Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zahid Oruc: Ordumuz Qarabağın yarısına nəzarət edir

Azərbaycan tezliklə işğalçını dövlət sərhədlərimizin arxasına qovacaq

Strateji Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri, deputat Zahid Oruc bildirib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  26 gündən bəri işğalçı Ermənistanı “sülhə məcbur etmə” adı altında aparılan müharibədə Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələrlə,  rəşadətli əsgər və zabitlərimizin fədakarlığı sayəsində cəbhənin cənub cinahında qoşunlarımızın Ermənistanla sərhədə qədər irəliləməsi ilə bağlı öyünclü  təəssüratını belə oifadə etdi:

– Bu qələbə və irəliləyiş  istər strateji, istər taktiki baxımdan savaşın müqəddaratını həll edəcək. İranla sərhədə tam nəzarətin təmin olunması silahlı əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək istəyən düşmənin planlarını məhv edir. 70 kilometrdən artıq sərhəd zolağının tam nəzarət altına alınması, çoxəsrlik keçmişimizin, o cümlədən iki əsr əvvəlli Gülüstan və Türkmənçay hadisələrinin  axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb milli ordumuzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvanla ən yaxın quru sərhədinin, o cümədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi--Mehri dəhlizinin ön dağlıq hissələrinə gətirilib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir. Bununla da indiyədək azad olunmuş 121 kənd, qəsəbə və 4 rayon mərkəzinin, eləcə də qazanılmış strateji yüksəkliklərin yaxın hərbi əməliyyatlar üçün  diqtə şəraiti yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına şanlı ordumuzun nəzarət etməsinin sübutudur. Bunlar həm də dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edilməsi və arxa cəbhədə qısa müddətdə dayanıqlı istehkamlar qura bilməmək Ermənistanın hərbi kapituliyasiyasını qaçılmaz edir.

Milli Məclisin üzvü Zahid Oruc İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsini 40 minlik işğalçı ordunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşmək cəhdi kimi dəyərləndirdi: “Kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər. Ermənistanda sabiq prezidentlərin son görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə çatması, prezident Armen Sarkisyanın isə KTMT-dən haray olmadığına görə NATO rəhbərliyi ilə görüşə getməsi və əliboş qayıtması işğalçı ölkədə hakim siyasətin iflası deməkdir. Bu isə odeməkdir ki, tezliklə Azərbaycan bütün Qarabağ ərazisinə nəzarət edəcək, işğalçını dövlət sərhədlərimizin arxasına qovacaq”.

Hazırladı:
T.AYDINOĞLU,
“Xalq qəzeti”

22 Oktyabr 2020 15:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə