• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq işləri uğurla davam etdirilir

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq işləri uğurla davam etdirilir

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş toplantısında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkənin 9 aylıq sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələr, müvafiq dövrdə rayonda qazanılmış uğurlar və həllivacib məsələlər ətraflı müzakirə olunmuş, 2018-ci ili sanballı nailiyyətlərlə başa vurmaq üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hökumətin son iclasında dövlət başçısının çıxışında səslənən başlıca müddəalar barədə məlumat verən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan sürətli islahatlar kursunun uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanın qazandığı nailiyyətlər, nail olduğu genişmiqyaslı inkişaf 27 illik müstəqillik dövrü fonunda möhtəşəm və misilsiz görünür. Ölkənin hərtərəfli yeniləşmə və sürətli inkişaf strategiyası son illərdə paytaxtın mərkəzi hissəsini əhatə edən Nəsimi rayonunun sosial-iqtisadi inkişafına da mühüm təkan vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında ərazidə aparılan genişmiqyaslı abadlıq-quruculuq prosesinin davamı olaraq, bu ilin əvvəlindən rayonda yeni irimiqyaslı layihələr həyata keçirilmiş, əhatəli quruculuq işləri aparılmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Prezident Administrasiyasının müəyyən etdiyi istiqamətlər üzrə ərazinin sosial-iqtisadi inkişafı üçün proqnozlar, təkliflər hazırlanmış, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı mühüm işlər görülmüşdür. Yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi, sərmayələrin cəlb olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. 
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının hesabatında, ayrı-ayrı sahələrə məsul şəxslərin çıxışlarında göstərilmişdir ki, paytaxtda əhalinin ən sıx yerləşdiyi ərazilərdən biri olan Nəsimi rayonunun iqtisadi və sosial həyatında ötən dövrdə baş verən dəyişikliklər yüksəlişlə müşayiət olunmuşdur. Rayonda sosialyönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər turizmin inkişafına da əlverişli imkanlar yaradır. 
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, ümumi görünüşə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ilin əvvəlindən ardıcıl işlər görülmüşdür. 70-dən çox təklifə baxılmış, 32 ünvanla bağlı layihə hazırlanaraq müvafiq qaydada razılaşdırılmışdır. Onlardan 23 ünvanla bağlı köçürmə-söküntü və inşaat işlərinə başlanmışdır. 
Bildirilmişdir ki, Prezident İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunmasını, tikinti-inşaat işlərinin şəhərsalma prinsiplərinə uyğun aparılmasını təmin etmək üçün ümumi istifadə ərazilərində və ictimai yerlərdə obyektlərin tikilməsinin qarşısı alınmış, müvafiq sənədləşmə həyata keçirilmədən aparılan inşaat işləri dayandırılmışdır. Genişmiqyaslı yenidənqurma və quruculuq işləri çərçivəsində ərazidə sistemli abadlıq işləri aparılmış, bir çox yüksəkmərtəbəli bina əsaslı təmir olunmuş və yeni “Abad həyət”lər salınmışdır. Hazırda qış mövsümünə hazırlıq prosesi çərçivəsində binaların istiliklə təmin olunması, yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji təmiz mühit yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə Nəsimi rayonunda ötən ilin dekabr ayından start verilmişdir. Ötən müddətdə bir sıra həyətlərdə abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni zolaqlar yaradılmışdır. Rayonda silsilə ağacəkmə kampaniyaları, iməciliklər keçirilmişdir.
Toplantıda qeyd edilmişdir ki, Nəsimi RİH başçısının yerlərdə təşkil olunan qəbullarında, sakinlərlə daimi görüşlərində, müşavirələrdə və geniş yığıncaqlarda ictimai maraq kəsb edən məsələlər ətraflı müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilir, rayonda görülmüş işlər barədə ictimaiyyətə daim məlumat çatdırılır.
Göründüyü kimi, 2018-ci ilin ötən dövrü Nəsimi rayonunun və sakinlərin həyatında əlamətdar hadisələrlə zəngin olmuş, sosial-iqtisadi inkişafın davamlılığı təmin edilmişdir. Son illərdə yaradılmış əsaslı özül yeni uğurlara geniş meydan açmışdır.

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

16 Oktyabr 2018 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin