaçqın – və Azərbaycanın ayrılmaz hissəsi kimi eyni torpaqda və sülh şəraitində birlikdə yaşamaq üçün bir yol tapmalıdır.

Bu, mümkündür. Azərbaycanda, eyni zamanda, müsəlman, yəhudi və ortodoks xristian dini nümayəndələri, eləcə də azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər millətlər yaşayır. İşğal olunmuş ərazilər istisna olmaqla 30 min erməni Azərbaycanı vətən adlandırır. Bu ölkə nə monolit bir etnos, nə də tək dinin olduğu bir məkan deyil.

Lakin indiki vaxtda, Ermənistanın ha­zırkı hökuməti destruktiv gündəliyini irəli sürməyə davam edir. Atəşkəs ilə bağlı Moskvada baş tutmuş son danışıqlar zamanı, onların diplomatları danışıqların on birinci saatında hər hansı bir razılaş­ma imzalanmadan əvvəl separatçıların danışıqlar masasına oturmalarını israr etdilər. Bu, Azərbaycan və ev sahibliyi edən ölkə tərəfindən rədd edildi. Hər bir halda, maliyyələşdiriciləri artıq əks tərəfdə oturduğu halda proksilərlə da­nışmaq üçün heç bir səbəb yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandır­maq idi. Bunun müxalifət liderləri və jurnalistlərin həbslərinin kəskin artması fonunda ölkəsindəki idarəetmədə olan uğursuzluğundan yayınma cəhdi oldu­ğunu düşünürük. Münaqişədən əvvəl bu rəhbərliyin seçki vədlərini yerinə yetirməsi üçün çağırışlar sürətlə artmaq­da idi.

Bu şahidi olduğumuz, onun qarşı­durmanı genişləndirmək motivasiya­sıdır. Hazırda Paşinyan Amerikada, xüsusilə də Ermənistan-Amerika və dünya diasporasında bunu həqiqətə uyğun olmayan bir şəkildə həyatı bir təhlükə kimi qələmə verməyə çalışır; yalnız Ermənistan dövlətinə deyil, hər yerdə olan bütün ermənilərə qarşı. Azərbaycan isə Ermənistanla qonşu olaraq sülh və firavanlıq içində yaşa­maq istəyir. Bütün ümumi çətinliklərimiz Ermənistanın təcavüzü, işğalı və sülh üçün mümkün olan yeganə şərtə, qoşunlarını torpaqlarımızdan çıxarmağa riayət etməməsindən qaynaqlanır. Fərqli yaşamağı öyrənməliyik.

Yalnız biz əvvəldə də, yolun sonunda da doğru olanlardan başlayırıq: Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bu əsasda bu müharibəyə son qoya bilərik və barışıq yolunu tuta bilərik.

 

25 Oktyabr 2020 00:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə