Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sözünüz sözümüzdür, cənab Prezident!

Tarixi günlər yaşayırıq! Sözün tam mənasında, ölkə tarixinin böyük proseslərinin içindəyik. Onun necə şəkilləndiyini, necə inkişaf etdiyini görürük, yaşayırıq! Və əlbəttə, bu qürurverici günlərə necə gəlib çıxdığımızı bilirik!

Ali Baş Komandanımız sentyabrın 27-dən indiyədək artıq beşinci dəfə xalqa müraciət etdi. Nə gizlədim, xalqımızın bir fərdi kimi, bir depu­tatı kimi mənim də, ümidvaram, bü­tün dünya azərbaycanlılarının, bütün Azərbaycansevərlərin də gözü cənab İlham Əliyevin “Twit”lərində, televizyalardadır. Hər gün yeni xəbər, daha bir xoş xəbər, işğaldan azad edilmiş yeni məntəqələrimizin adları! Prezidentimiz elan edir, qürur bəxş edir, inam aşılayır!

Zəngilan alındı. Bayrağımız şəhərin mərkəzində dalğalandı. Bundan əvvəl, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı! Ondan öncə isə Füzuli şəhəri və 7 kəndimiz (Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli) müzəffər ordumuz tərəfindən azad olundu! Prezident xalqı çox duyğulu şəkildə təbrik etdi! Gözümüz bir daha aydın olsun! Düşmənin Nizami yurdu Gəncəyə atdığı raketlərdən aldığımız ağır yaraları Füzulinin adını daşıyan şəhərimizin azadlığa qovuş­ması sağaltdı. Daha bir neçə gün öncə, sarı payız çağında da yamyaşıl Suqovuşanımız azad olunduqdan sonra çağlayan Tərtər çayı kimi bir daha coşdu qəlbimiz!

Dədəm Qorqudun alqışı yadıma düşür.

Vətənimə səslənirəm:

– Qarlı uca dağların yıxılmasın!

Kölgəlicə hündür ağacın kəsilməsin!

Coşğun axan gözəl suyun qurumasın!

Ön cəbhədə döyüşən igid əsgərimizə deyirəm:

– Tanrı səni namərdə möhtac etməsin!

Çaparkən ağ-boz atın büdrəməsin!

Vuruşanda iti polad üz qılıncın gödəlməsin!

Sancılarkən uzun nizən əyilməsin!

Xalq şairi Səməd Vurğunun ruhu məni bağışlasın, onun məşhur misralarını da yada salır və bu günə özəl olaraq bir balaca dəyişdirmək istəyirəm:

– Yazılsın tarixə bir qızıl xətlə,

20-ci ilin 17 oktyabr günü!

Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “…Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdir. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdir. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm is­tehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonu­nun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalma­yıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalla­rın əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.

Bəli, 17 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Koman­dan İlham Əliyev xalqa müraciət etdi. Bu müraciət də öncəki üç müraciətin davamı, inkişafı və üfüqə boylanmağımız üçün qana­dımız oldu! Günəş oldu! Günəşdən hər kəsə pay düşür. Günəş hər yerə eyni şəfərqlər saçır. Bilirsiniz, əslində, bizim torpaqları­mızı işğal edən, sonra daha yeni torpaqların işğalı üçün həvəslənən, tarixdəki ilk erməni dövlətinin Azərbaycan torpaqlarında qurul­duğunu “unudan” ermənilərin düz-əməlli ağılverəni olsaydı, onlar siyasət, haqsız­lıq soyuğunda üşüməzdilər. İllərdir bizi üşütdükləri o soyuqda indi özləri üşüyür, özləri donur!

Cənab Prezidentin xalqa parlaq müraciətinin əsas xətlərindən biri də məhz bu amillə bağlıydı: Ermənistan indi ta­rixinin ən ağır günlərini yaşayır və bu aqibət üçün məhz onlar özləri günahkardır. Erməni xalqı öz hakimiyyətindən hesab sormalı, onları məsuliyyətə cəlb etməlidir. Belə də dövlət olar?! Dəfələrlə edilən xəbərdarlıqlar, sülhpərvərliklər, xeyirxahlıq­lar, birgəyaşayışa dəvətlər, beynəlxalq hüquq normalarının xatırladılması Ermənistanda gərəksiz eyforiya yaratmamalıydı, bizi gücsüz sanmamalıydılar. Əksinə, ağlın, idrakın, tarixi proseslərin məntiqinə uyğun davranışlara gətirib çıxarmalıydı. İndi baxın: Nə irəli gələ bilirlər, nə geri gedə!.. İrəli gəlsələr, Azərbaycan Silahlı Qüvvələrinin dəqiq zərbələri onları cəhənnəmə vasil edəcək. Geri dursalar, sadə ermənilər hesab soruşacaq. Soruşacaq ki, hanı sizin “qüdrətli ordu”nuz? Hanı sizin güclü diplomatiya­nız? Hanı “qoruyucu mələkləriniz”? Tarix boyu ermənilərin olmamış, heç vaxt da ermənilərin olmayacaq torpaqlar uğrunda illər uzunu niyə yalanlar danışmış, niyə beyinləri zəhərləmisiniz? Sadə ermənilər – övladları, ərləri, ataları sərsəm ideya uğrunda Qarabağa göndərilmiş və burada ölümü dadmış qadınlar (qızlar, analar, dul gəlinlər), yetim körpələr “guya demok­rat” Paşinyandan, eləcə də, onun əliqanlı sələflərindən hesab soruşacaq, əlbəttə! Bir gün anlayacaqlar və anladacaqlar ki, onların əzizləri “müqəddəs vəzifə” maskası altında Allahsızlıq etməyə, qan tökməyə, evlər yıxmağa, işğala göndərilib və cəhənnəmi ana südü kimi qazanıblar! Bu uzaq olmayan hesab bütün saxtakar erməni siyasətçiləri, saxta qəhrəmanlar üçün məşhər günü olacaq!

Amma Ermənistanda kimin kiminlə nə hesab çəkib-çəkmədiyi bizim üçün əsas məsələ deyil, olsa-olsa, neçənci dərəcəli məsələdir. Bütün Ermənistan yığışıb gəlsə də, artıq çox gecdir! Qarabağla bağlı boyundan yuxarı atılan Ermənistan, cəmi 100 yaşlarındakı (tarixdəki ilk) erməni dövlətinin özünü tarixi sınaq qarşısında qoyub. Əgər Azərbaycan Silahlı Qüvvələri mərhəmətli davransa, bəlkə tam iflas olmaqdan qismən qurtula bilərlər. Yox, əgər bədnam “Böyük Ermənistan” xəyallarından, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq kimi axmaq xülyadan imzalı, möhürlü, andlı əl çəkməsələr, tarixlərinin ən böyük yanlışını etmiş olacaqlar!

“Bayrağımız işğal edilmiş bütün torpaq­larda qaldırılacaq, Azərbaycanın ərazi bü­tövlüyü bərpa ediləcək! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Sözünüz sözümüz, yolunuz yolumuzdur, cənab Prezident!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

22 Oktyabr 2020 03:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə