Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin həmrəylik nümayişi torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ordusuna çox böyük mənəvi dəstəkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) sədri, professor Aygün Attar və azərbaycanlı yazıçı-publisist Sevil Nuriyevanı qəbul edib.

TADƏHF-dən AZƏRTAC-a verilən məlumata görə, İstanbulun Vəhdəttin sarayında baş tutan görüş zamanı Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Rəcəb Tayyib Ərdoğan Türkiyənin yalnız bu gün və ölkə daxilində deyil, hər zaman və bütün platformalarda Azərbaycanın ərazi bütünlüyünü dəstəklədiyini vurğulayıb. Türkiyənin işğalçı Ermənistana qarşı apardığı siyasətin ən bariz nümunəsinin bu ölkə ilə sərhədlərini bağlı saxlaması olduğunu xatırladan Prezident Ərdoğan işğala son qoyulmasını və beynəlxalq hüququn tətbiqini daim tələb etdiklərini xatırladıb.

Qəbul üçün minnətdarlığını bildirən professor Aygün Attar Türkiyənin qətiyyətli mövqeyinin və Azərbaycanla güclü həmrəylik nümayişinin cəbhədə torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ordusuna çox böyük mənəvi dəstək olduğunu ifadə edib. Professor Türkiyənin demək olar ki, hər şəhərində dövlət binaları, QHT-lər, idman klubları, sənət aləmi kimi bir çox qurum və təşkilatların nümayəndələrinin ürəyinin Azərbaycanla birgə döyündüyünü, bunun əvəzində isə Azərbaycanda evlər, iş yerləri, küçə və prospektlərin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədildiyini qeyd edib.

Türkiyə tərəfindən göstərilən qardaş dəstəyinin Azərbaycan əsgərində ruh yüksəkliyi yaratdığını bildirən Sevil Nuriyeva ölkəmiz üçün bu tarixi məqamda Türkiyə-Azərbaycan media platformasının ortaq fəaliyyətinin yüksək qiymətləndirildiyini ifadə edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

22 Oktyabr 2020 21:03 -

Köhnə versiyamızdan xəbərləri izlə