Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QƏLƏBƏ ARDINCA QƏLƏBƏ

Bu il sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin başladığı genişmiqyaslı təxribatlar getdikcə daha da şiddətləndi. Azğınlaşmış təcavüzkarlar Azərbaycanın digər ərazilərini də işğal edərək “böyük Ermənistan” dövləti yaratmaq iddiasını gerçəkləşdirmək istəyirdilər. Lakin istəkləri ürəklərində qaldı. Azərbaycan Ordusunun güclü əks-hücumları nəticəsində düşmən öz məkrli niyyətini həyata keçirə bilmədi. Üstəlik, 27 il işğal altında saxladığı ərazilərimizi də hissə - hissə geri qaytarmaq məcburiyyətində qalır. Əslində, 4 il əvvəl –2016- cı ilin Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələri öz xoşu ilə işğal etdikləri ərazilərimizi tərk etməli idilər. İndi isə rəşadətli ordumuz düşməni darmadağın edir, işğalçıya layiq olduğu yeri göstərir.

Artıq xalqımız hər gün qələbə sədalı xəbərlər eşitməyə vərdiş edib. Uşaqlı- böyüklü hamımız gündəlik xəbərləri diqqətlə izləyirik. Eşidəndə ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti olacaq, səbirsizliklə həmin vaxtı gözləyirik. Əminik ki, yeni qələbə xəbəri eşidəcəyik. Oktyabrın 20- dək ölkəmizin işğal altında olan 78 yaşayış məntəqəsinin azad olunması xəbərini böyük sevinclə qarşılamışıq. Bu xəbərlərin hər biri hər kəsdə qürur, fəxarət hissi yaradıb.

Oktyabrın 20- də Prezident İlham Əliyev xalqa müraciətində daha bir qələbə sədası ilə bizi sevindirdi. Ali Baş Komandan Füzuli və Cəbrayıl rayonlarının hər birinin ayrılıqda yeddi, ümumilikdə 14, Xocavənd rayonunun beş və Zəngilan rayo­nunun altı kəndinin, o cümlədən Zəngilan şəhərinin düşməndən azad olunduğunu elan etdi. Bununla da işğaldan azad olunmuş yaşayış məntəqlərimizin ümumi sayı 104-ə çatdırıldı. 23 gün ərzində 104 yaşayış məntəqəsi düşməndən azad edildi. Böyük və tarixi qələbədir!

Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazılır. Bu, unu­dulmaz səhifələrin müəllifi möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuzdur. Artıq dünya ictimaiyyəti də bir daha əmin oldu ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu ordu Ali Baş Koman­danın rəhbərliyi ilə düşmən tapdağın­da olan ərazilərimizin hamısını azad edəcək.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Aqiyə NAXÇIVANLI,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

21 Oktyabr 2020 02:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə