Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib Ali Baş Komandan

Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda, böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir.

Xalqı ona görə ölkə Prezidentini sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 ildə respublikamızı zirvədən-zirvəyə aparır. Xalqı ona görə Prezidentini sevir ki, o, heç vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də güclü ordusunda öz təsdiqini tapır.

Bu gün xilaskar Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirir. Artıq Cəbrayıl, Füzuli və Zəngilan rayon mərkəzləri də daxil olmaqla, yaşayış məskənlərinin mütləq əksəriyyəti, o cümlədən, Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri düşmən tapdağından azad olunmuşdur. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb. Bütün cəbhələrin qalibi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən, hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və “güclüsənsə, haqlısan” məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faiz və ondan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla, Ermənistanın anoloji büdcəsini, təxminən, 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 78-ci olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividendlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və hərbi vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Silahlı qüvvələrimiz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur.

Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə köməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edəcək, o qələbə ki, Şuşamızı, Xankəndimizi və işğal altındakı digər ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytaracaqdır.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Elman NƏSİROV, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

22 Oktyabr 2020 03:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə