Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur

Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyə hökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcək.

Prezident İlham Əliyev bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir.

“Bizdə olan məlumata görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Türkiyənin əhalisinin 83 milyon, Azərbaycan əhalisinin 10 milyon, Ermənistanın əhalisinin isə iki milyondan az olduğuna diqqət çəkən Prezident deyib: “Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik”.

22 Oktyabr 2020 20:23 -

Köhnə versiyamızdan xəbərləri izlə