Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir

Türkiyə qədim dostluq bağları və qardaş­lıq əlaqələri olan Azərbaycanın haqqına, hü­ququna, torpaqlarına yönəlmiş hər cür hücu­mun qarşısında dayanmaqda əsla tərəddüd etməyəcək. Dünyadakı bütün siyasi, diplo­matik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti


Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qa­rışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan – Türkiyə birliyi ar­tıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Böyük insanlar həmişə “mən” deyəndə özünü yox, xalqını, millətini, ölkəsini, dövlətini nəzərdə tutublar. Qardaş türk ədəbiyyatının görkəmli simalarından olan Nəcib Fazil Qısakürək də “Sakarya tür­küsü” adlı şeirində dediyi:

“Su iner yokuşlardan, hep basamak basamak,

Benimse alın yazım, yokuşlarda susamak” –

ifadəsi ilə böyük bir xalqın alın yazısının dəhşətlərindən söz açır­dı. Ötən əsrin əvvəllərində məhz alın yazısı türk xalqına çox böyük müsibətlər yaşatmış, “sürprizlərlə” üzləşdirmişdi. Dünya xalqları tərəqqiyə, inkişafa doğru getməyə çalışdığı zaman türk xalqı çoxsaylı dildə danışan düşmənləri ilə ölüm-qalım mübarizəsinə sürüklənmişdi. Qardaş xalqın önündə gedənlər ölçüyəgəlməz şəkildə mürəkkəb olan alın yazısının çözülməsini təmin etmiş, qüdrətli Türkiyə Cümhuriyyətinin yaradılmasına nail olmuşdular.

Bu gün Azərbaycan dövləti də həmin taleni yaşayır. Bəxtimiz bizi min illərdən bəri yaşadığımız tarixi torpaqlarımızda qaniçən, oğru, terrorçu, işğalçı, yalançı və kəmfürsət düşmənlə üz-üzə qoy­muşdur. Amma burada xüsusilə qeyd edilməli başqa bir məqam da vardır. Məhz həmin tale bizə ötən əsrin əvvəlində də, axırında da – dövlət müstəqilliyi qazandığımız dövrlərdə yanımızda olan, kömək əli uzadan, qardaş kimi arxa-da­yaq olmağı istəyən və bacaran türk xalqı, Türkiyə dövləti ilə yana­şı olmaq xoşbəxtliyini də nəsib et­mişdir. Biz 2018-ci ildə möhtəşəm yüz illiyini qeyd etdiyimiz “Bakının azad edilməsi” tarixini də heç zaman unutmayacağıq, qardaş Türkiyə Cümhuriyyətinin Prezi­denti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən dediyi “Biz hər an, hər məsələdə Azərbaycanın yanında olacağıq, Dağlıq Qara­bağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün atılan bütün addım­ları dəstəkləyəcəyik” qətiyyətini də unutmayacağıq.

Doğrudur, Azərbaycan – Türkiyə dostluq və qardaşlıq münasibətləri həmişə yüksək səviyyədə olmuşdir. Ancaq türk xalqının böyük oğlu Rəcəb Tayyib Ərdoğanın öz ölkəsində siyasi olimpin zirvəsinə qalxma­sından sonra bu münasibətlər də məhz öz zirvə nöqtəsini fəth etmişdir. Maraqlıdır ki, əvvəllər bu münasibətlərə qısqanclıqla baxan bəzi dairələr indi Türkiyə -- Azərbaycan əməkdaşlığının regionda sülhə və sabitliyə kömək etdiyini nəinki gizlədə bilmir, hətta, bir çox hallarda onun əhəmiyyətindən də danışırlar.

Bir neçə gün əvvəl qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, oktyabrın 19-da isə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətlərinin Bakı səfəri region tarixinə qızıl hərflərlə yazılacaq dostluq və qardaşlıq nümunəsinin daha da möhkəmləndirillməsinə və dərinləşdirilməsinə xidmət edir.

