Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib

Tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” adlı poeması (Azərbaycan və özbək türkcəsində olmaqla) nəfis tərtibatla işıq üzü görüb.

Əsəri özbəkcədən gənc özbək yazarı Rəhmət Babacan, şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri Milli Məclisin deputatları Qənirə Paşayeva və Məşhur Məmmədovdur.

Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda nəşr edilən ikinci kitabının rəyçiləri Milli Məclisin deputatı Cavanşir Feyziyev, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.

Qeyd edək ki, kitabın “Ön söz” və “Təqdim”in müəllifləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar olan kitabdakı “Adı Lalə idi o qızın” əsərində birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son zamanlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumlarının başlandığı 12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.

Onu da əlavə edək ki, kitabın Azərbaycanın və Özbəkistanın bir çox elm-mədəniyyət qurumlarına paylanılaraq geniş oxucu kütlələrinə çatdırılması planlanlaşdırılıb. Bundan əlavə kitabın yaxın günlərdə “virtual təqdimat”ı da nəzərdə tutulub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2020 15:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə