Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaşanan və yaşadan tarix

Prezidentin müsahibələri Azərbaycan diplomatiyasının yeni parlaq səhifəsidir

Tarixi günlər yaşayırıq. Tarix keçmiş deməkdir, amma mən deyən tarix canlıdır, bizimlə addımlayır, yaxud biz onunla birgə irəliləyirik. Bu tarix dünən deyil, bəlkə, ağrı-acı dolu dünənin üzərindən qalın xətt çəkən bugün­dür – amma bugündən daha çox sabahdı! Son 100-150 ildə itirdiklərimizin yenidən millətimizə, ruhumuza qazandırıl­ması başlayıb. Müdrik Ali Baş Komandanımızın təmkinli, uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər ordumuz milli dirçəlişimizi, xəlqi oyanışımızı, dövlətçiliyimizin şan-şöhrətini yüksəldir. Bizə bu tarixi günləri göstərən, daha doğrusu, tarixin özünü yaşadan Allahımıza şükürlər olsun!

Dövlət–Xalq birliyinin növbəti təntənəsini yaşadığımız bugünlərdə idarəetmənin, diplo­matiyanın, hərbi uğurların anato­miyasını mümkün olan açıqlıqda bizə və bütün dünyaya göstərən cənab İlham Əliyev bir milli lider örnəyidir. Prezidentin son günlər xarici KİV-ə silsilə müsahibələri həm də bir çox media orqanların­da yayımlanır, tirajlanır, müzakirə edilir. Bu da ən azı iki səbəblə bağlıdır: birincisi, Dağlıq Qarabağ ətrafında 30 ilə yaxındır forma­laşdırılmış qəbuledilməz “status-kvo”nun, bədnam “təmas xətti”nin aradan qaldırılmasıdır. İkincisi, müsahibələrin məhz həmin “status-kvo”nu, “təmas xətti”ni aradan qaldırmış ordunun Ali Baş Komandanına aid olmasıdır.

Belə müsahibələrdən biri bu günlərdə, Rusiyanın məşhur TASS informasiya agentliyinə verildi. Cənab Prezidentin öncəki müsahibələri ilə yaxından tanış olmuş və onlar haqqında öz düşüncələrini yazmış bir depu­tat olaraq, TASS-a müsahibədə verilmiş mesajlar, müsahibənin fərqli və xüsusi önəm daşıyan cəhətlərinə dair bəzi qənaətlərimi oxucularla paylaşmaq istərdim.

Azərbaycan Respublikası öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Bu, cənab Prezidentin daha öncələr dediyi məşhur “Bizim sözü­müz imzamız qədər keçərlidir” sözləri ilə sabitdir. Bəlli olduğu kimi, bu müsahibə Rusiyanın informasiya agentliyinə verilib və çoxmilyonlu rusdilli auditoriyaya belə bir mövqenin duyurulması, təkrarlanması və daha çox insan tərəfindən qəbul görməsi bizim üçün önəmlidir. Moskvanın 100 faiz asılılığında olan Ermənistanın Rusiyaya bir söz, digər böyük dövlətlərə başqa söz dediyi, kim daha güclü olacaqsa, onun yanında olma zehniyyətinə sahib olduğu mübahisəsizdir. Dövlətçilik ləyaqəti, sağlam dövlət ərkanı olmayan Ermənistanın dostlu­ğu da, düşmənçiliyi də ən adi tənqidə tab gətirməz. Dünyada ən çox dövlət qurmuş, tarixdə ən ədalətli hökumdarları, fatehləri ilə ad çıxarmış bir millətin övladı olaraq, öz dövlətimizi dardüşüncəli bir “dövlət”lə müqayisə etmək istəməzdim. Lakin iş elə gətirib, bizim torpaqları işğal edən dövlət qismində Ermənistan çıxış edir. – Bizə düşmən olmağa belə uyğun olmayan, hər mənada kiçik bir “dövlət”dən danışırıq. O Ermənistan ki, bundan bircə ay öncə, hərbi-siyasi təkəbbürü yerə-göyə sığmırdı, özündən müştəbeh davranırdı... Bax, belə bir uğursuz dövlətin qarşısında­kı Azərbaycan, həmişə olduğu kimi, öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdü­yü öhdəliklərə münasibətdə sözübütövdür. Dövlətimiz həm öncədən, həm də elan olunmamış müharibənin nizamlanmasına dair danışıqlar zamanında beynəlxalq hüquqa, dinc həll yoluna sadiqlik nümayiş etdirir, öz üzərinə götür­düyü öhdəlikləri yerinə yetirmək əzmindədir. Ancaq öhdəlik, anlaş­ma, razılaşma, dialoq, müzakirə… ən azı ikitərəfli yaxud üçtərəfli, çoxtərəfli olur və belə olunca da, yalnız bir tərəfin sadiqliyi, etiba­rı həlledici ola bilməz, problem çözülməz, gərək bütün tərəflər öhdəliklərə, verilən sözə sadiq olsun.

Bəs biz nə görürük? Humani­tar atəşkəs üçün özü xahişçi olan qarşı tərəf humanitar atəşkəsə əməl etmir. Danışıqların üzərindən heç 1 sutka keçməmiş Gəncə şəhərinə hücum edən Ermənistan idi. Bu azmış kimi, Ermənistan ən ağlagəlməz bir “versiya” ilə çıxış edəcək qədər həyasız, sırtıq ola bilir. Deyə bilir ki o raketləri Gəncəyə Ermənistan atmayıb. O zaman biz özümüz öz şəhərimizi, öz mülki insanlarımızı hədəf almışıq. Absurdun bir bu qədəri görünməmişdir hər halda..!

Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Xarici İşlər naziri Ceyhun Bayramov “humanitar atəşkəs” danışıqlarına gedərkən ordumuz üstünlüklər əldə etmişdi və bu gün olduğu kimi, o gün də güclü tərəf idik. Həm güclü, həm də, haqlı! Amma danışıqlara razılıq verdik. Yenə hər hansı müzakirədən, masadan qaçmırıq. Ancaq Mnatsakanyan çətin danışıqlarda həm haqsız, həm də gücsüz tərəfin naziridir. Erməni nazir barışıqda, anlaşmada daha çox maraq nümayiş etdirməli, şərt irəli sürməməli və ən əsası verdiyi sözü tutmalı idi! Əvəzində nə gör­dük? Atəşkəs razılaşması qüvvəyə minər-minməz atəş şiddətləndi. Xeyir ola? Bəs o 11 saat boyu bizim nazirin vaxtını niyə alırdınız? Atəşkəsi, az qala, bayram kimi qeyd edən ölkəsinin sakinlərini niyə xəyal qırıqlığına uğradırdı? Bunu normal ağılla izah etmək çətindir. Çünki nəticə etibarı ilə itirən yenə özləridir.

“İndiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olun­ması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyü­nü nümayiş etdirir. Lakin bununla belə, biz qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”. – Bu fikirlərlə Prezident İlham Əliyev TASS infor­masiya agentliyinə müsahibəsində hansısa mübahisəyə yer qoymadı.

Əlbəttə, biz haqlı olduğumuza da, dövlət başçımızın xalqın istək və arzularını yüksək səviyyədə ifadə etdiyinə də əminik. Əminik ki, Ermənistanın işğal etdiyi əraziləri tam geri qaytaracağıq. Çünki o, öz xoşu ilə bu geriqay­tarma müddətini heç cür icra etmir. 30 ilə yaxın vaxt keçib, lakin könüllü qaytarılan 30 kvadratmetr ərazi olmayıb. İşin ən hiddət do­ğuran tərəfi odur ki, işğaldan azad edilən ərzilərdə düşmənin qurduğu istehkamlar, dəmir-beton bəndlər, çoxfunskiyalı tunellər, düşmənin Qarabağa yığdığı həddən çox tex­nika və eşalonlaşmış müdafiənin təşkili, daha 30 il keçsə də, torpaqvermə istəklərinin olma­dığını göstərir. “Yazıq, kimsəsiz olan, amma qalib gəlməyə məcbur qalmış”, “xristianlığın son qa­lası”, “blokadada qalmış ali irq adası” kimi səfsəfələrlə özünü və beynəlxalq ictimaiyyəti qandıran işğalçının iç üzü TASS efirindən dünyaya bir daha çatdırıldı. Ədalət öz yerini tapana qədər də çatdırı­lacaq!..

Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sua­lını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunika­siyaların, həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mözvusu olduğuna vurğu etdi. Prezident ona da vurğu etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu, bölgədə təhlükəsizliyi pozur.

Müsahibədə açıq şəkildə deyil­di ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Prezidentin sözüdür: “Bu barədə məlumatlar var, uçuş­ların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğu­rur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenkla­turunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

Çox xoşdur ki, hər müsahibədən öncə və sonra Prezidentin “qələbə tvit”ini, yaxud xalqa müraciətini gözləməyə və gözləntimizin doğrulması­na öyrəncəli olmuşuq. Bu dəfə də istisna təşkil etmədi. Cənab Prezident Zəngilan şəhərinin, bir neçə kəndimizin azad edilməsinin müjdəsini verdi. Xalqımızın gözü aydın olsun!

Biz bilirik ki, aktiv döyüşlərin getdiyi bir vaxtda dövlət başçısı­nın xarici TV-lərə ard-arda geniş müsahibələr verməsi nə deməkdir. O müsahibələrdəki mesajları, necə deyərlər, sətiraltılarını da başa düşürük. Başa düşürük ki, dövlət başçısı hərbi uğurlar­la diplomatik uğurları bir-biri ilə vəhdətdə yürüdür. Hazırki dövrdə xarici mediaya ardıcıl müsahibələr diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Doğrudur, bir çox halda TV və informasiya agentliklərinin müsahibələri paralel olaraq Ermənistan baş naziri ilə də təşkil edilir, lakin əsas məsələ işğalçı ölkə rəhbərinə də mikrofon uzadılması deyil, o mikrofona nə deyilməsi əsasdır. Hətta, guya, “demokrat” Paşinyan deyil, bir başqa “yan” olsaydı da, xüsusi bir fərq yaranmayacaqdı. Çünki adı­nın qabağında kimin yazıb-yazma­masından asılı olmayaraq, bir iş­ğalçı təyini var ortalıqda. Bu təyin, Ermənistanın bütün keçmiş və ha­zırkı dövlət rəsmilərinin beynində, ruhunda vardır. Və budur, beyni və ruhu ilə işğalçı, terrorçu zehniyyətli olanlar hərb cəbhələrindən geri çəkilir, müqavimətə cəhd edənlər sınıq-salxaq edilir, qovulur, zərərsizləşdirilir.

Canlı tarixin içindəyik. Bəzən bir günün bir neçə ilin hadisələri qədər zənginlik daşıdığını görü­rük. Mən bu sətirləri yazarkən yeni hadisələr baş verməkdədir. Daha yeni müjdələrin gözləntisində və sarsılmaz inamındayıq.

Dövlətimiz, Bayrağımız, Ordumuz var olsun!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

25 Oktyabr 2020 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə