Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salam bayraq, salam torpaq, salam əsgər, yaşa komandan, şad olun şəhid ruhları…

Azad olunmuş torpaqlarımızda qaldırılan bayrağın gözəlliyini kim vəsf edə bilər ki?

Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa 20 oktyabr tarixli müraciətindən


Ulu öndərdən eşitdiyimiz ifadədir. Deyirdi ki, bizdə heç kəs ən yaxın adamına “siz” deyə müraciət etmir. Mən də eləyəm. Ona görə sərbəstcəsinə yazıram: “Sən mənim xalqımın qətiyyət zirvəsi oldun, əziz Ali Baş Komandan! Sən mənim yurdumun xilaskarı kimi tarixə düşdün, cənab Prezident! Sən Heydər Əliyev siyasət zirvəsinin nə demək olduğunu bütün dünyaya nümayiş etdirdin, İlham Heydəroğlu! Sən evindən-eşiyindən didərgin düşmüş yüz minlərlə insanın öz yurdunda işıq yandırmasını təmin edən qüdrət sahibi kimi tanındın, böyük insan!”

Sentyabrın ortalarına qədər qələmə aldığımız yazılarda dönə-dönə xatırladırdıq ki, Prezident İlham Əliyevin qaçqın-köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün yaratdığı şəhərciklərin sayı onlarcadır. İndi isə dövlət başçı­mızın məcburi köçkünlərimizin yurda qayıdacağı barədə xəbər verdiyi müraciətlərin sayı ço­xalır. Dövlət başçımızın okt­yabrın 20-də xalqa ünvanladığı müraciətdən dərhal sonra riqqətə gələn xanım həmkarlarımızdan biri – mən bilən, o, işğaldan azad edilmiş rayonlarımızdandır – sosial şəbəkədə yazdı: “Kağızına qurban olum, rəis! Sən hər dəfə kağıza əl atanda. Altından bir neçə kəndimiz və ya bir rayonu­muz çıxır!”

Dövlət başçımızın bu müraciəti sözün həqiqi mənasında Azərbaycan xal­qının sabaha – yəni Şuşanın, Xankəndinin işğaldan azad edilməsinə olan inamını birə min qat artırdı: “Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevin­dirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz tor­pağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqları­mızdan qovacağıq”.

Son iyirmi gündə yüz minlərlə, bəlkə də milyonlar­la insanın “İlham Əliyev, sən bizim tarix kitabımıza düşdün və tariximizi zinətləndirdin” deyə qiymətləndirdiyi dövlət başçı­mız özü də xoşbəxt olduğunu bu müraciətdə etiraf etdi: “ Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğal­çılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin!”

Qocaman həmkarımız Telman Heydərov çoxsaylı dostlarının rayonu olan Zəngilanın işğaldan azad edildiyini eşidəndə dedi ki, İlham Əliyev bu böyük zəfərlərin təməlini Cocuq Mərcanlıya qayı­dışla qoymuşdur. Dövlət başçı­mızın özü isə həmin reallığı belə qiymətləndirdi: “Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edil­miş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”.

Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaq­lara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşa­sınlar və bu torpaqlarda həyat canlanacaqdır”.

Təkcə biz – ölkə vətəndaşları deyil, beynəlxalq aləmdəki bütün tərəfdaşlarımız da yaxşı bilirlər ki, Azərbaycan Ordusunun bugünkü zəfərləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin, ölkənin iqtisadi qüdrətinin ar­tırılması üçün həyata keçirdiyi dövlət proqramlarının, vətəndaş cəmiyyətinin ən yüksək səviyyədə demikratikləşdirilməsi üçün real­laşdırdığı genişmiqyaslı islahatla­rın, şəxsi dostluq münasibətlərinin və digər keyfiyyətlərinin nəticəsidir. Bunu hamı bilir və etiraf edir. Amma cənab Prezident bütün bu uğurların mənbəyinin xalqın ona göstərdiyi inam və etimadın olduğunu söyləyir: “Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qay­tarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Mən bu müraciətdə gör­düyüm başqa bir həqiqəti də mütləq qələmə almaq istərdim. Belə ki, dövlət başçımız səmimi şəkildə etiraf etdi ki, bəzi hallar­da torpaqların azad edilməsinə inanmayanlar da var idi: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olu­nası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. … Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulma­ma Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim ara­mızda paraflanmış sənəddə də sərhədlərimizin toxunul­mazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas”.

Nəticə isə göz qabağındadır. Xalqın arzuladığı həmin məqamı Prezidentin öz dilindən eşitməyin ayrı bir qüruru, iftixarı var idi: “Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yu­xarı Aybasanlı.

Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı No­raşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qara­bağ bizimdir!”

Müraciətin həmin sətirlərini eşidəndə istər –istəməz ürəyimdən bu sözlər keçdi: “Sa­lam bayraq, salam torpaq, salam əsgər, yaşa komandan, şad olun şəhid ruhları…!”

Qarabağ Azərbaycandır! Daha böyük zəfərlər barədə yazacağıq! İnşallah!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

21 Oktyabr 2020 02:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə