Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordumuzun əldə etdiyi uğurlar Ali Baş Komandamızın rəhbərliyi ilə həyata keçirilən hərbi quruculuq işlərinin məntiqi nəticəsidir

Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanan lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə rəhbərini sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, o, heç vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də güclü ordusunda öz təsdiqini tapır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

E.Nəsirov xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdiyini deyib: “Artıq Cəbrayıl, Füzuli və Zəngilan rayon mərkəzləri də daxil olmaqla, sözügedən bölgələrdə yaşayış məskənlərinin mütləq əksəriyyəti, o cümlədən Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri düşmən tapdağından azad olunub. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsidir”.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olub.

Deputat deyib ki, Siyasi Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycanın ümumi daxili məhsulda hərbi xərcləri 4 faiz olmaqla ilk onluqda yer alıb: “Təsadüfi deyil ki, ötən il Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın analoji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutub. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfıra bərabər hesab olunub. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı (78) nəticə göstərib. göstəriciyə malik olub. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur”.

E.Nəsirov qeyd edib ki, ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyətdir. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirib: “Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilib. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən yüksək motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur”.

Deputat vurğulayıb ki, Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edəcək, o qələbə ki, Şuşamızı, Xankəndimizi və işğal altındakı digər ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytaracaqdır.

Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

21 Oktyabr 2020 13:59 -

Köhnə versiyamızdan xəbərləri izlə