Oktyabrın 19-da qardaş ölkənin parlamentarilərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də son günlər regionda davam edən proseslər fonunda bu qarşılıqlı səfərlərin səmərəsini yüksək qiymətləndirmişdir: “ Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqla­malar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sar­sılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”.

Dövlət başçımız xatırlatdı ki, əgər Türkiyə bu açıq möv­qeni göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Azərbaycan tərəfinin belə düşünməsinə əsaslı səbəblər də vardır. Çünki on­suz da Ermənistanın məqsədi bu münaqişənin coğrafiyasını genişləndirməkdən ibarətdir. Görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər və ona görə də haradansa kömək umurlar. Bu gün işğalçı ölkədə hamı yaxşı bilir ki, döyüş mey­danında biz onları məğlub edirik. Erməni hərbçiləri isə ölən-ölür, qalanlar da, canını götürüb döyüş meydanından qaçırlar.

Prezident xatırlatdı ki, bu mürəkkəb zamanda Türkiyə dövlətinin və xalqının bizə göstərdiyi dəstək xüsusi önəm da­şıyır. Çünki Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir: “Dünya miq­yasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bun­dan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür”.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop dövlət başçımızla görüşdə ilk baxışda o qədər də diqqət çəkməyən, əslində isə çox böyük mənası olan bir ifadə işlədərək dedi ki, mənimlə birlikdə Bakıya gələn nümayəndə heyətinin tərkibində fərqli partiyalardan dostlarımız var: “Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik”. Yəni Türkiyədə Azərbaycanı dəstəkləyən təkcə iqtidar partiyası deyil.

Qardaş ölkənin parlament sədri xatırlatdı ki, Tovuz hücumlarında da Böyük Millət Məclisində dörd siyasi par­tiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verildi: “Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və du­aları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin”.

“Bir millət, iki dövlət” ifadəsinin tarixi əsasları oldu­ğunu söyləyən cənab Mustafa Şentop 102 il əvvəlki hərbi-siyasi proseslərdə iştirak etmiş türk əsgərlərinin xatirəsinin əbədiləşdirildiyi məkanı yada salmaqla, əslində Azərbaycan rəhbərliyinə minnətdarlıq edirdi: “Axşam Şəhidlər xiyabanın­da idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada -- Azərbaycanın yanın­da olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevin­cimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqla­ma Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi”.

“Dağlıq Qarabağ tarix boyun­ca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır”- deyən türk qardaşımız sanki ölkəmizin düşmənlərinə mesaj göndərirmiş kimi qətiyyətlə vurğu­ladı: “Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir”.

İki qardaş ölkənin dostluq və əməkdaşlıq münasibətləri haqqın­da qələmə aldığımız bu sətirləri Türkiyə Cümhuriyyətinin Prezi­denti Rəcəb Tayyib Ərdoğanın 2018-ci il sentyabrın 15-də Bakıdakı hərbi paradda söylədiyi fikirlərlə tamamlamaq istəyiriyk: “1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlı­ğımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Ta­rixi bilmədən, bir əsr əvvəl Nuru Paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanın­dakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik”.

Bu bir faktdır ki, cənab Ərdoğanın həmin çıxışda adını çəkdiyi Bakı bu gün beynəlxalq aləmdəki ermənipərəst, anti­türk siyasi dairələrin təhdidləri, Gəncə isə həmin dairələrin həyasızlaşdırdığı işğalçı Ermənistanın raket hücumları ilə üz-üzədir. Ən mühüm fakt isə ondan ibarətdir ki, Türkiyə və türk xalqı 102 il əvvəl oldu­ğu kimi yenə də yanımızdadır. Erməniləri hərbi cəhətdən məhv edən Azərbaycan Ordusudursa, mənəvi cəhətdən üzən, öldürən də Türkiyənin qardaş köməyidir, böyük dəstəyidir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

21 Oktyabr 2020 02:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə