Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentə yazırlar: Siz Azərbaycanın ən yeni şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız

Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ün­vanladıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Gürcüstanın Marneuli bölgəsində ya­şayan Kənan Mehdiyev yazır: “Hörmətli cənab Prezident, bu gün Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir. Hörmətli Prezident, mən Sizə Gürcüstanda yaşayan bütün azərbaycanlıların adından təşəkkür edirəm. Siz təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının Preziden­tisiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizin kölgənizi bizim millətin başının üzərindən əskik etməsin. Azərbaycanın qazandığı qələbələr, əldə etdiyi uğurlar bizi çox qü­rurlandırır və bu uğurların müəllifi Sizsiniz. Əminəm ki, xalqımızın birliyi bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoru­yub saxlamağa hər zaman kömək edəcəkdir. Hər zaman dövlətimizin yanındayıq, Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

Qazaxıstanın Merke rayonundan Nəbi Qafarovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizi, yenilməz ordumuzu və bütün Azərbaycan xalqını qazandığımız zəfərlər münasibətilə təbrik edirəm. Nəhayət, bu müqəddəs torpaqlarımızı erməni adlı tör-töküntüdən təmizləyirsiniz. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Təki Vətən sağ olsun!”.

Rusiyanın Moskva şəhərindən Cey­ran Vəliyeva: “Hörmətli cənab Prezident, mən azərbaycanlı olduğum üçün sözün əsl mənasında fəxr edirəm. Ailəmiz Rusiyanın Moskva şəhərində yaşayır, son günlər bütün vaxt Azərbaycandan olan xəbərləri izləyirik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var və təşəkkür edirik ki, bizə bu sevinci yaşadırsınız. Oxuduğum məktəbdə fəxrlə gəzirəm, çünki hər kəs bilir ki, mən azərbaycanlıyam, biz zəfər çalırıq və çalacağıq! Qarabağ Azərbaycandır!”.

Saatlı rayonundan Şövqü Abasov dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandanım, mən, Abasov Şövqü Heydərəli oğlu 1982-ci ildə Saatlı şəhərində anadan olmuşam. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirmişəm. Mənə baş leytenant hərbi rütbəsi verilmişdir. 2006-cı ildə Hərbi Təlim-Tədris Mərkəzini bitirmişəm. Həmin il döyüş bölgəsi olan Murovdağda yerləşən N saylı hərbi hissəyə göndərilmişəm. 2012-ci ilə qədər döyüş bölgəsində xidmət etmişəm. Artilleriya üzrə peşəkar hərbçiyəm. Bu gün də mənim ürəyim hərblə döyünür. Son günlər Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi igidlik və şücaətlər məni daha da ruhlandırmışdır. Cənab Prezident, yenidən hərbi xidmətə qayıtmaq və Azərbaycan Res­publikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin bircə əmriniz kifayətdir”.

Bakı sakini Əli Dadaşov: “Cənab Ali Baş Komandan, dəyərli və güclü sərkərdə, mən Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Mən sevinirəm ki, Sizin kimi Prezidentimiz var. Bizi dünyada qalib xalq kimi tanıtdınız. Sizin və qüdrətli ordumuzun sayəsində bu qalibiyyəti qürur və sevinc hissləri ilə qeyd edirik. Bizə azad, firavan və bütöv Azərbaycan bəxş etdiyinizə görə ordumuza və Sizə öncə özüm sonra isə bütün azərbaycanlı uşaqların adın­dan minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır!”.

Quba sakini Günel Sultanlı: “Hörmətli cənab Prezident, zəfər çalmaqda olan bir xal­qın nümayəndəsi, dövlətin vətəndaşı olmaq həqiqətən də qürurvericidir. Bu qürurverici anları bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Qarabağın alınması uğrunda apardığı­nız haqlı mübarizəni dəstəkləyir və Sultanov­lar ailəsi olaraq Sizə etimadımızı bildirmək istəyirik. Bu haqlı mübarizədə hərbi həkim olaraq iştirak edən dayım daxil olmaqla bütün hərbçilərimizin fədakarlıqlarının nəticəsində qələbənin çox uzaq olmayacağına ümid edirik. İnanırıq ki, rəşadətli ordumuzun mübarizəsi və Sizin düzgün hesablanmış strategiyanız sayəsində yaxın zamanda bütün işğal olunmuş torpaqlarımız işğaldan azad ediləcək. Yeni zəfərlərinizi gözləyir və Sizi dəstəkləyirik”.

Cəbrayıl sakini Gilas İbrahimova: “Cənab Prezidentimiz, mən Cəbrayılda anadan olmuşam. Yurdumuz işğal olu­nanda mənim 2 yaşım vardı. Bugünkü günlərə qədər Cəbrayıl haqqında məlumatı valideynlərimdən və digər mənbələrdən öyrənmişəm, amma artıq bu illərdən son­ra Sizin və güclü Azərbaycan Ordusunun sayəsində öz gözlərimlə doğma torpaqlarımı­zı gedib görəcəyəm.

Bunu da qeyd etmək istəyirəm ki, Sizin şad xəbərlərinizi və ruhlandırıcı çıxışlarınızı həsrətlə gözləyirəm. Tanrı Sizi və güclü Azərbaycan Ordusunu qorusun!”.

Mingəçevir sakini İsmayıl İsmayılbəyli: “Hörmətli Prezi­dent, cənab Ali Baş Komandan, Ermənistan ordusunun sentyabrın 27-də səhər saatlarından başlaya­raq bütün cəbhəboyu ölkəmizə qarşı yenidən təxribat törətməsi bu ölkənin təcavüzkar və işğalçı siyasətinin daha bir təzahürdür. Bu hücumlar nəticəsində, ilk növbədə, Vətəninin ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını itirən şəhidlərimizə Allah­dan rəhmət, yaralılara şəfa diləyirik. Ermənistan başda BMT Təhlükəsizlik Şurası olmaqla bir çox regional və beynəlxalq qurumların Dağlıq Qara­bağ və işğal altındakı bütün rayon­lardan qoşunlarını ən qısa vaxtda və qeyd-şərtsiz çıxarması barədə qətnamə və çağırışlarına baxmaya­raq işğalı otuz ilə yaxın müddətdir ki, davam etdirir. Bu hücumları şiddətlə pisləyirik. İşğal altındakı Dağlıq Qa­rabağın və ona bitişik rayonların ən yaxın zamanda və mütləq azad oluna­cağına inanırıq. Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyona yaxın soydaşlarımız da evlərinə, öz doğma yurd-yuvalarına qayıdacaq. Hamımızın birlikdə şa­hidi olacağımız o günlər bizim üçün xoşbəxtlik, sevinc və ədalətin bərqərar edildiyi günlər olacaqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və qərarlılığı nəticəsində bu günədək işğal altında olan bir sıra torpaqlarımızın azad edilməsi mümkün olub. Bundan qürur duyuruq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Ağsu rayonundan Murad Cəbiyev: “Əziz Prezidentim, mənim 15 yaşım var. Bütün Azərbaycan xalqı kimi mən də, bütün şagird yoldaşla­rım da Sizə and və güvənc yerimiz kimi baxır, Sizinlə və ordumuzla fəxr edirik. Oxuduğum məktəb Əfqanıstan müharibəsində həlak olmuş əmim Arif Cəbiyevin adını daşıyır. Əmim Toğrul Fərəczadə isə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Ordumuzun düşmən üzərindəki şanlı qələbələrindən qürur duyuram. Əgər lazım gələrsə mən də bir gənc kimi əsgər olmağa, müqəddəs Azərbaycan torpağını qo­rumağa, əmim Toğrul Fərəczadə kimi qəhrəmanlıq göstərməyə hazıram”.

Cəlilabad sakini Rövşən Baba­yev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, bu günlər ölkəmizdə baş verən hadisələri bir tərəfdən narahatlıqla, digər tərəfdən qürurla izləyirik. Xalqımızın yenilməz Lideri olaraq torpaqlarımızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik. İnanırıq ki, Sizin uzaqgörən daxili və xa­rici siyasətiniz, peşəkar diploma­tiyanız sayəsində bu müharibəni böyük bir Qələbə ilə başa vurub dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəksiniz. Bununla da Siz xalqını, millətini, dövlətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız. Sizə və rəşadətli Azərbaycan Ordusuna hər an duaçıyıq. Allah Sizi və şanlı Ordumuzu müzəffər etsin! Əminəm ki, yaxın günlərdə Böyük Zəfər münasibətilə Azərbaycan xalqını təbrik edəcəksiniz”.

Füzuli sakini Rafayıl Zülfüqarov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, işğalda olan torpaqları­mızın bütövlüyü uğrunda apardığınız müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın üçrəngli bayrağı Füzulidə, Cəbrayılda, Hadrutda dalğa­lanır. Arzum budur ki, tez bir zamanda qürur mənbəyimiz olan bayrağımız Azərbaycanın işğaldan azad oluna­caq bütün torpaqlarında dalğalansın. Əziz və sevimli Prezidentimiz, bu gün Azərbaycan xalqının ürəyi Sizinlə döyünür, bütün Azərbaycan xalqı Sizinlə öyünür. Siz neçə-neçə yurd həsrətli insanları sevindirirsiniz. Bu gün düşməndən alacağımız təkcə torpaq yox, həm də intiqamdır. Bu şərəfli və müqəddəs yolda Ulu Tanrı Sizi və Azərbaycan Ordusunu qo­rusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Ayxan Nəsibli: “Müzəffər Ali Baş Komandanı­mız, qalib Azərbaycan Ordusunun sərkərdəsi, Siz bu gün şanlı Ordumu­za komandanlıq edərək parçalanmış Azərbaycan torpaqlarını qaytar­maqla tarix yazırsınız. Qazandığınız qələbələrlə xalqımıza sevinc bəxş edib, Sizə inanan xalqın rəğbətini və sevgisini minə qatladınız. Bilin ki, Sizin kimi müdrik Prezidentə gözümü­zü qırpmadan canımızı fəda etməyə hazırıq. Əziz Prezidentim, mən söz verirəm ki, ana Vətənim Zəngilana qayıtdıqdan sonra həyətimizdə Sizin büstünüzü ucaldacağam. İnşallah, Siz də Mehriban xanımla birlikdə o yerlərə, bizə ziyarətə gələrsiniz. İnanıram ki, o gün çox yaxındadır. Azərbaycana nəfəs verən Preziden­tim, mənim sonsuza qədər əbədi Prezidentim, Siz Azərbaycanın özü­sünüz!”.

Gəncə sakini Səhrəddin Nuriyev: “Hörmətli cənab Prezident, hər gün Sizin üçün dua edirik, Allahdan Sizi qo­rumasını diləyirik. Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz uğurlu daxili və xarici siyasətiniz nəticəsində qazanılır. Siyasətinizi ürəkdən alqış­layıram. Şəhid ailələri qarşısında baş əyirəm, şəhidlərimizə rəhmət diləyirəm. Allah ordumuza güc, əsgərlərimizə cansağlığı, qollarına qüvvət versin. Əminəm ki, az bir vaxtda düşmənə qalib gələcəyik. Mənim 74 yaşım var. Sizin uğurlu fəaliyyətinizdən, ordu­muzdan ruhlanaraq bu yaşımda belə cəbhəyə getməyə, hər bir əmrinizi icra etməyə hazıram”.

Kəlbəcər sakini Ceyhun Baba­yev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mən Kəlbəcər rayonu 20 nömrəli məktəbinin 6-cı sinif şagirdiyəm. Bu gün xalqımız çox şərəfli bir tarix yaşayır. Vətənin igid oğulları haqq yolunda savaşırlar. Qəhrəman əsgərlərimiz cəbhədə düşmənə layiqli cavab verirlər. Hər gün aldığımız qələbə xəbərləri, bir azərbaycanlı olaraq məni də çox sevindirir. Bilirəm ki, qazanılan hər uğurda Sizin böyük zəhmətiniz var. Buna görə Sizə təşəkkürüm son­suzdur. Mən Sizinlə və şanlı Ordu­muzla fəxr edirəm. İnanıram ki, Sizin apardığınız mübarizə böyük zəfərlə başa çatacaq və mən ailəmlə ata yurdum Kəlbəcərə dönəcəyəm. Bu haqq yolunda Uca Tanrı Sizə və şanlı Ordumuza yardımçı olsun! Qarabağ Azərbaycandır! Daim Bayrağımız zirvələrdə, dövlətimiz güclü, Ordu­muz müzəffər, Vətənimiz azad, bütöv olsun! Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Ordumuz!”.

Paytaxt sakini Seymur Həsənov: “Hörmətli cənab Prezident, erməni terrorçularına qarşı apardığınız mübarizədə Sizə uğurlar arzulayıram. Hazırda məhkumluq həyatı yaşa­sam da, düşünürəm ki, döyüşlərdə düşmənə qarşı vuruşmaq mənim də vətəndaşlıq borcumdur. Buna görə də Sizdən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə işti­rak etmək üçün əmrinizə müntəzir olduğumu bildirmək istəyirəm. Əgər sağ qalsam, cəzamın qalan hissəsini böyük Qələbədən sonra çəkməyə hazıram. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Sumqayıt sakini Mirazad Bayra­mov: “Hörmətli cənab Prezident, mən Bayramov Mirazad, 3-cü sinifdə oxuyu­ram. Adını daşıdığım əmim - Bayramov Azad Muxtar oğlu 1993-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması ailəmizi çox sevindirdi. Əmimin qanı yerdə qalmadı. Buna görə ailəmiz adından Sizə təşəkkür edirəm. Müzəffər Ali Baş Komandan, arzu edirik ki, Siz başda olmaqla ordumuz düşmənlərimizi öz yerlərinə kimi qovub torpaqlarımızı tamamilə azad etsinlər. Qarabağ bizim­dir, Qarabağ Azərbaycandır!”.

24 Oktyabr 2020 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə