Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu tarixi ədaləti bərpa edir

Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qələbə yürüşü davam edir, vətənpərvər, cəsur və mərd oğullarımız tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar qazanılır, düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin tarixi səhifələri yazılır.

Bu gün xalqımızda ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruh­landırır. İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma tor­paqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq.

Azərbaycan Prezidenti demək olar ki, hər gün özünün rəsmi “Twit­ter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibəsində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verir, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırır. Bu, Xalq-Prezident-Ordu birliyinin monolitliyindən, sarsılmazlığından xəbər verir. Bu, Azərbaycana qarşı başla­nan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılması, insanların təxribatlar zamanı öz evlərini tərk etməmələri də vurğulanan fikrin bariz ifadəsidir. Bu, eyni zaman­da, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıdır.

Bəli, hazırda Azərbaycanda–öz torpağımızda Vətən müharibəsi gedir. Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan ərazilərimizi azad edir.

Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraq­larını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Prezident İlham Əliyev xarici televiziya kanallarına verdiyi müsahibələrdə və Azərbaycan xalqına müraciətlərində də öz siyasətində və mövqeyində dönməz olduğunu bir daha təsdiqləyib. Dövlətimizin başçısı vurğulayıb ki, “Bizi döyüşləri da­yandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandır­maq mümkündür”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Paşinyan hakimiyyətdə olduğu qısa müddət ərzində özünün işğalçılıq siyasəti ilə Ermənistan-Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıq­ları daim pozub. Hamımız yaxşı xatırlayırıq, ötən il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdi. Həmin vaxt dünya Qarabağ danışıqlarının fayda vermədiyini, Azərbaycanın daha Ermənistanın fitnəkar bəyanatlarına sözlə deyil, işlə ca­vab verəcəyini artıq anlaşmışdı.

Burada diqqətçəkən bir məqama da toxunmaq istərdik. Bu il oktyabrın 22-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVII iclasında Rusiya Prezidenti Vladimir Putin ölkəmizin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu vurğula­yaraq bildirib ki, Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini itirməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz. V.Putin deyib: “İllərdir biz vəziyyəti uzunmüddətli tarixi perspektivdə sabitləşdirmək üçün bu böhranın nizama salın­masının ən müxtəlif variantlarını təklif etmişik. Mən indi təfsilatlara varmayacağam, lakin inanın ki, bu, mövqelərin yaxınlaşdırılma­sı üçün aparılan gərgin işi olub. Bəzi məqamlarda elə gəlirdi ki, artıq az qalıb, bir addım da atsaq, qərar tapa biləcəyik. Təəssüf ki, bu, baş vermədi və bu gün biz münaqişənin həllinin ən pis variantı ilə üzbəüzük”.

Qeyd edək ki, bir neçə il əvvəl Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin “Kazan prinsipləri” əsasında həllinin yaxın olması və tezliklə mərhələli həllinə nail olunacağı barədə bir çox nüfuzlu siyasətçilər və politoloqlar məlumat vermiş­di. Lakin Ermənistanda çevrilişin baş verməsi və “küçə” siyasətçisi Paşinyanın hakimiyyətə gətirilməsi bu planları alt-üst etdi. Beləliklə, erməni xalqı özü müharibəyə imza atdı.

Hazırda Azərbaycan Ordusu güc-qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Ermənistan isə getdikcə həm hərbi, həm də siyasi sahədə məğlubiyyətə uğrayır. Bunu cəbhədə Azərbaycan tərəfindən təmas xəttinin pozulması, status-kvonun ölkəmizin lehinə dəyişməsi də aydın göstərir.

Yeri gəlmişkən, Ali Baş Koman­dan İlham Əliyev oktyabrın 23-də özünün rəsmi “Twitter” səhifəsində Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edildiyi­ni bildirib. Ölkə rəhbəri bütün bu yaşayış məntəqələri ilə bərabər Silahlı Qüvvələrimizin Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərinin də düşməndən təmizlədiyini vurğula­yıb.

Beləliklə, sentyabrın 27-dən başlanan əks-həmlə əməliyyatları nəticəsində oktyabrın 23-dək 3 şəhər, 3 qəsəbə və 149 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 58 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 34 kəndi, Xocavənd rayonunun Had­rut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı rayo­nunun 4 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər ermənilərdən təmizlənib.

Silahlı Qüvvələrimizin öz torpaqlarında həyata keçirdiyi bu uğurlu hərbi əməliyyatlar, həm də uzun illər beynəlxalq hüququn prinsip və normalarını, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini gözardı edən, habelə danışıqlar prosesinə destruktiv yanaşan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası­na qarşı Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyinin məntiqi nəticəsidir. Başqa sözlə, bu, işğalçı ölkənin hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində cənab İlham Əliyev tərəfindən yenilməz siyasi iradə, əzm, qətiyyət, prin­sipiallıq nümayiş etdirilməsinin, düşmən dövlətin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunmasının təsdiqidir. Bu, eyni zamanda, torpaqlarımızın 20 faizdən çox hissəsini tapdaq altında saxla­yan işğalçı Ermənistanın tərəfini tutan, haqqa, ədalətə göz yuman dövlətlərin, necə deyərlər, sağ­dan-soldan təzyiqlərinə baxmadan haqq mübarizəsi, haqq savaşı aparan Azərbaycanın tutduğu yoldan dönməzliyinin göstəricisidir. Bütün bunlar isə bir daha göstərdi ki, Azərbaycanın milli maraqları Prezident, Ali Baş Komandan İlham Əliyev üçün ən ali dəyərdir.

Azərbaycanın bu ədalətli mübarizəsində qardaş Türkiyənin yanımızda olması, xalqımıza mənəvi dəstək göstərməsi isə xalqımıza əlavə bir güc-qüvvə verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sınaq günlərində Azərbaycanın haqq savaşı apardığını daim vurğuladı: “Vətən uğrunda mübarizə apa­ran azərbaycanlı qardaşlarıma Rəbbimdən güc, qüvvət, zəfər arzu edirəm. Ermənistanın həm hücum edən, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq edən ölkələrin məqsədi münaqişəni dayandır­maq deyil. Əgər belə olsaydı Azərbaycanın yaşayış yerlərinə ballistik raketlərlə hücumlar edən Ermənistana təzyiq edərdilər. İşğal altındakı Azərbaycan torpaqla­rındakı zülmləri, qətliamları otuz ildir görməzliyə vuranların bu gün ədalətdən danışmaları səmimi deyil. Yaşadığımız təcrübələr bizə deyir ki, haqq-ədalətə nail olmağın yolu mübarizədir. Azərbaycanlı qardaşlarımız da bu istiqamətdə qərarlı mübarizə yolundadırlar”.

Qardaş ölkə rəhbərinin bu sözləri, həm də dövlətimizin huma­nistliyini və tarixi ədalətin bərpası istəyini, torpaqlarımızı işğaldan azad etmək mövqeyini, dövlətimiz və xalqımızın sülh tərəfdarı olduğu­nu nümayiş etdirir.

Dövlətimizin humanistliyi, müharibədə belə insani dəyərlərə üstünlük verməsi Milli Ordumu­zun apardığı əməliyyatlarda da özünü bird aha büruzə verdi. Silahlı Qüvvələrimiz döyüş baş­layan gündən təcavüzkardan fərqli olaraq, beynəlxalq norma­lara əməl etdi, mülki əhalini atəşə tutmadı. Yeri gəlmişkən, Prezident İlham Əliyev Xankəndinin erməni sakinlərinə də müraciət ünvanlaya­raq bildirdi ki, Azərbaycanın əsas hədəfi yalnız işğalçı ordu və onun döyüşçüləridir. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və onun infrastrukturlarına atəş açmaya­caq. Mülki erməni əhalinin narahat olmasına heç bir əsas yoxdur. Hal­buki bunun tam əksi olaraq, qeyd etdiyimiz kimi, təcavüzkar ölkə, dinc əhalimizin yaşayış yerlərini, infrastrukturu ağır artilleriya atəşinə tutdu və bu, hazırda da davam edir.

Bəli, indi inamla deyə bilərik ki, 30 ildən sonra artıq Azərbaycan xalqının həsrətinə son qoyulur. Azərbaycan Silahlı Qüvvələri düşmən üzərində qələbələri ilə tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqları geri qaytarır.

İnanırıq, əminik ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqları­mızı azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və digər yaşayış məntəqələrimizdə qaldırılacaq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

24 Oktyabr 2020 23:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə