Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tezliklə işğalçını dövlət sərhədlərimizin arxasına qovacaq

Strateji Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri, deputat Zahid Oruc Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 26 gündən bəri işğalçı Ermənistanı “sülhə məcburetmə” adı altında aparılan müharibədə Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələrlə, rəşadətli əsgər və zabitlərimizin fədakarlığı sayəsində cəbhənin cənub cinahında qoşunlarımızın Ermənistanla sərhədə qədər irəliləməsi ilə bağlı öyünclü təəssüratını belə ifadə etdi:

– Bu qələbə və irəliləyiş istər stra­teji, istər taktiki baxımdan savaşın müqəddəratını həll edəcək. İranla sərhədə tam nəzarətin təmin olunması hərbi əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək istəyən düşmənin planlarını məhv edir. 70 kilometrdən artıq sərhəd zolağının tam nəzarət altına alın­ması, çoxəsrlik keçmişimizin, o cümlədən iki əsr əvvəlki Gülüstan və Türkmənçay hadisələrinin axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb milli ordu­muzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvanla ən yaxın quru sərhədinin, o cümlədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi-Mehri dəhlizinin ön dağlıq hissələrinə gətirilib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir. Bununla da indiyədək azad olunmuş 121 kənd, qəsəbə və 4 rayon mərkəzinin, eləcə də qazanılmış strateji yüksəkliklərin yaxın hərbi əməliyyatlar üçün diqtə şəraiti yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına şanlı ordumuzun nəzarət etməsinin sübutudur. Bunlar həm də dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edilməsi və arxa cəbhədə qısa müddətdə dayanıqlı is­tehkamlar qura bilməmək Ermənistanın hərbi kapitulyasiyasını qaçılmaz edir.

Milli Məclisin üzvü Zahid Oruc İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsini 40 minlik işğalçı ordunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşmək cəhdi kimi dəyərləndirdi: “Kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər. Ermənistanda sabiq prezidentlərin son görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə çatması, prezident Ar­men Sarkisyanın isə KTMT-dən haray olmadığına görə NATO rəhbərliyi ilə görüşə getməsi və əliboş qayıtması işğalçı ölkədə hakim siyasətin iflası deməkdir. Bu isə o deməkdir ki, tezliklə Azərbaycan bütün Qarabağ ərazisinə nəzarət edəcək, işğalçını dövlət sərhədlərimizin arxasına qovacaq”.

Hazırladı: T. AYDINOĞLU, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə