Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi

– Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımız­dan və oxucularımızın adından təbrik etmək istərdim.

– Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır.

Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!

Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət baş­çısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırı­şını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm.

– Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi ilə həmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıq doğurur. Si­zin müraciətinizdən dərhal sonra həmvətənlərimizin erməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləri buna parlaq sübutdur.

– İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıq­larını görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşı­sını almağa kömək edir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm, on­ların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıq­larını dünyaya çatdırmaq mümkün olur.

Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nü­mayiş etdirən dünyadakı bütün dostları­mıza minnətdaram.

Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır.

– Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeyd etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinə təxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və mərdlik nümayiş etdirir.

– Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaq normalarını tapdalayır.

Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı? Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necə məruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlar həlak olub. Bu, insan­lığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir.

Lakin Ermənistanın heç bir al­çaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantü­raları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcıdır.

Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram. Yerevan beynəlxalq kon­vensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzü dayandır­mağa çağıran qətnamələrinə etinasızlı­ğa son qoymalıdır.

Azərbaycan dövlətinin heç vaxt baş­qalarının torpaqlarında gözü olmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir. Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir. Bizim əsgərlər qəhrəmanlıq və igid­lik göstərərək Vətən uğrunda şərəflə dö­yüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mən bütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuş hərbi qulluqçuların ailələrinə, doğma­larına dərin hüznlə başsağlığı verirəm. Vətən naminə şəhid olmuş igid övladla­rımıza Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiq olduğu cavab verilir.

Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağal­ması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi.

– Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus pande­miyasına qarşı mübarizədə bir növ şüara çevrilmiş “Biz birlikdə güclü­yük!” cümləsini hamımız xatırlayı­rıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb edir?

– Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik.

Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyə bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dün­yanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epide­miya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltma­ğa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasın­dan qoruya bildik.

Təəssüf ki, çoxsaylı ölkələrə və xalq­lara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemi­yaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir.

Təəssüf ki, bizim ölkəmiz də istis­na deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ic­timai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.

Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yo­luxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xü­susi qayğı və hörmətlə yanaşırıq. Pan­demiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olaca­ğıq.

Bu gün, ordumuz öz tarixi mis­siyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sis­teminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımı­zın qeydinə qalmaqla, sayıqlıq və inti­zam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq.

Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!

23 Oktyabr 2020 03:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə