• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir

Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir

Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından biri olan nüfuzlu “Global Times” qəzeti Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir.
Bu fikri qəzetin baş redaktorunun müavini Li Cien AZƏRTAC-ın bu ölkədə ezamiyyətdə olan siyasi və rəsmi xəbərlər redaksiyasının bölmə müdiri Vüqar Əliyev və agentliyin xüsusi müxbiri Şahin Cəfərov ilə görüşdə deyib.
Qəzet barədə ətraflı məlumat verən Li Cien bildirib ki, “Global Times” Çində oxucu sayının çoxluğuna görə Sinxua xəbər agentliyindən və gündəlik “Jenmin Jibao” qəzetindən sonra üçüncü yeri tutur. O, gündəlik tirajı 1,7 milyon nüsxəyə çatan “Global Times”ın fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı söhbət açıb. Bildirib ki, qəzetin 30-dan çox xarici ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Çin dilində 1993-cü ildən nəşrə başlayan qəzetin ingilis dili versiyası 2009-cu ildən çap olunur. İngilis dili versiyasının ABŞ, Avropa, Asiya və Afrika üçün ayrıca nəşrləri də var. 
AZƏRTAC-ın bölmə müdiri
Vüqar Əliyev agentliyin tarixi, keçdiyi inkişaf yolu və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olan AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. AZƏRTAC rəsmi məlumatlarla bərabər, Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. O, həmçinin agentliyin foto və video saytları, uşaq portalı, sosial şəbəkələrdə fəaliyyəti barədə söhbət açıb.
Agentliyin xüsusi müxbiri Şahin Cəfərov AZƏRTAC-ın beynəlxalq əlaqələri barədə ətraflı danışıb. Vurğulayıb ki, hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın 21 xarici ölkədə xüsusi müxbir məntəqəsi fəaliyyət göstərir. O, həmçinin AZƏRTAC-ın Çin dilində xəbərlər xidməti, agentliyin Çindəki müxbir məntəqəsinin fəaliyyəti, bu ölkənin nüfuzlu informasiya qurumları, o cümlədən Sinxua ilə əməkdaşlığı barədə məlumat verib.
Qəzetin baş redaktor müavini Li Cien “Global Times” qəzetinin hazırda sürətlə inkişaf edən Azərbaycanın dövlət informasiya agentliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayıb. O, “The Global Times” qəzeti ilə AZƏRTAC arasında peşəkar əməkdaşlıq haqqında anlaşma memorandumunun layihəsini təqdim edib.
Görüşdə, həmçinin Azərbaycan-Çin əlaqələrinin inkişafında medianın rolundan, ölkələrimizin kütləvi informasiya vasitələrinin mövcud münasibətlərindən danışılıb.

AZƏRTAC

16 Oktyabr 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin