Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Ermənistanın neofaşist rəhbərliyi ölkəsini, xalqını sürətlə geri dönüşü olmayan uçuruma doğru aparır

COVID-19 yeni növ koronavirus pandemiyasına qarşı qeyri-effektiv mübarizəyə görə dünyada birincilər sırasında yer alan Ermənistanda ÜDM Forbes analitiklərinin hesablamalarına görə, 1,6 milyard azalıb. Bu rəqəmin eyni səbəbdən ilin sonuna qədər daha 1,3 milyard ABŞ dolları civarında azalacağı və 3 milyard ABŞ dollarına yaxınlaşacağı proqnozlaşdırılır. Qeyd edim ki, təqdim etdiyim bu rəqəmlərdə Ermənistanın müharibədəki ağır məğlubiyyətinin doğurduğu və doğura biləcəyi nəticələr nəzərə alınmayıb.

Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert deyib: “Şübhəsiz ki, əgər Ermənistan qoşunlarını tez bir zamanda hələ azad edilməmiş Azərbaycan torpaqlarından çəkməzsə, yenə də mütəxəssislərin rəyinə görə, bu rəqəm daha 3 milyard azala bilər. Qeyd edim ki, Ermənistanın 2020-ci il üçün proqnozlaşdırılan ÜDM-in həcmi 13 milyard ABŞ dolları təşkil edir. Bu rəqəmin təxminən 3 milyardı hər il Ermənistandan Rusiya və digər MDB ölkələrinə mövsümi iş üçün gedən, təxminin 210 min nəfərin ölkəyə gətirdiyi vəsaitlərin hesabına formalaşır. COVID-19 səbəbindən Ermənistan vətəndaşları bu il mövsümi işlər üçün ölkə sərhədlərini tərk edə bilmədiklərinə görə şübhəsiz ki, Ermənistan tərəfinin rəsmi olaraq etiraf etdiyi 3 milyard ABŞ dolları civarında vəsait də ölkəyə daxil olmayıb. Bununla yanaşı, Rusiyada və digər ölkələrdə daimi yaşayan ermənilərin də Ermənistandakı ailələrinə və yaxınlarına göndərdikləri vəsaitlərin də COVID-19 səbəbindən kifayət qədər azaldığını nəzərə almaq lazımdır. Bu baxımdan müharibədəki acınacaqlı məğlubiyyətin Ermənistana vurduğu və vura biləcəyi maddi ziyan nəzərə alınmazsa, düşmən ölkənin ÜDM-in ən azı 2 dəfə azalacağı şübhə doğurmur.

Ermənistan Banklar Assosiasiyasının proqnozlarına görə, 2020-ci ilin sonunadək ölkənin dövlət borcu ÜDM-in ilin əvvəlində proqnozlaşdırılan həcminin 65,6 faizini təşkil edəcək, yəni, 8,5 milyard ABŞ dollarına çatacaq. Xatırladım ki, ilin sonuna iki aydan çox qalıb və Ermənistanın xarici borcu artıq ÜDM-in 65,7 faizini təşkil edir.

Ermənistandakı iqtisadi durumun nə qədər acınacaqlı olduğunu müəyyənləşdirmək üçün Ermənistanın Almaniyanın KfW bankından aldığı kredit faizlərinin ödənilməsinin 2022-ci il dekabrın 30-dək uzadılması ilə bağlı rəsmi İrəvanın sözügedən banka müraciətini də nəzərə almaq yerinə düşər.

İndi isə Ermənistanın rəsmi şəkildə etiraf etdiyi digər rəqəmlərə nəzər salaq:

Bu ilin yanvar-sentyabr ayları ərzində Ermənistan bankları ölkə büdcəsinə proqnozlaşdırıldığından 10 faiz az vergi ödəyiblər. İşğalçı ölkənin iqtisadiyyatını qismən ayaq üstə saxlayan dağ-mədən sənayesində də böhran dərinləşib və vergi ödənişləri minimum səviyyəyə enib. Ölkənin əsas vergiödəyicilərindən olan Ermənistan-Kanada birgə müəssisəsi “Qrand Tobako” da vergi ödənişlərində 11 faizə yaxın azalma baş verib.

Xatırladım ki, bütün bunlar Ermənistanın rəsmi qurumlarının açıqladığı rəqəmlər əsasında daha öncə haqlarında söz açdığım iqtisadi dərgi və mərkəzlərin mütəxəssislərinin hesablamalarıdır. Real rəqəm və təbii ki, müharibənin doğurduğu, həmçinin Ermənistanın vaxtında işğalçı qüvvələrini Azərbaycanın torpaqlarından çıxarmayacağı təqdirdə nəticələr daha acınacaqlı olacaq.

Xüsusi olaraq qeyd edim ki, artıq Ermənistanda fəaliyyət göstərən azsaylı xarici şirkətlər də ölkəni tərk edirlər. Onlar Ermənistanda kütləvi depressiyanın yaşandığını, işçilərin zorla müharibəyə göndərilə biləcəklərini göz önünə aldıqları üçün işə gəlmədiklərini, əksər hallarda gizləndiklərini bildirirlər.

Təbii ki, iqtisadi böhranın gündən-günə dərinləşməsi sosial problemlərin də daha da kəskinləşməsinə zəmin yaradıb. Artıq paytaxt İrəvanda və ölkənin bütün bölgələrində əhalinin ərzaqla təmin edilməsi, eləcə də sosial problemlərin həlli üçün xüsusi qərargahlar yaradılıb. Ermənistan parlamenti dərman və tibbi ləvazimatların çatışmazlığını nəzərə alaraq, adıçəkilən məhsullara vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Yenə də Ermənistanın rəsmi qurumlarının açıqlamalarına görə, son 2 həftə ərzində ölkədə zəruri ərzaq mallarının çatışmazlığı və qiymətlərdə 30-50 faiz artım müşahidə olunur.

Göründüyü kimi, rəsmi İrəvanın açıqladığı rəqəmlər əsasında hazırlanan hesabat və rəylər Ermənistandakı iqtisadi vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir. Amma Ermənistanın neofaşist rəhbərliyi hələ də həm müharibədəki məğlubiyyətlərindən, həm də daxili problemlərindən nəticə çıxara bilmir və ölkəsini, xalqını sürətlə geri dönüşü olmayan uçuruma doğru aparır.

24 Oktyabr 2020 17:11 -

Köhnə versiyamızdan xəbərləri izlə