Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın informasiya müharibəsi: Xalq ən vacib xəbərləri etibar etdiyi birinci mənbədən alır

Hərbi əməliyyatlar dövründə beynəlxalq informasiya məkanının həqiqətlərə əsaslanan informasiyalarla təmin edilməsi ölkənin mövqelərinin müdafiə olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Xüsusilə nəzərə alınmalıdır ki, bu gün müasir dünyamızda informasiya texnologiyasının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir.

İnformasiya siyasətinin düzgün təşkili xüsusən hərbi əməliyyatlar müddətində xüsusi əhəmiyyət kəsb edir. Çünki müasir dövrdə sosial platformalar saxta, həqiqəti əks etdirməyən informasiyaların yayılması üçün geniş “imkanlar” açır. Bu səbəbdən informasiya qıtlığını arandan qaldırmaq, rəsmi və birinci mənbədən informasiyalarla yerli və dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində fəal səylər tələb olunur.

Təsadüfü deyil ki, bu gün artıq “informasiya müharibəsi” termini geniş yayılmaqdadır ki, bu da informasiya siyasətinin ən azı döyüş meydanında aparılan əməliyyatlar qədər önəmli olduğunu deməyə əsas verir. Hələ bir neçə il əvvəl ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə siyasi və hərbi qarşıdurmalar zamanı informasiya sahəsində üstünlük onlara tez reaksiya verilməsi, real vaxt çərçivəsində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaq.

Azərbaycan dünya mediasının diqqətində: Erməni mifləri darmadağın edilir

Sentyabrın 27-də erməni təxribatından sonra başlayan əks-hücum əməliyyatı da bir daha informasiya cəbhəsində qazanılan uğurun nə dərəcədə önəmli olduğunu deməyə əsas verir. Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində düşmənin miflərini darmadağın edir və həqiqətin bərqərar olmasını təmin edir.

Döyüşlər artıq 27 gündür davam edir. Azərbaycan demək olar ki, hazırda dünya mediasının diqqət mərkəzində olan əsas ölkələrdəndir. Hər gün Qarabağda aparılan hərbi əməliyyatlarla bağlı müxtəlif ölkələrin KİV-lərində məlumatlar verilir, eyni zamanda, bir sıra ekspertlər, sosial şəbəkələrdə fəal olan insanlar bu platforma vasitəsilə insanlara müxtəlif informasiyalar təqdim edirlər.

Əlbəttə ki, belə olan halda düşmən psixoloji təsir üsullarından istifadə etməklə əhali arasında ruh düşkünlüyü yaratmağa cəhdlər edir. Lakin Azərbaycan bütün vasitələrlə düşmənin bu cür təxribatlarının qarşısını alır və Ermənistanın və işğalçı ölkənin ordusu ilə bağlı illərdir yaradılan miflər, saxta məlumatlar darmadağın edilir.

Planlı və sistemli şəkildə həyata keçirilən fəaliyyətə rəhbərik edən Prezident İlham Əliyevin dünyanın nüfuzlu KİV-lərinə şəxsən müsahibələr verməsi, onların suallarını açıq şəkildə cavablandırması, Ermənistanın əsl niyyətinin nələrdən ibarət olduğunu faktlarla sübuta yetirməsi informasiya müharibəsində uğurlarımızı şərtləndirən amildir.

Hələ hərbi əməliyyatların başlamasından əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində etdiyi çıxışları zamanı düşmənin son təxribatlarına diqqət çəkərək, onun yeni müharibəyə hazırlaşdığını, yeni torpaqlar işğal etmək məqsədilə silahlanma həyata keçirdiyini bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı. “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir”, - deyən dövlətimizin başçısı bu fikrini tutarlı arqumentlərlə əsaslandırdı.

Ermənistan isə yenə də sanki dünya ictimaiyyəti tərəfindən ona verilən “toxunulmazlıq” hüququndan istifadə edərək növbəti təxribata əl atdı. Bu dəfə onun bu cəhdi boşa çıxdı.

İllərdir həm peşəkar ordu quruculuğu, həm də beynəlxalq münasibətlər sistemində mövqelərin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atan Azərbaycan Prezidenti bütün sahələrdə Ermənistanın cəhdlərini darmadağın edir.

Ötən müddət ərzində Azərbaycan Prezidenti “Əl-Cəzirə”, “Sky News”, “CNN International”, “Euronews”, “France 24”, “Nikkei” kimi nüfuzlu KİV-lərə, o cümlədən Türkiyə və Rusiyanın aparıcı televiziya kanallarına müsahibələrində qətiyyətli şəkildə xalqımızın milli maraqlarına əsaslanan mövqeyini bütün dünya ictimaiyyətinə çatdırıb.

Xalq ən vacib xəbərləri etibar etdiyi birinci mənbədən alır

Müasir dövrümüzdə insanların informasiyasız yaşaması mümkün deyil. Xüsusən də müharibə dövründə əhali ciddi informasiya mənbəyinə xüsusi ehtiyac duyur. Düşmən hərbi əməliyyatların ilk günündən etibarən döyüş meydanında aldığı məğlubiyyətlərdən fikri yayındıraq, xalqımızın iradəsini qırmaq üçün müxtəlif təxribatlara əl atır. Dinc sakinləri, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri raket atəşinə tutmaqla, həqiqəti əks etdirməyən informasiyalar yaymaqla əhali arasında qorxu, təşviş yaratmağa cəhd edirlər. Lakin düşmənin bu səyləri heç bir nəticə vermir. Bu məsələdə dövlətimizin başçısının xalqa müraciətləri xüsusi rol oynayır. İllərdir xalqa verdiyi bütün vədləri vaxtında və tam icra edən Prezident İlham Əliyev cəmiyyətdə böyük etibar və inam sahibidir. Bu səbəbdəndir ki, dövlətimizin başçısının xalqa müraciətləri zamanı səsləndirdiyi səmimi fikirlər, ordumuzun qarşısında duran vəzifələrlə bağlı açıqlamalar, hərbi əməliyyatların gedişatı ilə bağlı məlumatlar cəmiyyətdə qələbə əzmini daha da gücləndirir. Hər bir məsələ ilə bağlı xalqı ilə açıq danışan Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, arqumentli çıxışları birliyimizi daha da möhkəmləndirir. 

Bundan əlavə, digər müvafiq dövlət qurumlarımızın, xüsusən də Müdafiə Nazirliyinin ictimaiyyəti mütəmadi olaraq məlumatlandırması, düşmənə endirilən sarsıdıcı zərbələrə dair videogörüntülərin yayılması da düşmənin bütün təxribatlarına layiqli cavab olur.

Beləliklə, informasiya müharibəsinin bütün komponentlərində düşməni qabaqlayan Azərbaycan artıq beynəlxalq ictimaiyyətin də dəstəyini qazanmaqdadır. Bu uğur müxtəlif ölkələrin tanınmış siyasətçilərinin, ekspertlərin, beynəlxalq təsisatların fikirlərində də açıq-aşkar özünü göstərir.

Azərbaycanın haqq işi beynəlxalq miqyasda da dəstəklənir

Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, qətiyyətli mövqeyi, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı sayəsində Azərbaycanın ədalətli mövqeyi beynəlxalq miqyasda da dəstəklənir. Hətta hərbi əməliyyatların ilk günü açıq şəkildə Ermənistana dəstək göstərən bəzi ölkələr hazırda tam neytral mövqe sərgiləyirlər.

Avropa İttifaqının Gəncəyə raket hücumu ilə bağlı açıqlamasında Ermənistanın bu əməllərinin pislənməsi, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçisonun keçirdiyi brifinqdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi ölkəmizin güclü beynəlxalq mövqelərinin olmasından xəbər verir. Həmçinin qonşu ölkələr, o cümlədən Rusiya və İran da Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiklərini ifadə edirlər. Almaniyadan, Fransadan, Böyük Britaniyadan, Rusiyadan, ABŞ-dan, Misirdən, Ukraynadan və digər ölkələrdən olan siyasətçilər, hərbi ekspertlər, jurnalistlər də açıqlamalarında Azərbaycanın ədalətin bərpası uğrunda müharibə apardığını qeyd edir, işğal altında olan bütün ərazilərin boşaldılmasının vacibliyini söyləyirlər.

Eyni zamanda, Böyük Britaniyanın “The Telegraph” qəzeti, BBC telekanalı, Fransanın TF1 televiziya kanalı və “Bourse Plus”, “Le Figaro” qəzetlərində, Almaniyanın “Deutsche Welle” telekanalında, İsveçrənin “Weltwoche” nəşrində, Malayziyanın BERNAMA dövlət agentliyində, Argentinanın “Perfil” qəzetində və digər ölkələrin KİV-lərində Ermənistanın işğalçılıq siyasətini pisləyən məlumatlar verilir.

Həmçinin qardaş Türkiyə KİV-ləri də Azərbaycanın haqq işinin, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak edir.

Beləliklə, həm döyüş meydanında, həm də informasiya məkanında qazanılan uğurlar uzun illərdir həyata keçirilən məqsədyönlü siyasətin və hazırda həyata keçirilən sistemli fəaliyyətin məntiqi nəticəsidir.

 

 

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri 

23 Oktyabr 2020 22:32 -

Köhnə versiyamızdan xəbərləri izlə