Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda hazırda ciddi sosial-iqtisadi tənəzzül yaşanır

Bu gün Ermənistanın sosial-iqtisadi sahələrində ağır vəziyyət yaranıb. İşğalçı ölkənin Azərbaycana qarşı apardığı müharibə isə böhranı daha da dərinləşdirib.

Xatırladaq ki, cari ilin birinci rübündə Ermənistan iqtisadiyyatında müəyyən ressesiya mövcud idisə, ikinci rübdə isə bu, artıq 15 faizə qədər azalıb. Düşmən ölkənin xarici dövlət borcu 2 illik dövlət büdcəsi həddinə düşüb. Nəticədə xaricdən tam asılılıq yaranıb. Uşaq doğumu isə 1957-ci il səviyyəsinə enib, ölüm 1,5-2 faiz artıb, demoqrafik böhran dərinləşib. Belə ki, son 10 ildə ölkə əhalisi 100 min nəfərdən çox azalıb.

Milli Məclisin deputatı Vüqar Bay­ramovun verdiyi məlumata əsasən, Azərbaycanın dövlət rezervləri Ermənistanla müqayisədə 20 dəfə çoxdur. Ölkəmizin strateji valyuta ehti­yatları 51 milyard dollardan artıqdır, işğalçı respublikada bu rəqəm 2,6 milyard dollar təşkil edir. Müharibə də Ermənistan üçün yeni xərclər yaradır.

“Fitch” beynəlxalq kredit agent­liyi tərəfindən Ermənistanın kredit reytinqi də aşağı salınıb. Agentlik bunu birbaşa Qarabağ müharibəsinin işğalçı ölkədəki tənəzzülü dərinləşdirəcəyi ilə əlaqələndirib. İlkin qiymətləndirmələrə görə, müharibənin Ermənistan iqtisadiyya­tına təsirləri və vurduğu ziyan son iki həftə ərzində 1,5 milyard dollardan çox olub. Təbii ki, erməni təxribatı davam etdikcə, Ermənistan iqtisa­diyyatına dəyən ziyanın da həcminin artacağı proqnozlaşdırılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədovun sözlərinə görə, Ermənistanda dövlət büdcəsinin kəsiri də çoxdur və artıq 8 faizə yaxınlaşıb. Müharibə hərbi xərclərin artırılması deməkdir və ilin sonuna kimi büdcə kəsirinin bir qədər də artması gözlənilir. Kəsrin böyüməsi əsasən xarici borclan­manın artımına görə baş verir. Bu isə Ermənistan iqtisadiyyatında problemlərin dərinləşməsi deməkdir. Bunun nəticəsində çox güman ki, Ermənistanın qalan aktivləri də xarici mülkiyyətə keçəcək. Nəticədə Ermənistanın iqtisadiyyatının idarə edilməsinin müstəqil şəkildə həyata keçirilməsində ciddi əngəl yaranacaq. Çünki indiyə kimi bu dövlətin aparıcı aktivləri xaricdən idarə olunurdu.

İqtisadçı-ekspertin fikrincə, bütün bunlar Ermənistanın hazırkı hökumətinin avantürist siyasətinin məntiqi nəticəsidir. Təxribatlar, münaqişəinin eskalasiyası bu ölkədə iqtisadiyyatı olduqca dərin tənəzzülə apardı. Paşinyan hökuməti problemləri daha da dərinləşdirdi. Ha­zırda Ermənistanda aparıcı vəzifələrə təyin olunanlar tamamilə sosial-iq­tisadi sahələrdən tamamilə uzaq şəxslərdir. Bu gün onların fəaliyyəti artıq Ermənistanın daxilində çox ciddi şəkildə təftiş və tənqid edilir. Bir sözlə, “Soros” fondunun hakimiyyətə gətirdiyi Paşinyan öz ölkəsini iflasa uğradıb və Ermənistanda hökumət böhranının böyük ehtimalla yaxın vaxtlarda baş verəcəyinə zəmin yaranıb.

Ermənistanda ixracın şaxələndirilməsi səviyyəsi də getdikcə aşağı düşür. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirir ki, Ermənistanda ixracın əmtəə strukturunda əsas paya malik məhsulların tərkibinə mis filizləri və konsentratları, ferro-ərintilər, qızıl, zərgərlik məmulatları və onların hissələri (35,4 faiz), qida, tütün, alko­qollu və alkoqolsuz içkilər (29,4 faiz), qiymətli və qiymətsiz daş, metal və metaldan hazırlanan məhsullar (13,1 faiz) aiddir. Sadalanan bu üç sektorun ümumi ixracda payı 80 faizə yaxındır. Mədən sənayesinin əmək qüvvəsinin əhəmiyyətli hissəsi kişilərdən ibarət olduğundan Ermənistanda elan edilən səfərbərlik mədən sekto­runda istehsalı məhdudlaşdırıb və təbii ki, ixrac gəlirlərini də azaldıb. COVID-19 pandemiyası səbəbindən dünya bazarında mineral xammalın qiymətləri endiyindən Ermənistanın əsas ixrac məhsullarından gəlir azala­caq. Çünki ixrac deflyatoru aşağı dünya bazar qiymətlərinə görə mənfi zonaya keçib. Ermənistanın ixracında əsas maneələrdən biri ixrac bazar­larının uzaqda olması və nəqliyyat-logistika imkanlarının mədudluğudur. Bu il COVID-19 səbəbindən turizm xidmətlərinin ixracı da minimal səviyyəyə enib.

Ermənistan bu ildən başlayaraq Qazaxıstana da avtomobil re-eksportu edə bilməyəcək və bu da ölkənin ixrac gəlirlərini azaldır. Belə ki, Qazaxıstanın Ermənistandan avtomobil idxalına tətbiq etdiyi qeyri-tarif tənzimləmələri nəticəsində həmin məhsullara tələb azalıb və işğalçı ölkə sahibkarlarının gəlirləri aşağı enib. 2019-cu ildə Ermənistan vasitəsilə yenidən ixrac olunan avtomobillər 3 dəfə artaraq 189 minə çatıb. Avtomobillərlə bərabər digər məhsullara tətbiq olunacaq ticarət məhdudiyyətləri Ermənistanın ixracı­na mənfi təsir edəcək.

Yeri gəlmişkən, Ermənistanla müqayisədə ötən 17 il ərzində Azərbaycan iqtisadiyyatı kifayət qədər ciddi inkişaf yolu keçib. Bu illər ərzində iqtisadiyyatımız 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiy­yatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb.

Ölkə başçısının Azərbaycana rəhbərlik etdiyi 17 ildə 2,7 milyon yeni iş yerləri yaradılıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensi­ya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nomi­nal orta əməkhaqqı 700 manatdan çoxdur.

Bütün bu rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər çox ciddi inki­şaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən artım, dövlət gəlirlərinin 20 dəfə yüksəlməsi böyük rəqəmdir. Belə bir artıma digər ölkələrin təcrübəsində çox nadir hal­larda rast gəlinir.

2014-cü ildən sonra postneft dövründə Azərbaycanda dərinləşmiş islahatlar qeyri-neft sektorunun payının artmasına imkan verir. Biz, mütəmadi olaraq son illər mərhələli şəkildə qeyri-neft sektorunun payın­da artımlar müşahidə edirik. Belə ki, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 70 faizə yaxınlaşır, büdcə gəlirlərində qeyri-neft sek­torunun payı 45 faizə çatır. Bu da ondan xəbər verir ki, iqtisadiyyatın dayanıqlılığı, inklüziv iqtisadi artımın formalaşması uzunmüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması ilə bağlı ciddi baza formalaşıb. Eləcə də Azərbaycanın dövlət rezervləri 51 mil­yard dolları ötüb. Bu da o deməkdir ki, Azərbaycanın xarici valyuta ehtiyatları onun ümumi daxili məhsulu qədərdir. Belə bir vəziyyət isə ondan xəbər verir ki, növbəti illərdə də Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə davam edəcək.

V. BAYRAMOV, “Xalq qəzeti”

21 Oktyabr 2020 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə