Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Markov: Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır

Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu sözləri özünün “Facebook” səhifəsində yazıb. Politoloq qeyd edib ki, bəlkə də bir neçə saatdan sonra Azərbaycan ordusunun tutacağı mövqelər Ermənistanla Dağlıq Qarabağı cənubdan əlaqələndirən Laçın dəhlizini atəşlə bloklamağa imkan verəcək.

S.Markov yazıb: “Şimal dəhlizi təqribən bir həftə bundan əvvəl bloklanıb. Orada hər şey atəş altındadır. Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizi mühasirəyə alınandan sonra Ermənistan ordusu ümidsiz vəziyyətə düşəcək. O halda müharibənin davam etdirilməsi erməni ordusunun hərbi formasını geymiş insanları məhv etməyə bərabər olacaq. Bu, heç kimə gərək deyil. Ona görə də düşünürəm ki, bu qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirəcək”.

Onun fikrincə, bu danışıqlar artıq atəşkəs barədə deyil, sülh haqqında olacaq. Rusiyalı politoloq vurğulayıb: “Danışıqlar sülhün şərtləri barədə, Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazisindən tamamilə çıxarılması şərtləri haqqında və erməni əhalinin vəziyyəti haqqında olacaq. Həmin danışıqlarda əsas təşkilatçı və vasitəçi Rusiya olacaq. Vladimir Putinin çıxışı məhz bu barədə idi, hərçənd o vaxt bunu hamı başa düşmədi. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

24 Oktyabr 2020 16:55 -

Köhnə versiyamızdan xəbərləri izlə