Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xudafərin körpüsünün UNESCO-nunDünya İrsi Siyahısına salınması məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

Mədəniyyət Nazirliyi Xudafərin körpüsü ilə bağlı bəyanat yayıb. AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“Oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silah­lı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğal­dan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçrəngli bayrağı ucaldılıb.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Res­publikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün da­yaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaratmışdır. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilmişdir. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilmişdir.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntıla­ra məruz qalmışdır. Bu da bir daha Ermənistan Respublikası tərəfindən "Si­lahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dün­ya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensi­yası və digər beynəlxalq hüquq norma­larının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Əminik ki, qısa zamanda rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və bütün tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun şəkildə bərpa edilib yenidən xal­qımıza qaytarılacaqdır.

Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

21 Oktyabr 2020 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə