Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu qələbə tarixi yazır

Azərbaycanının bu gün apardığı müharibə möhtərəm dövlət başçımız İlham Əliyevin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan məhz xalqımızdır, Azərbaycandır. 


Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başlayan gündən bir-birinin ardınca parlaq qələbələr əldə edir. Ermənistan və ona havadarlıq edən qüvvələr bunun səbəbini Silahlı Qüvvələrimizin güc-qüdrətində görürlər. Onlar aydın şəkildə başa düşürlər ki, müasir Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın da bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi günün yaxında olduğunu anlayırlar. 


Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması, hər il dövlət büdcəsi hazırlananda hərbi xərclərin payının kifayət qədər çox götürülməsi hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib.


Son 17 ildı ordumuzun müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb.    Hərbi hissələrdə social şəraitin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib. Silahlı Qüvvələrimizin silah-sursat, texnika ilə təchizatı da ən yüksək səviyyədə reallaşdırılıb.    


Bütün bunların nəticəsində hazırda Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Silahlı Qüvvələrimizin qüdrəti hələ Aprel və Tovuz döyüşləri, habelə Günnüt əməliyyatı zamanı özünün bir daha təsdiqini tapıb. Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı  ordumuz həm canlı qüvvəsinin, həm də hərbi texnikasının gücünü sübuta yetirib.    
Hazırda döyüş əməliyyatlarının davam etdiyi günlər ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə bərabər, ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri, silah-sursat anbarları məhv edilib.


Bu gün Böyük Qələbənin reallaşması üçün ciddi zəmin yaranıb, insanlarımızda dövlətimizin başçısına, ordumuza inam və etimad özünün ən yüksək səviyyəsinə yüksəlib. Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, hərbi vəziyyətin və qismən səfərbərliyinelan edilməsindən sonra gənclərimizin yüksək ovqatla döyüş meydanına yollanması, ölkə rəhbərinə ünvanlanan çoxsaylı müraciətlər də Böyük Qayıdışın tezliklə gerçəkləşəcəyini zərurətə çevirib. 


Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Hazırda Azərbaycanın hərbi uğularının əsas səbəblərindən biri son 17 ildə  respublikamızın iqtisadi cəhətdən güclənməsi, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi  və söz sahibinə çevrilməsi ilə bağlıdır. Ötən illər ərzində ölkə başçısı bütün beynəlxalq və daxili tədbirlərdə həmişə torpaqlarımızın işğal altında olması ilə bağlı narahatlığını bildirir və azad olunacağı ilə bağlı ictimaiyyəti məlumatlandırırdı, ən başlıcası isə diplomatik sahədə bu məsələyə mühüm önəm verib. Prezident İlham Əliyev xalqa növbəti müraciətində də bu məqama xüsusi toxunub. Dövlətimizin başçısı deyib: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas...”.


Göründüyü kimi, Azərbaycan ötən illər ərzində uğurlu xarici siyasət aparıb və torpaqlarımızın işğal faktının beynəlxalq təşkilatlar tərəfindən tanıdılmasına nail olub. Beynəlxalq hüquq normaları və BMT TŞ-nın qətnamələri mütəmadi gündəmə gətirilib. Bununla da Ermənistanın işğalçı və terrorist mahiyyəti dünya ictimaiyyətinə çatdırılıb. Nəticədə  Azərbaycanın hüquqlarının Ermənistan tərəfindən beynəlxalq səviyyədə tapdalanması təsdiqlənib.  


Bu gün cənab İlham Əliyev xalqımızın ən sevimli Prezidentinə çevrilib. Dövlətimizin başçısı “Qarabağ Azərbaycandır və nida işarəsi”, “Biz birlikdə güclüyük” şüarlarını səsləndirməklə və bunu sürətlə reallaşdırmaqla Azərbaycan sarsılmaz, mübariz, qalib ölkəyə çevirib. 

 

Arzuman MURADLI, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq

21 Oktyabr 2020 15:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə