Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcavüzkar Ermənistan dövləti layiqli cəzasını almaqdadır: işğal olunmuş torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edilir

Azərbaycan Respublikası geosiyasi və geostrateji əhəmiyyətinə görə dünyanın ən əlverişli bölgələrindən birində yerləşir. Avropa ilə Asiyanın qovuşuğunda, Şərq-Qərb sivilizasiyalarının kəsişməsində, qədim karvan yollarının üzərində qərar tutan Azərbaycan lap qədim dövrlərdən səyyahların, yadellilərin, qonşu dövlətlərin marağını cəlb etmiş, öz azadlığı və müstəqilliyi uğrunda qanlı-qadalı mübarizələr aparmalı olmuşdur. Həmin mübarizə bu gün də davam edir: müstəqil Azərbaycan dövləti artıq 30 ildir ki, erməni işğalı altında olan doğma torpaqlarımızın tam azad edilməsi üçün qətiyyətli addımlar atmaqdadır. 

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusunun təmin edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti

Ümummilli liderimiz Heydər Əliyev 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.
30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan və bu gün mübariz və qəhrəman Azərbaycan ordusunun əks-hücumları nəticəsində geri çəkilməyə məcbur olan Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırımı və təcavüz siyasəti yüz illərlə əvvəl başlayan tarixə malikdir. XX əsrin 90-cı illərində yenidən amansızlıqla həyata keçirilən həmin işğalçı-terror siyasətinin prioritet istiqamətlərini “dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin qurulması, bu məqsədlə qonşu dövlətlərə, ilk növbədə isə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi təşkil edir.
Ermənistanın təcavüzkar hərəkətlərinin kriminal nəticələri təkcə ölkəmizin deyil, bütövlükdə, Cənubi Qafqaz regionunun və Avropaya inteqrasiya proseslərində maraqlı olan ölkələrin mənafelərinə toxunaraq, digər dövlətlərin də siyasi və iqtisadi təhlükəsizlik maraqlarını pozmuşdur. Lakin fövqəldövlətlər erməni amilindən xalqlararası münasibətləri kəskinləşdirmək aləti kimi istifadə etməkdədirlər.
Tarixi faktlara və əldə edilmiş tədqiqat materiallarına əsasən qeyd edə bilərik ki, Albaniya dövlətinin varisi bu gün məhz Azərbaycan Respublikasıdır. Bu gün Azərbaycanda yaşayan udinlər, avarlar, xınalıqlar və digər tayfalar albanların nəslindəndir. Hazırkı ermənilər nə vaxtsa Kiçik Asiyada yerləşən kiçik vilayətdə yaşayan xalqın nəslindəndirlər. Ermənilərin etnogenezini tədqiq edən alimlərin fikrincə, onlar kimmerlərin Balkan yarımadasından qovub çıxartdığı və sonradan Kiçik Asiyada Dəclə və Fərat çayları arasında, yunanların Mesopotamiya adlandırdıqları ərazidə sığınacaq tapan muşk və digər kiçik xalqların konqlomeratından ibarətdir. Hay (erməni) xalqının Cənubi Qafqazda indiki yaşayış ərazisində peyda olması dünya dövlətlərinin Yaxın Şərqdə, Kiçik Asiyada və Qafqazda nüfuz sahibi olmaq uğrunda mübarizələrinin səbəb olduğu tarixi hadisələrin nəticəsidir.
Ermənilərin Qafqaz regionuna gəlmə olduqları və son bir neçə əsr ərzində İran və Türkiyədən kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına miqrasiya etmələri, köçürülməsi barədə kifayət qədər elmi-tarixi faktlar vardır. Onların Cənubi Qafqazın yerli xalqı olmaması müxtəlif zamanlarda müxtəlif araşdırmaçılar tərəfindən birmənalı olaraq qeyd edilmişdir. Hələ e.ə. V əsrdə “tarixin atası” hesab edilən Herodot bildirirdi ki, ermənilər Kiçik Asiyaya Qərbdən gəliblər və frikiyalıların nəslindəndirlər. XIX əsrin fransız mənşəli rus tədqiqatçısı, qafqazşünas alim İ.Şopen qeyd edirdi ki, “ermənilər mahiyyətcə gəlmədirlər. Onlar Anadolu dağlarının şimal vadilərinə gələn frikiyalıların və ioniyalıların bir qoludurlar”.
Lakin ermənilərin regiona sonradan emiqrasiyası məsələsi təkcə Qərb alimlərinin deyil, habelə ayrı-ayrı erməni tədqiqatçılarının araşdırmalarında da öz əksini tapmışdır. XX əsrin görkəmli rus şərqşünas-alimi İ.M.Dyakonov isə bu fikrə gəlib ki, qədim erməni dili (qrabar) – frigiya dilidir. Ermənilər – frigiyalıların bir hissəsidir. Onun sözlərinə görə, haylar özlərinə heç vaxt “erməni” deməmişlər. Haylar yunan mənşəli frig tayfasından törəmişlər, sonradan bu tayfalar Kiçik Asiyaya və Mesopotamiyaya köçmüşlər. Erməni tarixi ilə bağlı bir sıra kitabların müəllifi olan məşhur erməni yazıçısı N.Adons 1908-ci ildə öz nəşrlərinin birində ermənilərin tarixi haqqında danışarkən bu fikirləri qeyd edib: “VII əsrdə kimmerlərin basqını xalqların yerdəyişməsinə səbəb oldu. Öz hüdudlarından sıxışdırılmış Frigiya tayfaları Kiçik Asiyanın şimal-qərbindən Fərat çayı sahillərinə gəldilər və yerli Aramey əhalisi ilə qarışdılar. Gəlmə frigiyalıların aramey mənşəli aborigenlərlə qarışmasından erməni xalqı formalaşdı”.
1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqaviməti ilə rastlaşmışdı. O zaman rus imperatoru “erməni kartını” işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə, Bakıda və Dərbənddə ermənilərin məskunlaşdırılması ilə bağlı göstəriş vermişdi. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil edirdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman vermişdi. 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi: “Ermənilərdən nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır”. 1805-ci ilin mаyındа Qаrаbаğ хаnlığı Rusiyа impеriyаsınа qаtılır və 1822-ci ildə isə çаr хаnlığı ləğv еdir. Ərаzinin dаhа yахşı və ətrаflı mənimsənilməsi üçün çаr rеjimi bir sırа tədbirlərə əl аtır ki, оnlаrdаn biri də хristiаnlаrın, хüsusən də еrmənilərin İrаndаn Qafqaza köçürülməsi idi.
Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuşdu. 1813-cü ilin “Gülüstan” və 1828-ci ilin “Türkmənçay” müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi prosesini sürətləndirmişdi. “Türkmənçay” müqaviləsinin 15-ci maddəsinin müəllifi olan Aleksandr Qriboyedov ermənilərin İrandan Cənubi Qafqaz ərazilərinə köçürülməsinin və burada onlar üçün güzəştli şərtlərin təmin edilməsi siyasətinin fəal iştirakçılarından olmuşdur. “Türkmənçay” müqaviləsindən dərhal sonra – 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edilmişdir. Bu bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli qoyulmuşdur. Həmin vaxtın rəsmi statistikasına görə, “Erməni vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni ailəsi yaşayırdı. 1828-ci ildə təkcə üç аy ərzində 40000 nəfərə qədər еrməni göstərilən ərаzilərdə yеrləşdirildi. Türk-rus mühаribəsindən sоnrа isə daha 90 min еrməni köçüb gəldi. Bu proses, eyni zamanda, minlərlə azərbaycanlının doğma torpağından qovulması və qətlə yetirilməsi ilə müşayiət olunmuşdur.
Rus alimi və tədqiqatçısı Nikolay Şavrov yazırdı: “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”.
Qafqaz regionu qədim dövrlərdən bəri digər millət və etnoslara qarşı qonaqpərvər, fərqli konfessiyalara tolerant münasibət bəsləmiş, zülmdən, əsarətdən qaçan insanlar üçün, böyük imperiyaların təqiblərindən xilas olmağa çalışan xalqlar üçün əsl sığınacaq olmuşdur. Buna misal olaraq yəhudiləri göstərmək olar. Artıq min illərdir ki, qədim Azərbaycan ərazisinə pənah gətirən yəhudilər bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Lakin Qafqaza köçürülən ermənilər isə yeni ərazilərdə möhkəmləndikdən sonra yerli xalqların tarix və mədəniyyətini, qədim abidələrini, məbədlərini, habelə toponimlərini mənimsəməyə başladılar. Azərbaycanın tarix elmi Ermənistanın Kiçik Asiyada coğrafi vilayət kimi mövcudluğunu təkzib etmir. Lakin müasir erməni alimləri isə tarixi Ermənistanı, onun toponimlərini, kilsələrini və s. Kiçik Asiyadan Qafqaza “daşımağa” cəhd edirlər. Təəssüflər olsun ki, hazırda işğal altında qalan və ordumuzun rəşadəti ilə sürətlə azad edilməkdə olan Qarabağ torpaqlarında və indiki Ermənistan ərazilərində çoxsaylı alban məbədləri və digər tarixi-memarlıq abidələri qalmışdır. Alban kilsə, məbəd və monastırları özünün bir çox xüsusiyyətlərinə görə xristianlığın digər müvafiq abidələrindən və ibadət yerlərindən fərqlənir. Terroru və işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran, türk, Azərbaycan və alban tarixi və mədəniyyəti ilə bağlı hər bir şeyi görünməmiş şəkildə mənimsəyən ermənilər tərəfindən bu abidələr tamamilə erməniləşdirilmiş və ya məhv edilmişdir. Erməni millətçiləri öz işğal siyasətlərinə haqq qazandıraraq bəyan edirlər ki, bütün qədim alban abidələri “erməni abidələri”dir.
Artıq iki yüz ildir ki, ermənilər tərəfindən davam edən bu proses Azərbaycanın işğal altında qalan ərazilərində daha sürətlə həyata keçirilirdi. Sovet dövründə Azərbaycanın xanlıqlarından biri olan İrəvan xanlığında yüzlərlə toponim erməni adları ilə əvəzlənmişdir. “Qeyd edilməlidir ki, yeni erməni toponimləri əvəz etdikləri Azərbaycan toponimlərindən fərqli olaraq ərazinin, landşaftın xüsusiyyətlərinə və tarixi hadisələrə heç cür bağlanmamışdır. Əgər Ermənistan Respublikasının hazırkı xəritəsinə diqqət yetirilərsə, dərhal görmək olar ki, orada Azərbaycan toponimlərinin heç bir izi qalmayıb... Beləliklə, Basarkeçər – Vardenisə, Qaranlıq – Martuniyə, Hamamlı – Spitaka, Cəlaloğlu – Stepanavana, Qarakilsə - Sisiyana, başqa Qarakilsə - Vanadzora, Keşişkənd – Yexeqnadzora, Uluxanlı və ya Zəngibasar – Masisə, İstibulaq və ya Karvansaray – İcevana, Dəvəli – Ararat qəsəbəsinə, Gözlü Kəmərli – Metsamora, Üç-Müəzzin – Eçmiadzinə, Alagöz – Araqatsa, Göyçə gölü – Sevana, Arpaçay – Axuryana və s. çevrilmişdir. Lakin bütün əsl toponimlər öz əcdadlarının tarixi yaddaşını yaşatmağa hazır olan yüz minlərlə azərbaycanlının yaddaşında yaşamaqdadır”. Yeri gəlmişkən onu da vurğulayaq ki, oktyabrın 3-də işğaldan azad edilən Madagizin tarixi adı – Suqovuşan artıq bərpa edilmişdir. Əminik ki, bütün torpaqlarımız azad ediləcək, vətəndaşlarımız öz qədim yurd-yuvalarına qayıdacaq və əvvəlki toponimlər də bərpa olunacaq...
Qeyd etmək lazımdır ki, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi sadəcə köçürülmə prosesi olmamış, mütəşəkkil qaydada həyata keçirilmişdir. Belə ki, onların İran və Türkiyədən miqrasiyası mütəmadi olaraq həyata keçirilir və sayları get-gedə artır, bunun əvəzinə yerli azərbaycanlılar öz yurd-yuvalarından didərgin salınır, ən yaxşı və münbit torpaqlar ermənilərə verilirdi. Lakin ən təhlükəli vəziyyət isə ondan ibarət idi ki, ermənilər azərbaycanlıları və türkləri fiziki cəhətdən məhv etmək məqsədilə daim silahlanır və terror təşkilatları yaradırdılar. Terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan “zəngin” terrorçuluq təcrübəsinə malikdir. Beynəlxalq terrorizmin ayrılmaz hissəsi olan erməni terrorizmi yüz ildən çoxdur ki, mövcuddur. Belə ki, 1885-ci ildə Osmanlı İmperiyasının ərazisində terror və gərginlik strategiyasının köməyi ilə türk dövlətinin süqutuna nail olmaq məqsədi daşıyan “Armenakan” partiyası yaradılmışdı. XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” dövləti qurmaq xülyasına düşmüş ermənilər “Qnçaq” (1887-ci ildə Cenevrədə qurulub), “Daşnaksütyun” (1890, Tiflis), “Erməni Vətənpərvərləri İttifaqı” (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətdə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu. “Qnçaq” və Daşnaksütyun partiyalarının silahlı dəstələri I Dünya müharibəsindən sonra Azərbaycan və Şərqi Anadolu ərazilərində şəhər və kəndləri yandırmış və qarət etmış, insanları kütləvi şəkildə məhv etmişdilər.
1890-cı ildə yaradılan Daşnaksütyun partiyası terror əsasında fəaliyyət göstərirdi. Partiyanın proqramında 8-ci və 11-ci bəndlərdə deyilirdi: “Hakimiyyət nümayəndələrini terrora məruz qoymaq, hökumət müəssisələrini viran qoymaq və dağıtmaq”. Daşnaksütyun insanların girov götürülməsi üsulundan da hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etməyin qızğın tərəfdarı və reallaşdırıcısı idi. Məsələn, ilk dəfə bu üsuldan İstanbulda – Beynəlxalq Osmanlı Bankının tutulması zamanı istifadə edilmişdi. Belə ki, bankın 150 nəfər xidmətçisini girov götürən daşnaklar tələb edirdilər ki, əgər xarici ölkələr onların istəyini yerinə yetirməzsə, bankı insanlarla birgə partladacaqlar.
1975-ci ildə Ermənistanın azadlığı uğrunda “Erməni gizli ordusu” yaradıldı. Terrorçu dəstənin məqsədi türk diplomatlarını qətlə yetirmək olsa da, onların qurbanları arasında Avropa dövlətlərinin vətəndaşları da vardı. ASALA ilk aksiyasını Beyrutda Ümumdünya Kilsələr Şurasının binasını partlatmaqla həyata keçirdi. 1975–1982-ci illərdə təşkilatın silahlıları müxətlif ölkələrdə 136 hücum törədərək 50-dən yuxarı Türkiyə səfiri və konsulunu qətlə yetirmişlər. ASALA Avropada bir sıra Yaxın Şərq terror təşkilatları ilə birgə əməliyyatlar keçirmişdir. Bu fakt da bir daha onu göstərir ki, erməni terroru beynəlxalq terrorizmin ayrılmaz tərkib hissəsidir. ASALA-nın son antitürk aksiyası 1991-ci il dekabrın 19-da Budapeştdə türk diplomatının öldürülməsi olmuşdur. Hələ 1983-cü ildə АBŞ Prеzidеnti Rоnаld Rеyqаn АSАLА-nı vəhşi, qеyri-insаni və sivil cəmiyyətə uyğun gəlməyən cinаyətkаr təşkilаt аdlаndırmışdı. АBŞ Dövlət kаtibi C.Şultsun 1985-ci il mаrtın 4-də Nümаyəndələr Pаlаtаsının spikеri Tоmаs О`Nеylə yаzdığı məktubdа hаzırkı еrməni tеrrоrizminin təhlükəli prоblеm оlmаsı göstərilir: “Ən böyük еrməni tеrrоrçu təşkilаtlаrındаn оlаn АSАLА bеlə bir fəаliyyət göstərir; о, bаşlıcа hədəf оbyеktini аmеrikаlılаr təşkil edən digər tеrrоrçu qruplаrа dа yаrdım еdir. АSАLА Livаn ərаzisində tеrrоr аktlаrının əksəriyyətinə görə məsuliyyət dаşıyаn irаnpərəst “İslаmi cihаd” tеrrоrçu təşkilаtını dəstəklədiyini bildirmişdir”.
Fransa, Almaniya, Roma, Beyrut və s. yerlərdə terror aktları törədən Daşnaksütyun, ASALA, “3 oktyabr” təşkilatı, CSAQ, “Soyqırımı əleyhinə erməni döyüşçüləri dəstəsi” və başqa erməni terror təşkilatları tərəfindən türk diplomatlarına, onların ailələrinə, səfirlik və konsulluqlara hücum edilir, şirkət və idarələr partladılır. Ermənilik xəstəliyinə tutulmuş bu qəddar terrorçular təkcə türklərə və azərbaycanlılara qarşı terror törətmir, həmçinin digər ölkələrin də müxtəlif təyinatlı obyektlərinə hücumlar təşkil edirlər. Məsələn, Parisdə İsveçrənin turizm bürosunun, ABŞ, İtaliya və Fransa avia şirkətlərinin, Beyrutda Fransanın 3 ofisinin, Almaniyada Fransa konsulluğunun binalarında baş verən partlayışlar məhz erməni terror dəstələri tərəfindən törədilmişdir.
Daşnaksütyun Partiyası 1985-ci ildə Afinada özünün XXIII qurultayında başlıca vəzifə olaraq, “vahid və müstəqil Ermənistanın yaradılması” vəzifəsini irəli sürmüşdü. Partiyanın bu qərarı Azərbaycan torpaqları – DQMV, Naxçıvan Muxtar Respublikası və habelə Gürcüstanın Cavaxetiya regionu hesabına gerçəkləşdirilməli idi.
Həqiqətən də erməni terrorizminin episentri – Azərbaycandır və bu dağıdıcı zəlzələnin dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq terrorizmdir: beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələnmiş, başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır; beynəlxalq erməni terrorizmi, sözün əsl mənasında, təkcə ayrı-ayrı dövlətləri təhdid edən hadisə deyil, beynəlxalq təhlükəsizliyin özünü sarsıdan, beynəlxalq səviyyədə sabitliyi, dinc-yanaşı yaşamaq prinsiplərini pozan, dövlətlərarası münasibətləri dramatikləşdirən, dünya birliyinə doğru inkişafı ləngidən və xüsusilə milli dövlətlərin suverenliyinə qarşı yönəlmiş fəaliyyətləri təhrik edən antihumanist təmayüldür.
Məlum olduğu kimi, Qafqazda ilk erməni dövləti 1918-ci ildə İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin erməni sektoru rəsmi olaraq Azərbaycan nümayəndələrinə İrəvan şəhərinin yeni yaradılan Ermənistana verilməsi xahişi ilə müraciət etmişdi. Belə ki, onların dövlət müstəqilliyi haqqında aktı elan etmək üçün paytaxtları yox idi. Xahiş edənlər tərəfindən erməni silahlı qüvvələrinin və quldur birləşmələrinin silahı yerə qoyacaqları, yerli əhalıiyə qarşı terror hərəkətlərinə son qoyacaqları və iki xalqın yaxınlaşmasına dəstək verəcəkləri barədə şərtləri qəbul etmələrindən sonra rəsmi Azərbaycan müsbət cavab verdi. Bundan 2 gün sonra – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün İrəvan şəhəri Ermənistana verildi. Beləliklə, erməni tarixçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu faktdır – indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıb. İrəvan şəhərini Azərbaycan Xalq Cünhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə qonaq gəlmişlər.
Lakin İrəvan şəhəri göstərdiyimiz şərtlərlə ermənilərə hədiyyə verilsə də, onlar öz faşist xislətlətlərindən əl çəkmədilər. Gənc Azərbaycan dövlətinin ayrı-ayrı şəhər və kəndlərində erməni daşnakları tərəfindən 1918–1920-ci illərdə qırğınlar törədildi, dinc əhali məhv edildi. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması da dövlətimizin ədalətli, tarixi həqiqətlərə əsaslanan mövqeyinin göstəricisidir. Bu sənədin imzalanması ilə bir daha tariximizin faciəli səhifələrinə işıq salındı, əsil həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Həmin ildən 31 martın istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması, erməni vəhşiliklərinin faktların dili ilə dünyaya bəyan edilməsi bu günümüzün yeganə problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yol açır. Tarixi faktlar da təsdiqləyir ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından qovulması və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905–1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə mane olaraq azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. Azərbaycanlılar dünya ictimaiyyətinə “zalım xalq” kimi təqdim olunmuşdur. 1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli-tarixi əhəmiyyət kəsb edən mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
İkinci dünya müharibəsi illərində də ermənilər “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istiqamətində məkrli siyasətlərini davam etdirmişlər. Belə ki, onlar həm Türkiyənin Qars və Ərdəhan vilayətlərinə iddialar irəli sürür, həm də dünyaya səpələnmiş ermənilərin bu torpaqlarda məskunlaşdırılmasına təkid edirdilər. 1944-cü ildə Ermənisan SSR KP MK-nın birinci katibi Q.Arutyunov Moskvada İ.Stalinlə görüşmüş, xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi məsələsini müzakirə etmişdi. Potsdam konfransında SSRİ Türkiyədən ərazi əldə edə bilmədiyindən, erməni lobbisi yenidən Azərbaycan torpaqlarını ələ keçirmək fikrinə düşmüşdü. 1945-ci ildə Stalinlə yenidən görüşərkən Q.Arutyunov 300 mindən çox erməninin Ermənistana miqrasiya etmək istədiyini bildirir və bu məqsədlə həm Dağlıq Qarabağın, həm də Naxçıvanın Ermənistana verilməsini xahiş edir. Lakin ermənilər buna nail olmasalar da, xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə nail oldular. 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Soveti “Xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçürülməsinin praktik tədbirləri haqqında” qərar qəbul edir. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan 50.900 erməni immiqrasiya edir. 1947-ci ildə 63 min erməninin Ermənistan SSR-ə köçürülməsi nəzərdə tutulmuşdu, lakin cəmi 35,4 min erməni “doğma Vətənə” gəlmişdi. 1948-ci ildə isə xaricdən 86.346 erməni immiqrasiya etmişdi.
Ermənilər xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi ilə yanaşı, eyni zamanda, azərbaycanlıların Ermənistan SSR ərazisindən çıxarılmasına nail oldular. Belə ki, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul etdi. Bu qərara əsasən, 1948–1950-ci illərdə 100 min azərbaycanlı “könüllülük prinsipi”əsasında Azərbaycan SSR-ə köçürülməli idi. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən və yaşayış evlərindən xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. Qeyd edək ki, insan hüquqlarının ciddi pozuntusu ilə həyata keçirilən bu qərarlar Ermənistanı monoetnik respublikaya çevirmək məqsədi daşıyırdı. Sosial-iqtisadi şəraitin dözülməzliyi və iqlim şəraitinin uyğunsuzluğu nəticəsində köçürülənlərin bir hissəsi 1948-1951-ci illərdə yenidən doğma torpaqlarına qayıtdı. Bütövlükdə, 1948–1951-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-ə 37.387 nəfər azərbaycanlı deportasiya edildi. Bu proses sonrakı dövrdə də aparıldı; 1956-cı ildə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına və digər rayonlarına köçürülənləin sayı 58.421 nəfərə çatmışdı.
(ardı var)
İradə HÜSEYNOVA,
tarix elmləri doktoru, professor,
Bakı Dövlət Universitetinin
“Qafqaz xalqları tarixi” kafedrasının müdiri

24 Oktyabr 2020 05:27 -

Köhnə versiyamızdan xəbərləri izlə