Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT qətnamələrinin icra mexanizmini Azərbaycan özü tapdı

Sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı əks-hücum əməliyyatları zamanı böyük uğurlar qazanması, işğal altındakı torpaq­larımızın xeyli hissəsinin azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpasına inamı artırıb. Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında Azərbaycan ictimaiyyətinə məlumat verir. Bu barədə Fransanın “Figaro” qəzetinə müsahibə verən dövlət başçısı Azərbaycan Ordu­sunun döyüş və qələbə əzmini də yüksək qiymətləndirib.

Müsahibə ilə bağlı fikirlərini bizimlə bölüşən İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə HÜSEYNLİ bildirdi:

– Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində, ilk növbədə, müxbirin ikibaşlı sualına dəqiqlik gətirərək bildirdi ki, əslində Azərbaycan Dağlıq Qarabağa qarşı hücuma keçməyib, əvvəlcə Ermənistan Azərbaycana hücum edib. Bu hücumun ilk saatlarında isə Azərbaycanın mülki şəxsləri və hərbi qulluqçuları həlak olub. Bu, son üç ay müddətində Ermənistanın Azərbaycana qarşı üçüncü hərbi təxribatı olub. Birinci təxribat Qarabağdan uzaqda, Ermənistan-Azərbaycan sərhədində baş verib. Beynəlxalq müşahidəçilər də təsdiq ediblər ki, hücuma Ermənistan başlayıb, onlar Azərbaycanın yeni ərazilərini işğal etmək istəyiblər. Onlar Azərbaycanın Ermənistanla sərhədinin bir neçə kilometrliyindən keçən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyiblər. İlham Əliyev deyib: “Yəqin, sizin də bildiyiniz kimi, Trans- Adriatik boru kəməri demək olar ki, tamam­lanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi”.

Amma terrorçu Ermənistan məqsədinə çata bilməyib. Mütəşəkkil Azərbaycan Ordusu onlara ciddi cavab verib. Erməni ordusu geri çəkilməyə məcbur olub. Ermənistanın sonrakı təxribat cəhdləri də uğursuz olub. Nəticədə Azərbaycan Ordusu beynəlxalq səviyyədə tanınmış ərazilərimizin bir hissəsini azad edib və proses bu gün də davam edir. Dövlət başçı­sının qeyd etdiyi kimi, bu, Azərbaycan Ordu­sunun yüksək bacarığa və potensiala malik ol­duğunu göstərir. Ordumuz Ermənistanı döyüş meydanında məğlub edir, onlar mövqelərini və hərbi texnikalarını ataraq qaçırlar.

Azərbaycan lideri Fransa ictimaiyyətinə başa salır ki, bu müharibənin başlanmasında, sonradan Moskvada əldə olunmuş atəşkəs razılaşmasının pozulmasında birmənalı olaraq Ermənistan günahkardır. Prezident bildirib: “Onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaq­larımızı azad etməyə davam edəcəyik”.

Bəli, Azərbaycan bir qarış torpağı­nı da kiməsə verməyə hazırlaşmır. BMT Təhlükəsizlik Şurasının az qala 30 ildən bəri kağız üzərində qalmış 4 qətnaməsi indi şanlı ordumuz tərəfindən icra edilir. Axı ikili standart nümunəsi olsa da, bizə dəfələrlə deyilib ki, bu qətnamələrin icra mexanizmi yoxdur. Nəhayət ki, BMT qətnamələrinin icra mexanizmini Azərbaycan özü tapdı. Xalqımız da inanır ki, müzəffər ordumuz tezliklə işğal altındakı bütün ərazilərimizi azad edəcək.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə