Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına raket hücumları Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir

Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrinə hü­cumların davam etməsinə dair açıqlama yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycanın əhalinin sıx yaşadığı yaşayış məntəqələrini qəsdən atəşə tutmağa davam edir.

Oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki ra­ket kompleksindən atılan ballistik raketlərin atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələri münaqişə zonasından yüzlərlə kilometr məsafədə yerləşən Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket atıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Gəncə və Mingəçevir şəhərlərindən son­ra Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli kənarda yerləşən Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətində raketlərin atılması Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı yeni dəhşətli cinayətlər törətmək üçün növbəti cəhdidir.

Bu hücumlar bir daha Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir və onun vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini göstərir.

Ermənistanın bu təcavüz aktlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və öhdəliklərinə riayət etməyə məcbur etmək üçün lazımi addımlar atmağa çağırı­rıq.

Münaqişənin diplomatik həlli yolunun olmadığı­nı bildirən, Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaq əmrini verən Ermənistan rəhbərliyi bölgədə gərginliyin artmasına, habelə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı törədilən müharibə cinayətlərinə görə tam məsuliyyət daşıyır.

23 Oktyabr 2020 03:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə