Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu, beynəlxalq terrorizmdir!”

Azərbaycan  Ordusunun güclü əks-hücumları qarşısında davam gətirə bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan ikinci dəfə ağ bayraq qaldırdı və danışıqlara hazır olduğunu bildirdi. Lakin buna baxmayaraq, verdiyi sözə yenə əməl edə  bilmədi. Birinci dəfə də belə odu. Yerevanda  keçirilən Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında Nikol Paşinyan  çıxışı zamanı dedi ki, Ermənistan Qarabağla bağlı sülh dialoqunun yenilənməsinə hazırdır.  Üstəlik bildirdi ki, biz konfliktin sülh yolu ilə həlli prinsiplərinə sadiqik və sülh prosesinin yenilənməsinə hazırıq. Bu bəyanatın ertəsi gün Moskvada Rusiya, Azərbaycan  və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə humanitar atəşkəs barədə razılqı əldə olundu.  Bu razılaşmanın  mürəkkəbi qurumamış  işğalçı ölkə atəşkəsi pozdu.

Vəziyyətin  getdikcə ağırlaşdığını, işğalçı ordunun darmadağın edildiyini, silah-sursatını atıb qaçdığını, hərbi bazaların, döyüş texnikasının, həm də canlı qüvvənin məhv edildyini görən Nikol Paşinyan yenidən yalvarmağa,  atəşin dayandırılmasına razı olduqlarını bildirdi. Bu dəfə də dünya ictimaiyyəti Paşinyanın riyakarlığının şahidi oldu. Ermənistan ordusu Dağlıq Qarabağdan xeyli kənarda yerləşən Gəncəni ballistik raketlərdən atəşə tutdu. Bu barbarlıq nəticəsində dinc əhali arasında həlak olanlar, yaralananlar oldu. Yaşayış məntəqələri, digər obyektlər yararsız vəziyyətə düşdü. Əvəzində layiqli cavablarını aldılar.

Möhtərəm Prezidentimiz İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində də bu məsələyə münasibət bildirdi. Dövlətimizin başçısı dedi ki, biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu.

Dölətimizin başçısı bildirdi ki, danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkəranə şəkildə pozdu. Ölkə başçısnın qeyd etdiyi kimi, işğalçı ölkə  vasitəçilərə , Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.

Xatırladım ki, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyi birinci dəfə deyil. Otuz ildir ki, işğalçı ölkə beynəlxalq hüququ kobud şəkildə pozur və bununla əlaqədar heç bir cəza almır, sanksiya tətbiq olunmur. Bundan istifadə edən təcavüzkarlar getdikcə daha da quduzlaşır.

Həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistanın  döyüş meydanında  atəşkəs rejimini pozması, Moskvada  əldə edilmiş razılaşmaya saymazlıqdır. Bu dəfə də gecəvaxtı Gəncə raket atəşinə tutuldu. Ölən və yaralananlar oldu, yaşayış məntəqələri və digər obyeltlər yararsız vəziyyətə düşdü. Dövlətimizin başçısı müsahibəsində bunu  çox alçaq cinayət və  beynəlxalq terrorizm adlandırdı: “Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

21 Oktyabr 2020 14:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə