• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əczaçılıq kimyası üzrə 40 il sonra yeni dərslik çap edilib

Əczaçılıq kimyası üzrə 40 il sonra yeni dərslik çap edilib

2018--2019-cu tədris ilinin əvvəlində Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrası tərəfindən yeni dərslik çap olunub. Bu haqda ATU-nun əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov məlumat verib.

T.Süleymanovun sözlərinə görə, əczaçlıq kimyası üzrə əsas dərs vəsaiti son dəfə 1979-cu ildə hazırlanıb. Hafiz Əliyevin müəllifi olduğu bu dərslik təxminən 40 il ərzində istifadə edilib:  “Lakin bu kitab kiril əlifbası ilə çap olunmuşdu. Yeni nəsil tələbələr və əcnəbi tələbələrimiz kiril əlifbasını bilmədiyi üçün bu dərslikdən istifadə etməyə əziyyət çəkirdilər”.

Kafedra müdiri bildirib ki, dərsliyin hazırlanmasından 40 il keçdiyinə görə, yeni vəsaitin hazırlanması zamanı bir çox nüanslara diqqət verilib: “Çünki bu illər ərzində bir çox dərman preparatları dəyişdirilib, yeni dərmanlar istifadəyə verilib, müasir avadanlıqlar çıxıb və s. Buna görə də son 4 ildə biz bu kitab üzərində çalışmışıq”.

Artıq əczaçılıq kimyası üzrə dərsliyin 1-ci hissəsi nəşr olunub. Burada  əsasən əczaçılq kimyasının ümumi problemlərinə daha çox üstünlük verilib. Dərslikdə dərman vasitələrinin təsnifatı, alınması qaydaları, yeni dərman maddələrinin yaradılma yolları, yeni dərman maddələrinin istiqamətləri, həmçinin müasir müayinə üsulları, dərman maddələrinin metobolizmi kimi müasir mövzular əks olunub.

Kitabda hər bir dərman maddəsinin ümumi xüsusiyyətləri, alınma üsulları, keyfiyyətinə nəzarət üsulları, tibb təcrübəsində istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib.

Dərslik Azərbaycan dilindədir. Qeyd edək ki, əczaçılıq kimyası üzrə rus dilində də dərsliklər mövcuddur. İngilisdilli tələbələr üçün isə, Azərbaycan dilində olan mühazirə materialları tərcümə edilərək elektron formada sayta yerləşdirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2018 17:39 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin