Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ – mədəniyyətimizin beşiyi”

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ– mədəniyyətimizin beşiyi” adlı layihə həyata keçirilir. Bu layihələrdən bir neçəsini təqdim edirik.

Xudafərin körpüləri

Cəbrayıl rayonun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən iki tarixi körpü var. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı Xudafərin körpüsü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunmuşdur.

1993-cü ildə Cəbrayıl rayo­nu Ermənistan tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır.

Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsü­nün yerləşdiyi Cəbrayıl şəhəri və rayonun bir neçə kəndini 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib. Eyni za­manda, Xudafərin körpüləri də düşməndən azad edilmişdir.

Qarğabazar karvansarası

1681-ci ildə Füzuli rayonundakı Qarğaba­zar kəndinin mərkəzindəki karvansara tikildiyi kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər.

XVII əsrin yadigarı olan karvansara ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim kar­van yolu üzərində yerləşirdi.

Karvansara Azərbaycan Respublikasının daşınmaz tarixi abidələrindən hesab edilir.

Qarğabazar kəndi Ermənistan Respub­likasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatlar müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayımlanır.

Xurşudbanu Natəvanın evi (Şuşa)

Azərbaycanın görkəmli şairi, el arasın­da “Xan qızı” adı ilə tanınan Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-me­marlıq abidəsidir.

1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi məktəbi bu binada fəaliyyətə başlamışdı. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbi adlandırılıb.

1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşudbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi--rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən qəsb edilib.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi

1982-ci ilin yanvar ayında məşhur Azərbaycan şairi və ictimai-siyasi xadi­mi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olmuş­dur.

Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə--dahi şairin məzarı üzərində inşa edilmişdir. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilmiş, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılmışdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

21 Oktyabr 2020 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə