Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi ədalətin zəfər çalacağına heç kəsin şübhəsi olmasın

Azərbaycan xalqı çox şərəfli tarixi günlərini yaşayır. Bu günlər hər bir azərbaycanlı qürur hissi keçirir. 30 ilə yaxındır ki, Qarabağımız düşmən tapdağı altındadır. Və bu günlərdə şanlı ordumuz artıq Ermənistan silahlı qüvvələrinin müqavimətini qıraraq irəliləməkdədir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz Cəbrayıl və Füzuli rayonlarını, onların xeyli yaşayış məntəqələrini, Hadrut qəsəbəsini, Tərtərin Suqovuşan kəndini, Murov yüksəkliyini erməni işğalçı­larından təmizləmişlər. Bu qələbənin əsas səbəbi iqtidarla xalqımızın birliyidir. Preziden­timiz də dəfələrlə bildirib ki, bugünkü qələbələrimizin sirri Azərbaycan xalqının iqtidara inamındadır. Bu inam bizi daha güclü, daha əzmkar edir. Prezidentimizin Azərbaycan xalqına müraciətlərini diqqətlə dinləmişəm. Mənim diqqətimi çəkən odur ki, bu müraciətlərdə xalqa, onun verdiyi dəstəyə güc­lü inam var.

Cənab Prezident hər dəfə yeni ərazilərimizin işğaldan azad olunması xəbərini verəndə qürur hissi keçiririk, inanırıq ki, Ali Baş Komandanımızın səyləri xalqımızı bu bəladan qurtaracaq. Bax, elə bu yaxın­larda Füzuli şəhərinin işğaldan azad olunması xəbərini Prezi­dentimizin xalqa müraciətindən eşidəndə soydaşlarımız göz yaşlarını saxlaya bilmirdi. Cənab Prezident dedi: “Şanlı Azərbaycan Ordusu öz xilas­karlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdır­maq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Fü­zuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Ermənilər torpaqlarımızı zəbt etməyə başladıqları gündən indiyədək ərazilərimizdə soyqı­rımı siyasəti aparıblar, Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Bu, İkinci Dünya müharibəsində faşiz­min dəhşətli qırğınlarından sonra müasir dövrdə erməni separatçıları--terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı kütləvi və dəhşətli soyqırımı olub.

Məgər Gəncə şəhərinə atılan raketlərin törətdiyi fəsadlar xalqımıza qarşı soyqırımı deyil­dimi?!

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən respublika­mıza qarşı ədalətsiz müharibə aparıldığı, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu və torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi təsdiq olundu. Belə ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal altın­dakı Azərbaycan ərazilərindən çıxmaları haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etmişdir. Lakin işğalçı tərəf bu qətnamələri yerinə yetirməyərək, necə deyərlər, beynəlxalq aləmə meydan oxudu.

Biz bu ədalətsizliklərlə çox qarşılaşmışıq. Amma bu günlər haqq öz yerini tapır. Şanlı or­dumuz düşmənə ağır zərbələr endirməklə torpaqlarımızı azad edir. Məni sevindirən odur ki, bu günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün bölmələrində müxtəlif yaşdan olan insanlarımız cəbhəyə getmək üçün növbəyə dayanıb­lar. Xalqımızın vətənpərvərlik ruhu çox yüksəkdir və bu, qələbəmizin əsas faktorların­dandır.

Mən Göyçay rayonunda yaşayıram. Bu gün onlarca göyçaylı cəbhədə vuruşur, qələbənin qazanılmasında iştirak edir.

Mən bu yazını cənab Prezidentin sözləri ilə bitirmək istəyirəm: “Bu gün biz ha­mımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq.”

Şakir ƏHMƏDOV, Göyçay sakini

21 Oktyabr 2020 02:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə