Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordumuz bu gün regionda ən güclü hərbi qüvvə olduğunu nümayiş etdirir

Müzəffər Azərbaycan Ordusunun Qarabağdakı zəfər yürüşü davam edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yeni tarix yazır. Hər gün savaş meydanından xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. İgid hərbçilərimiz uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Düşmən Azərbaycan əsgərinin əzmi qarşısın­da duruş gətirə bilməyərək silahını atıb qaçır. Hər gün düşmənə məxsus çoxsaylı zirehli texnika məhv edilir və qənimət kimi götürülür.

Azərbaycan Prezidenti, Ali Baş Ko­mandan İlham Əliyev mütəmadi olaraq müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilən yaşayış məntəqələrinin adlarını elan edir. Dövlətimizin başçısı oktyabrın 23-də özünün rəsmi “Twitter” səhifəsində Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərinin işğaldan azad edildiyini bildirib. Ölkə rəhbəri bütün bu ya­şayış məntəqələri ilə bərabər, Silahlı Qüvvələrimizin Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minba­şılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərinin də düşməndən təmizlədiyini vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlarda isə oktyab­rın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi, düşmənin müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutduğu diqqətə çatdırılır.

Şanlı ordumuzun oktyabrın 23-də keçirdiyi əməliyyatların qısa xülasəsini belə vurğulamaq olar:

– Cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vuru­lub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib;

– bütün cəbhə boyu işğalçının əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulması həyata keçirilib. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı yaranıb. Ermənistan qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. İşğalçı tərəfindən döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilməsi həyata keçirilib.

– Ermənistanın Tavuş və Sisian ra­yonlarından Dağlıq Qarabağa gətirilən şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edərək mövqeləri tərk ediblər.

Azərbaycan tərəfinin bütün bu uğurlu əks-həmlə əməliyyatlarına baxmayaraq, düşmən ordusu azğınlığın­dan, terror əməllərindən, dinc əhaliyə qarşı cinayətlər törətməsindən çəkinmir. Oktyabrın 23-ü gecə ərzində və səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisinin intensiv atəşə tutulması bunun bariz ifadəsidir.

Baş Prokurorluğun açıqladığı sta­tistikaya əsasən oktyabrın 4-də, 11-də, 17-də raket və ağır artilleriya hücum­ları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Goranboy, Tərtər, Bərdə, Beyləqan, Ağcabədi, Füzuli, Ağdam rayonlarında, Nafta­lan şəhərində xeyli sayda dinc sakin həlak olub, xəsarət alıb. Bundan başqa, Mingəçevir şəhərində 5, Daşkəsən, Cəbrayıl, Xocalı və Qəbələ rayonlarının hər birində 1 nəfər yaralanıb.

Ümumilikdə sentyabrın 27-dən oktyabrın 23-dək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 298 nəfər isə xəsarət alıb. Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsı­dıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Azərbaycan Ordusu Qarabağda hər kənd, hər şəhər uğrunda cəsarətlə, mərdliklə döyüşür, yağı tapdağındakı əzəli torpaqlarımızın xilası üçün canın­dan-qanından keçir. Milli Qəhrəman Şükür Həmidov da Azərbaycanın belə cəsur oğullarından biri idi. Oktyabrın 23-də Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlının azadlığı uğ­runda şəhid olan qəhrəmanımızın atası Nəriman Həmidovla telefonla danışıb. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib. Ali Baş Komandan Şükür Həmidovun hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etdiyini qeyd edib. Dövlətimizin başçısı Şükür Həmidovun bu dəfə Qubadlı rayo­nunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olduğunu vurğulayıb. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayo­nunda onun adının əbədiləşdiriləcəyini diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Ermənistandan yeni gətirilən hər bir könüllü atəş mövqelərini tərk edərək qaçır, döyüşə girməkdən imtina edir. Əlavə yolların bağlı olması və nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən düşmən yara­lıların təxliyəsində ciddi çətinliklərlə üzləşir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatları çatışmır.

Cəbhədə güc üstünlüyü aşkar şəkildə Azərbaycanın tərəfindədir. Haqq yolunda vuruşan Azərbaycan Ordusu tam üstünlüyə malikdir. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunan yeni yaşayış məntəqələrində ucaldılır. “Erməni mifləri” beləcə dağı­lır və yalanları ifşa olunur.

Sentyabrın 27-dən davam edən haqq savaşımız Azərbaycan Ordusu­nun qüdrətini bir daha nümayiş etdirir. Nəinki erməni əsgəri, hətta xarici ölkələrdən gətirdikləri muzdlu terrorçu­lar da yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmir. Ordumuz sözdə yox, əməldə də region­da ən güclü olduğunu nümayiş etdirir.

Vaqif BAYRAMOV,“Xalq qəzeti”

25 Oktyabr 2020 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə