Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib

Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua milli xəbər agentliyinin prezidenti təyin edilib.

AZƏRTAC xəbər verir ki, son bir neçə ildə Sinxuada nazir statusunda baş redaktor kimi çalı­şan Hi Pinq bu vəzifədə uzun illər agentlikdə informasiya buraxılışı­na rəhbərlik edib.

Xüsusi qeyd etmək lazımdır ki, Hi Pinq Sinxua ilə AZƏRTAC arasında əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Onun başçı­lıq etdiyi nümayəndə heyəti 2018-ci ilin sentyabrında Azərbaycanda səfərdə olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə agentliklərimiz arasında səmərəli əməkdaşlığın dövlət baş­çıları İlham Əliyevin və Si Cinpi­nin ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı hədəflərinə uyğun olduğu vurğu­lanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Hi Pinqin rəhbərlik etdiyi Sinxua nümayəndə heyətini qəbul etmiş, iki ölkənin milli xəbər agentliklərinin yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmişdi. Hi Pinq Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi böyük önəmi xüsusi vurğulamış, bunun nəticəsində iki ölkənin əməkdaşlıq əlaqələrinin dərinləşdiyini bildirmişdi. Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyən Hi Pinq Sin­xua ilə AZƏRTAC arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdı.

Hi Pinq Bakıda olduğu müddətdə paytaxtımızın tarixi yerlərinə baş çəkmiş, Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu ilə tanış olmuşdu.

Qeyd edək ki, Hi Pinqin Bakıya səfərindən bir neçə ay əvvəl - 2018-ci ilin iyun ayında Pekində AZƏRTAC ilə Sinxua arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişini Sinxua tərəfdən məhz Hi Pinq imzalamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun nəticələrinin icrası istiqamətində Çinin Sinxua agent­liyinin təşəbbüsü ilə yaradılan “Bir kəmər, bir yol” İqtisadi İnfor­masiya Tərəfdaşlığı platformasına AZƏRTAC-ın təsisçi-üzv statu­sunda qoşulmasına da Hi Pinq dəstək verib.

AZƏRTAC ilə Sinxua­nın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informa­siya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik Dünya Xəbər Agentlikləri Konqresində, AZƏRTAC-ın ha­zırda vitse-prezident olduğu Asiya və Sakit Okean Ölkələri İnfor­masiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edirlər. Sinxua AZƏRTAC-ın ölkəmizin inkişafı, Azərbaycanda baş verən yeniliklərlə bağlı ayda 10-15 xəbərini öz saytında yerləşdirir. Həmçinin Sinxua Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. AZƏRTAC-ın Çin dilində informasiyaları isə həm Sinxuada, həm də ölkənin digər nüfuzlu KİV-lərində yayımlanır.

21 Oktyabr 2020 01:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə