Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu düşmən tərəf kimi dinc əhaliyə atəş açmır, yalnız hərbi təhlükə törədən hədəfi zərərsizləşdirir

Bu gün Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən əzmlə azad etməkdədir. Hər gün yeni bir müjdə ilə qapımızı döyür. İndi yumruq kimi birləşən xalqımız  ordumuzun əldə etdiyi tarixi zəfəri qururla dəyərləndirir.

Soydaşlarımız döyüş meydanında qazanılan qələbələrimizlə yeni tarix yazan Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın bütövlüyünün bərpa edilməsinin tezliklə başa çatacağını söyləyirlər. Pirsultan” jurnalının  və “Sədnik Paşa Pirsultanlı” saytının təsisiçisi və naşiri Sarvan Paşayev bu iunamını bölüşərək dedi:

– Nəhayət ki, 30 il sonra erməni işğalçıları ilə mübarizəyə qalxan Azərbaycan xalqı, sanki, yeni­dən doğuldu. İstər çiçəklənən respublikanın idarə edilməsində, istər ordu quruculuğunda, istərsə də mənəvi, milli birliyin  formalaşmasında qazalınan uğurlar illərdən bəri çürük təfəkkürlərdə kök salmış “düşmənin güclü himayədarı var” düşüncəsini tamamilə darmadağın etdi.

 Ulu öndərimiz – dünya şöhrətli siyasətçi və xalqımızın xilaskarı Heydər Əliyevin illərdən bəri davam edən uzun tarixi dövrü çevrələyən mükəmməl siyasətinin uğurlu davamı düşmənə qarşı mübarizədə üstünlüyümüzü  təmin edib. Hələ  gənc yaşlarından  ulu öndərin həyat və mübarizə məktəbində n dərs alıb mətinləşmiş dövlət başçısı İlham Əliyev bu gün xalqın sevib-dəstəklədiyi sərkərdə kimi qarabağ savaşımızın önündədir.  İndi Ali Baş Komandanın arxasınca gedən Azərbaycan xalqı uzun illərdən bəri daşıdığı ağır bir nisgilə-- müqəddəs və tarixi torpaqların işğalına son qoyur!

Ali Baş Komandan doğma xalqının müqəddəs müharibəsində uğurların təminatçısı olmaqla yanaşı, davakar liderlərinin girovuna çevrilmiş dinc ermənilərə qarşı da  bəşəri bir humanistlik nümayiş etdirir. Ermənistan rəhbərliyinin cəbhədə uduzduqca Azərbaycanın müharibə getməyən bölgələrinə raketlər  atmasının qarşılığında  Azərbaycan rəhbəri xalqımızın alicənablığını və insanpərvərliyini bütün dünyaya sübut etdi: biz ermənilər kimi dinc əhaliyə atəş açmırıq, yalnız hərbi təhlükə törədən hədəfi zərərsizləşdiririk.

Döyüşlərdə əsir alınmış zabit və əsgərinə qarşı davranışda da xalqımızın yüksək humanizm göstərməsi də bizim haqq səsimizi eşitmək istəməyənlərin kar qulaqlarına ən ağır sillə kimi dəyir, onları qəflət yuxusundan ayıldır. Bütün bunlar Ali Baş Komandanın iradəsi ilə müharibəni Azərbaycan tərəfdən sivil normalarla aparıldığını sübut edir.

Qədim dövrdən üzü bəri türk qadını öz əri ilə çiyin-çiyinə ağır zəhmətlərə qatlaşıb, cıdır meydanında at çapıb, qılınc oynadıb və düşmənə qarşı vuruşub. Bu gün də belədir, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dövlət idarəçiliyində olduğu kimi, xalqımızın haqq savaşında da bu ənənələrə sadiqliyini nümayiş etdirir. Onun yaralılarla görüşdə gizlin olsa belə göz yaşı tökməsi izləyicilərin diqqətindən yayınmadı. Hər bir şəhid anasının ağrı-  acısını  özününkü bilən, əsl türk xanımının  bu həssaslığı xalqın milli  mübarizə ruhunu yüksəldən amillərdəndir. 

İndi şanlı, müzəffər ordumu­zun gündəlik zəfərlərinin ilk müjdəsini Ali Baş Komandandan gözləyirik və əminik ki, tam qələbə xəbərini də onun dilindən eşidəcəyik. Bu xəbər  tezliklə şəhidlərimizin ruhunu şad edəcək, məcburu köçkünləri öz yurdlarına qaytaracaq.

Tanrı Ali Baş Komandanımızı, şanlı ordumuzu və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”

 

24 Oktyabr 2020 10:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə