Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı müqəddəs mübarizəsindən heç bir qüvvə döndərə bilməz

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr, əsasən də erməni qüvvələrinin təxribat törədərək kəndlərimizi gülləbaran etməsi, dinc vətəndaşlarımızın şəhid olması ordumuzun əks-hücum əməliyyatlarına başlamasına səbəb olmuşdur. Artıq bir aya yaxındır ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş ərazilərimizdən bizə hücum edən düşməni nəinki geri oturdur, üstəlik irəli gedərək 30 ilə yaxın düşmən tapdağında olan kəndlərimizi, strateji yüksəkliklərimizi, hətta rayonlarımızı azad edir. Bir sözlə, Azərbaycan xalqı tarixi günlərini yaşayır. Torpaqlarımız mərhələ-mərhələ ordumuz tərəfindən azad edilir. Ali Baş Komandanımızın və Milli Ordumuzun misilsiz qətiyyət nümayiş etdirməsi xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır.

Hadisələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzinə düşmüş və müxtəlif dövlətlərin rəhbərləri bununla bağlı danışıqlar aparılması üçün vasitəçiliyə hazır olduqlarını bəyan etmişlər. Dövlətimizin başçısı münaqişə ilə bağlı illərdir susan, bu düyünün həllinə heç bir töhfə verməyən bəzi dövlətlərin rəhbərlərinə və beynəlxalq təşkilatlara problemin əsl mahiyyətini, əslində, kimin günahkar olması, bütün məsuliyyətin sülh danışıqlarına zərbə vuran Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşməsi, Azərbaycanın haqq işi uğrunda mübarizə aparması barədə dolğun və qəti fikrini bildirmişdir.  “Rossiya-1” telekanalının milyonlarla izləyicisi olan “60 dəqiqə” proqramında da Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş verilişdə Prezident İlham Əliyev  Nikol Paşinyana, sözün həqiqi mənasında, dərs vermiş oldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki paneldən sonra ikinci dəfə  Paşinyana master-klass keçdi. İlham Əliyevin soyuqqanlı, qətiyyətli, faktlara, məntiqə söykənən çıxışı fonunda Ermənistan baş nazirinin demaqogiyadan ibarət isterik nitqi çox sönük təsir bağışladı. Xarici ekspertlərin Paşinyanın qeyd olunan verilişdəki çıxışına münasibəti isə yumşaq desək, alçaldıcı idi.

Demək olar ki, hər gün dünyanın müxtəlif televiziya kanalında müsahibəsində də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasının məsuliyyətinin Ermənistan üzərinə düşməsini faktlarla, əsaslandırılmış arqumentlərlə dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyev dönə-dönə qeyd edir ki, 27 il danışıqlar prosesinə sadiq qalan Azərbaycana Ermənistan tərəfindən başqa seçim buraxılmır. Münaqişənin həlli üçün hüquqi çərçivəmiz və beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Təəssüflər olsun ki, təcavüzkara praktiki təzyiqin olmaması səbəbindən münaqişənin həlli  bu qədər uzanmış, danışıqlar prosesi faktiki olaraq dayanmışdır. Belə olan təqdirdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəinki qənaətbəxş deyil, hətta, bəzi ölkələr ikili mövqeyindən əl çəkmir,  Ermənistan tərəfindən beynəlxalq hüququn, konvensiyaların kobud şəkildə pozulmasına etirazını bildirmir.  

Oktyabrın 21-də Prezident Yaponiyanın tanınmış “Nikkei” qəzetinə müsahibəsində də  bildirdi ki, Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər... Prezident jurnalistin “Dağlıq Qarabağ”da referendum sualına da konkret cavab verərək vurğuladı ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. 

Prezident İlham Əliyevin dünya liderləri ilə telefon danışığı zamanı qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi və münaqişədə Ermənistanın əsl mahiyyətinin nədən ibarət olduğunu anlatdı. ---------Telefon danışıqları zamanı bir daha  Prezidentimiz qəti şəkildə vurğuladı ki, Ermənistan danışıqlar prosesinin pozulması üçün çalışır və  bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə isə məsuliyyət tam şəkildə Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Prezident İlham Əliyev xalqa müraciətində də bildirdi ki, 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar. Laçın şəhərində, Kəlbəcərdə yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar.

         Əlbəttə,       bəzi   dünya dövlətlərinin liderləri anlamalıdır ki, Azərbaycan yalnız öz torpağı uğrunda döyüşür və Ermənistan silahlı qüvvələri torpaqlarımızı qısa müddətdə,  tam, dərhal, qeyd-şərtsiz tərk etdikdən sonra düşmənlə masaya oturmaq mümkündür. Çünki danışıqlar körpüsünü tamamilə yandıran məhz Ermənistanın indiki rəhbərliyidir. 

Dövlətimizin başçısının bu qətiyyəti ordumuzun uğurlarında da öz əksini tapıb. Hər gün cəbhədən gələn xəbərlər ordumuzun qüdrətini göstərir. Cəmiyyətimizdə, ordumuzda böyük ruh yüksəkliyi hökm sürür. Döyüş texnikasını, hətta itirdikləri canlı qüvvəni belə döyüş meydanında qoyub qaçan erməni əsgərləri də reallığı çox yaxşı görə bilirlər. Qüdrətli Azərbaycan Ordusu qarşısında onların qaçmaqdan başqa çarəsi də yoxdur.

Ermənistanın faşist Njdeni qəhrəmanlaşdıran ideologiyasına xidmət edən, əslində isə heç bir siyasi təcrübəsi olmayan baş naziri Nikol Paşinyan və onun reallığı dərk etməyən komandası tərəfindən öz ölkəsinin dinc sakinlərini silahların gücü ilə döyüş meydanında saxlamağa cəhd etməsi də bir növ bu münaqişədə kimin qalib olması həqiqətini anlamaq üçün yetərlidir. Özgə torpağında xidmət çəkmək istəməyən ermənilər N. Paşinyan hökumətinin psevdovətənpərvərliyinin qurbanı olmaqdadır. Ermənistan vətəndaşları da yaxşı anlayırlar ki, rəsmi İrəvan Azərbaycan əsgərinin əzmkar duruşu və düşməni pərən salan döyüşkənliyinin qarşısında gec-tez təslim olacaqdır.  Heç bir erməni məkri Azərbaycanın haqlı mübarizəsini tamamlamağına əngəl ola bilməz.

Elmeddin Behbud,
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Demokratik Azərbaycan naminə” İctimai Birliyinin sədri

24 Oktyabr 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə