Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tezliklə COVID-19-a da qalib gələrik, erməni işğalçılarına da...

Azərbaycanda epidemioloji durum pisləşərsə, koronavirusla əlaqədar yeni lokal qapanmaların olması ilə bağlı qərarlar verilə bilər. Çünki lokal qapanmalar koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərdən biridir. Bu fikirləri respublikanın baş infeksionisti Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, lokal qapanmaya o vaxt gedilir ki, hansısa bir ərazidə yaşayan inasanlar arasında infeksiyaya yoluxma halları digər ərazilərdən əhəmiyyətli dərəcədə çox olur. Bu, həmin ərazi üçün görülən vacib tədbirlərdən biri hesab edilir. Əgər bu kimi tədbirlər effektli olmasa, daha sərt tədbirlərə başlanıla bilər. Belə addımlar atılmırsa, deməli mövcud vəziyyətə nəzarət etmək  mümkündür.

Baş infeksionist əlavə edib ki, mütəxəssislər tərəfindən epidemioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Lakin əvvəlcədən hansı qərarın və hansı bölgə üzrə veriləcəyini proqnozlaşdırmaq çətindir. Əhali arasında yoluxma hallarının artması, yoluxmanın ərazi cəhətdən genişlənməsi və son nəticədə belə halların ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

Baş infeksionisti, həmçinin bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbiçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür. Çünki, hərbi xidmətə gedənlərin yola salınma mərasimlərində istər-istəməz yaxın təmaslar olur: “Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın olar. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu, baş verməsin, kütləvi hal almasın. Çünki bu məsələ müharibə vəziyyətində olan ordumuzun döyüş qabiliyyətinə təsir etməklə, ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri son nəticədə Qarabağda qələbəmizi yaxınlaşdırır”.

Azərbaycanda son həftələr hər gün yoluxma təhlükəsinin artdığı bir vaxtda  “COVID --19-a yoluxmaq riskini necə azaltmaq olar?” – sualına müxtəlif cavablar verən mütəxəssislər bildirirlər ki, bunlardan birincisi stresə qarşı dayanıqlı olmaqdır. Ondan sonra digər vacib şərtlər gəlir ki, bu tələblərə mütləq əməl edilməlidir:

Əlləri sabunla 20 saniyə ərzində yumaq, virusu demək olar ki, 100 faiz aradan qaldırır. Əllərinizi daim yuyun, xüsusilə də küçədən qayıdandan sonra və yeməkdən əvvəl. Gündə 10 dəfədən çox əlləri sabunla yumaq, koronavirusa yoluxma riskini 55 faiz  azaldır. Əl yumaq üçün antiseptiklərin əlavə edilməsinin effektivliyi müəyyən edilməmişdir. Sabun kifayətdir.

Sabunla yuyulmamış əllərinizlə ağzınıza, gözünüzə və burnunuza toxunmayın.

№95 maskaları virusun 99,98 faizini bloklayır . №95 maskası taxmaq koronavirusa yoluxma riskini 91 faiz azaldır.

Tibbi maska aerozollarda virusun 95,15 faizə qədərini bloklayır. Tibbi maska taxmaq koronavirusa yoluxma riskini 68 faiz azaldır.

Əlcəklərin istifadəsi koronavirusa yoluxma riskini 57 faiz azaldır. 

Digərlərindən daha uzaq dayanmaq – 2 metr ara məsafəsi saxlamaq vacibdir.

Stresi azaldın. Bunun üçün stres mənbələrindən, informasiyalarından uzaq durun, sakitləşdiricilər için. Bunun üçün alman preparatı olan Neyroxan, Valerian, Valerianhell prepatları qəbul edin.

Yuxu çatışmazlığını aradan qaldırın. Yuxu pozulması və çatışmazlığı immun sisteminin funksiyasını azaldır. Bərpaedici yuxu olana qədər, hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə immuniteti azaldır.

Yuxunun azaldılması xəstəliyə qarşı spesifik immunitetin meydana gəlməsini bloklayır, uzun müddət yuxunun itirilməsi şərti -- patogen bakteriyalar tərəfindən törədilən sistemli infeksiya və sepsis səbəbindən ölümlə nəticələnir.

Gündəlik olaraq virus haqda məlumatlar, karantin şərtləri və s. insanlarda gərginliyə, stresə, yuxusuzluğa səbəb olur. Stres – daxili və xarici qeyri – qənaətbəxş amillərin təsirindən yaranmış disharmoniya vəziyyətidir. Müsbət stres – eustres adlanır. Hansı ki, sağlamlığa, motivasiyaya, fəaliyyətə və emosional rifaha faydalı təsir göstərir. Bu zaman streslə əlaqəli bioloji şəbəkələr və onların mediatorlarının tez requlyasiyası bədəni stresin zərərli təsirindən qoruyur.

Mənfi stres - distres adlanır, çox tez-tez baş verdikdə (stres orqanizmə dəfələrlə təsir etdikdə) və disrequlyasiya olduqda, bütün orqanizmə kompleks mənfi təsir edir. Bu zaman streslə əlaqəli şəbəkələrin və onların mediatorlarının disrequlyasiyası, patofizioloji dəyişikliklərə və müxtəlif psixi və fiziki pozulmaların yaranma riskinə səbəb olur.

Davamlı stres insan sağlamlığında yaranan pozulmaların böyük bir qismində mühüm rol oynayır. Eyni zamanda stres -- stres hormonlarını artırır. Onlar isə immuniteti zəiflədir. İmmun sistemin zəifləməsi infeksiyalara yoluxma riskini artırır.

Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman əlimizdə deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.

Bütün deyilənlərdən o nəticəyə gəlmək olur ki, hələ virusla qarşılaşmazdan öncədən yoluxmaya səbəb olan amillərdən qaçmaq lazımdır. Düşüncəmizdə ancaq yaxş məlumatlara yer verək, neqativ xəbərləri yaxın buraxmayaq. Sonra isə COVID-19-la mübarizəyə qalxaq. Operativ qərargahın mart ayından etibarən qoyduğu tələblərə əməl edək. Eyni zamanda, hər kəs bu işdə fəallıq nümayiş etdirməlidir. İnsanların çox toplaşdığı məkanlardan uzaq qaçmaqla kifayətlənməməli, həmçinin belə şərait yarananda, hər kəsin maskadan istifadə etməsinə nəzarət gücləndirilməlidir. İctimai nəqliyyata maskasız daxil olana irad bildirilməli, dayanacaqlarda hər kəsin maskada olmasına diqqət yetirilməlidir.

Hazırda məktəblərdə, ümumiyyətlə, bütün tədris müəssisələrində tətil elan edilib, bağçalar bağlanıb. Küçələrdə dezinfeksiya işlərinə başlanıb. Buna səbəb koronavirusa yoluxmanın artmasıdır. Oktyabrın   22-də 825 nəfərin yoluxması həyəcan siqnalı çalmağın vaxtı çatdığını bildirir. 

Qorunmaq lazımdır, vacibdir. Özü də qorunmaq mümkün olduğu halda buna əməl etməmək heç cür anlaşılan deyil.  Nə maska taxmaq çətindir, nə də əl yuyub, insanlar arasında məsafə saxlamaq.  Bəs niyə bu sadə həqiqətə əməl etmirik? Cavab verən olacaqmı?  Özünüzü düşünmürsünüzsə, soyuqda, yağışda meşələrlə, dağlarla irəliləyən hərbçilərimizi düşünün. Axı ölkədəki gündəlik məlumatları onlar da dinləyirlər. Barı arxa cəbhədən nigaran qalmasınlar ki, daha böyük əzmlə torpaqlarımızın azad edilməsi yolunda hünərlə irəliləsinlər.

İnşaallah ki, tezliklə COVID-19-a da qalib gələrik, cəbhədən də qələbə xəbəri alarıq. Onda bütün elliklə “Qarabağ Azərbaycandlr!” - deyərik!

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

24 Oktyabr 2020 14:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə