Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordumuzun cəbhədəki uğurları Xalq – Prezident birliyinin məntiqi nəticəsidir

Prezident İlham Əliyev xalqımıza növbəti müraciətində Ermənistanın məkrli niyyətləri barədə danışarkən bildirdi ki, azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, insanlarımıza qarşı soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqlarından didərgin salmaq və daha sonra isə “referendum” keçirmək niyyəti güdürdülər. Bu, tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa zidd idi.

Ölkə rəhbəri, eyni zamanda, vurğuladı ki, heç bir bir dövlət qondarma “Dağlıq Qarabağ res­publikasını” tanımayıb: “İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal quru­mu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik”.

Möhtərəm Prezidentimiz müraciətində daha sonra erməni tərəfinin bu gün status-kvonu bərpa etməyə çalışdıqlarını da xatırladıb: “Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu beynəlxalq vasitəçilərə hörmətsizlikdir”.

Prezident İlham Əliyev xalqı­mıza müraciətində status-kvonun Azərbaycan tərəfindən, özü də döyüş meydanında dəyişdirildiyini diqqətə çatdırıb. Həmçinin beynəlxalq münasibətlərdə beynəlxalq hüququn işləmədiyini təəssüflə vurğulayıb. Dövlətimizin başçısı bu fikrini BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin iyirmi il ərzində icra edilməməsi, kağız üzərində qalması ilə əsaslandırıb.

Dövlətimizin başçısı deyib: “Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim tor­paqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yum­ruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Bəli, cənab Prezidentimi­zin qeyd etdiyi ki, xalqımızın birliyinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu zəfər yürü­şünü uğurla davam etdirir. Silahlı Qüvvələrimiz işğalçı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini reallaş­dırmaq məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa əsaslanmaqla əks-hücum və cavab tədbirləri gerçəkləşdirir. Ordumuzun döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirir.

Onu da deyim ki, son 17 ildə olduğu kimi, ordumuzun əks-hücum əməliyyatları apardığı bu günlərdə də xalq-ordu-Prezident birliyi hər addımda özünü büruzə verir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu sentyab­rın 27-dən indiyədək əks-hücum əməliyyatları ilə düşmənin canlı qüvvəsinə və hərbi texni­kasına böyük ziyan vurub, işğal altında olan xeyli sayda yaşayış məntəqələrimizi düşməndən təmizləyib. Bu əks-hücum hazırda dünyanın ən güclü orduları sırasın­da olan, ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğu­larla tam təchiz edilən ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu da artıq aydın göstərib.

Bu gün Azərbaycan Ordusunun cəbhədəki uğurları Xalq–Prezi­dent birliyinin məntiqi nəticəsidir. Azərbaycan vətəndaşların, eləcə də cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanların əhval-ruhiyyəsi də bundan xəbər verir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla bağlı deyib: “Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, –Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Rahib ABBASOV,
Rusiya Təbiətşünaslıq Akademiyasının professoru

21 Oktyabr 2020 02:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə